Yusifov Bayram Məmməd oğlu 1963-cü il fevral ayının 26-da Gürcüstan Respublikasında azərbaycanlıların kompakt yaşadığı Borçalı bölgəsinin Marneuli rayonunun Təzəkənd kəndində anadan olmuşdur. 1979-cu ildə orta məktəbi əla qiymətlərlə başa vurduqdan sonra Azərbaycan Politexnik İnstitutuna (indiki Azərbaycan Texniki Universiteti) qəbul olan Bayram Yusifov 1984-cü ildə 21 yaşında həmin institutun mexanika fakültəsini mühəndis-mexanik ixtisası üzrə bitirərək, “Azərelektroterm” İstehsalat Birliyində (1984-1987) gənc mühəndis-texnoloq, mühəndis-konstruktor kimi əmək fəaliyyətinə başlamışdır. 1987-1991-ci illərdə “Azərneftkimyazavodtəmir” trestində mühəndis-mexanik, sonra Azərbaycan Respublikası Dövlət Təchizat Komitəsində (1991-1995) kommersiya şöbəsinin rəis müavini, daha sonra isə həmin komitədə kommersiya şöbəsinin rəisi vəzifələrində çalışmışdır. 1998-2002-ci illərdə Bakı Dövlət Universitetinin hüquq fakültəsində ikinci ali təhsil alaraq, hüquqşünas ixtisasına yiyələnmişdir. Yüksək işgüzarlıq və idarəçilik qabiliyyətinə malik Bayram Yusifov 1994-cü ildə “Gəncəli” İstehsalat Kommersiya şirkətini təsis etmiş və bu günə qədər də həmin şirkətə rəhbərlik edir.
Uzun illərdən bəri Azərbaycan Ağsaqqallar Şurası (AAŞ) ilə yaxından əməkdaşlıq edən, təşkilatın üzvləri ilə birgə fəaliyyət göstərən Bayram Yusifov bu yolda əlindən gələn mənəvi və maddi dəstəyi əsirgəməmişdir. Onun bu əzmkar fəaliyyəti respublika ağsaqqallarının daim diqqət mərkəzində olmuş və bunun məntiqi nəticəsi olaraq Bayram Yusifov 2009, 2013 və 2018-ci illərdə keçirilən Azərbaycan Ağsaqqallar Şurasının V, VI, VII və VIII qurultaylarında AAŞ-ın sədr müavini seçilmişdir. Bu son dərəcə məsuliyyətli və xalqımız üçün mühüm əhəmiyyət kəsb edən sahədə səmərəli ictimai fəaliyyəti, işgüzarlığı və prinsipiallığı ilə hər kəsin etimadını doğrultmuşdur. Bu gün də Bayram Yusifov Azərbaycan Respublikası Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyevin rəhbərliyi altında bu təşkilatın xalqımızın milli mənafeyinə xidmət edən fəaliyyətinin daha da intensivləşdirilməsində və ictimai-siyasi proseslərdə yaxından iştirak edərək ölkəmizin dinamik inkişafına öz töhfəsini verir. Gənc nəslin tərbiyəsində, onların vətənpərvərlik ruhunda yetişməsində ölkə ağsaqqalları ilə birgə fəaliyyət göstərən Respublika Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin başçılığı altında aparılan demokratik quruculuq işlərində fəal iştirak edir, yüksək intellekti, işgüzarlığı və həyat təcrübəsi ilə gənclərə nümunə göstərir. Xalqımızın, dövlətimizin inkişafını, tərəqqisini öz fəaliyyəti üçün daim rəhbər tutan Bayram Yusifov həmişə milli və dövlət maraqlarını üstün tutaraq xalqa və ölkə başçısına sadiqlik nümayiş etdirir, Azərbaycanın inkişafı, iqtisadi yüksəlişi üçün əlindən gələni əsirgəmir, respublikamızın ictimai-siyasi həyatında fəal iştirak edir.
Bayram Yusifov bacarıqlı, hədəflərini yüksək tutan bir iş adamıdır. “Gəncəli” İstehsalat Kommersiya Şirkətinin təsis edilməsi, Bakı şəhərinin mərkəzində yerləşən, müasir standartlara cavab verən “Gəncəli Plaza” mehmanxanasının yüksək səviyyədə inşa edilərək istifadəyə verilməsi, habelə şirkətdə sağlam işgüzarlıq mühitinin yaradılması Bayram Yusifovun biznes sahəsində yüksək peşəkarlığa və təşkilatçılıq qabiliyyətinə malik olmasına əyani sübutdur. Təsisçisi olduğu şirkətin strategiyası mövcud tərəfdaşlarla daimi və qarşılıqlı faydalı kommersiya əlaqələrinin qorunması, eləcə də, gələcək inkişaf üçün yeni perspektivli əlaqələrin axtarışıdır. Belə ki, həm də topdan satış mərkəzi kimi fəaliyyət göstərən “Gəncəli” İstehsalat Kommersiya Şirkəti, əsasən, MDB ölkələrindən meşə məhsullarının və metal məmulatların idxalı ilə məşğul olur. Bununla da şirkət əlverişli biznes şəraitinin və sosial-iqtisadi inkişafın mövcud olduğu Azərbaycanda ölkə iqtisadiyyatına öz müsbət töhfəsini verməkdədir.
Bayram Yusifovu Azərbaycan cəmiyyətində tanıdan başqa özəllikləri, keyfiyyətləri də var. O, ədəbiyyatımızın, poeziyamızın, milli musiqimizin, bütövlükdə incəsənət və mədəniyyətimizin gözəl bilicisi və vurğunudur. İdarəçilik və təşkilatçılıq qabiliyyətinə malik dəyərli ictimai xadim, işgüzar rəhbər olmaqla yanaşı, həm də yüksək intellektə, mənəvi-əxlaqi kamilliyə sahib incə ruhlu yaradıcı insandır. Onun şeirlərinin mövzu dairəsi rəngarəng və genişdir: Vətən, torpaq sevgisi, ana məhəbbəti, böyüyə hörmət, alın yazısı, ləyaqət və dəyanət və s. Bayram Yusifovun bəzi şeirlərinə mahnılar da bəstələnmişdir ki, onlardan biri də tanınmış müğənni Abbas Bağırovun ifa etdiyi “Zəfər Marşı”dır. Bu bəstənin sözləri Bayram Yusifovun müzəffər Ali Baş Komandanımız, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə həsr olunan “Ali Baş Komandanım” adli şeirindən götürülmüşdür.
Ailəlidir, dörd övladı var.