Xəbərlər

“Fransa Cənubi Qafqazda Azərbaycan və Türkiyənin mövqelərinin getdikcə möhkəmlənməsindən ciddi şəkildə narahat olur”

Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin Hesablayıcı Komissiyasının sədri, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının sədr müavini, iqtisad elmləri doktoru, professor Eldar Quliyevin Avropada cərəyan edən hadisələrin fonunda Azərbaycan-Fransa münasibətlərinin inkişaf perspektivləri, Azərbaycanın ata biləcəyi cavab addımları və mövzu ətrafında ölkə ictimaiyyətini maraqlandıran digər məsələlər barədə AİA.az saytına müsahibəsinin davamı

 

         – Eldar müəllim, maraqlıdır ki, Fransanın qərəzli mövqeyi digər Avropa ölkələrinin mütləq əksəriyyətinin Azərbaycana münasibəti ilə qətiyyən uyğun gəlmir. Bunun tam əksinə olaraq bu gün biz ölkəmizin Avropa İttifaqı ölkələri ilə qarşılıqlı əlaqələrinin dinamik inkişafını müşahidə edirik. Bu baxımdan Prezident cənab İlham Əliyevin 15 noyabr tarixində Albaniyaya səfərini necə şərh edə bilərsiz?

– Təbii ki, Azərbaycan özünün xarici əlaqələrinin coğrafiyasını genişləndirməlidir və bu, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu xarici siyasətin əsas istiqamətlərindən biridir. O cümlədən Albaniya ilə Azərbaycanın əlaqələri getdikcə daha yüksək dinamika ilə inkişaf edir və dövlət başçımızın noyabrın 15-də Albaniyaya ilk dəfə etdiyi rəsmi səfər böyük əhəmiyyət kəsb edir. Məlum olduğu kimi, keçirdikləri təkbətək görüşdən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Albaniya Respublikasının Prezidenti Bayram Beqay mətbuata bəyanatlarla çıxış ediblər. Öz çıxışında dövlət başçımız da qeyd edib ki, Albaniya həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib və bu dəstək əlbəttə ki, qarşılıqlı olub. Həm işğal dövründə, həm də İkinci Qarabağ müharibəsinin davam etdiyi aylar ərzində Albaniya rəsmilərinin bəyanatlarını, Azərbaycanın ərazi bütövlüyünə göstərilən dəstəyi ölkəmiz və dövlətimiz çox yüksək qiymətləndirir. Nəzərə almaq lazımdır ki, Albaniyanın əhalisinin 60 faizindən çoxu müsəlmanlardır. Bu baxımdan cənab Prezident İlham Əliyevin Albaniya ictimaiyyətini erməni vandalları tərəfindən işğal dövründə Azərbaycan ərazilərində törətdikləri vəhşiliklər, xüsusilə də 67 məsciddən 65-ni yerlə-yeksan etmələri, qalan iki məsciddə isə heyvan saxlamaları və bununla bütün dünya müsəlmanlarının hisslərinə toxunmaları barədə ətraflı məlumatlandırması da xüsusi önəm kəsb edən məqam kimi dəyərləndirilməlidir. Bildiyiniz kimi, bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyi məsələsində çox önəmli rol oynayır və bu rolun əhəmiyyəti getdikcə artır. Həmçinin Azərbaycan ilə Albaniya arasında önəmli əməkdaşlıq istiqamətlərindən biri də məhz qaz sahəsidir. Ölkələrimiz TAP layihəsinin üzvləridir və Cənub Qaz Dəhlizinin icrasında həm Azərbaycan, həm də Albaniya çox önəmli rol oynayıblar. Dövlət başçımızın Albaniyaya səfərinin önəmli nəticələrindən biri də budur ki, Azərbaycan bu ölkədə qaz təsərrüfatının inkişafına da öz töhfəsini verəcəkdir. Belə ki, Albaniyada bu günə qədər qaz şəbəkəsi yaradılmamışdır və Azərbaycan bu sahədə də investor kimi iştirak edə bilər. Lakin dövlət başçımızın da öz çıxışında qeyd etdiyi kimi, ölkələrimiz arasında əməkdaşlıq üçün enerji sektorundan başqa da çox yaxşı imkanlar var və yeni yaradılmış işçi qrupun müzakirələrində bu sahələr də yer alacaqdır.

– Söhbətimizin mövzusu əsasən Azərbaycanın Avropa ölkələri ilə münasibətlərini əhatə edir. Amma bu gün Azərbaycan cəmiyyətində çox müzakirə olunan bir mövzu da qonşu İranın ölkəmizə qarşı ermənipərəst mövqelərdən çıxış etməsi ilə bağlıdır. Bu barədə nə deyə bilərsiz?

– Əlbəttə ki, bütün müsəlman aləmini təhqir etmiş Ermənistanla həmrəylik nümayiş etdirmək bir İslam dövlətinə qətiyyən yaraşmır. Xüsusilə də Ölkə Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu xarici siyasət sayəsində Azərbaycanın müsəlman ölkələri ilə əlaqələrini getdikcə möhkəmləndirməsi, İslam dünyasının birlik və həmrəyliyinə dəyərli töhfələr verməsi fonunda İranın ölkəmizə qarşı sərgilədiyi münasibət qətiyyən İslam həmrəyliyi formatına uyğun deyil. Düşünürəm ki, İranın belə davranış tərzini şərtləndirən amillərdən biri Azərbaycanın İsraillə münasibətlərinin səmimi dostluq və qarşılıqlı faydalı əməkdaşlıq formatında qurulmasıdır. Amma bu mövqe qətiyyən heç bir məntiqə və beynəlxalq münasibətlərin qurulması prinsiplərinə uyğun deyil. Azərbaycan müstəqil xarici siyasət yürüdür və bu siyasətə heç bir kənar qüvvə müdaxilə edə bilməz. Həm də Azərbaycanın xarici siyasəti hər zaman balanslaşdırılmış xarakter daşıyır. Diqqət edin, Milli Məclisin noyabrın 18-də keçirilən iclasının gündəliyinə əlavə edilən “Azərbaycan Respublikasının İsrail Dövlətində Səfirliyinin təsis edilməsi haqqında” qanun layihəsi qəbul edilib. Eyni zamanda da Azərbaycan Fələstində diplomatik nümayəndəlik açır. Bu o deməkdir ki, Azərbaycan dövləti öz xarici əlaqələrini yalnız özünün, öz xalqının milli mənafelərini nəzərə alaraq qurur. Həmçinin bir məqamı da nəzərə almaq lazımdır ki, Azərbaycan bütün dünyada ən çox sülhü təbliğ edən ölkələrdən biridir. Bəlkə də dövlətimizin bu iki ölkə ilə əlaqələri nəhayət ki, İsrail-Fələstin münasibətlərinin də normallaşmasına vəsilə olacaq. Ən azından ölkəmizə qarşı 30 il ərzində işğalçılıq siyasəti aparmış Ermənistanda, həm də bilavasitə Zəngəzur bölgəsində yerləşən Qafanda konsulluq açan İranın Azərbaycanı hər hansı bir ölkə ilə əlaqələri xüsusunda qınamağa heç bir haqqı yoxdur.

– Eldar müəllim, az öncə də qeyd etdiniz ki, bu gün həm Ermənistanı, həm də onun havadarlarını, o cümlədən Fransanı narahat edən məqamlardan biri də Azərbaycanla yanaşı Türkiyənin də Cənubi Qafqazda mövqelərinin getdikcə daha da möhkəmlənməsi ilə bağlıdır. Sizcə bu tendensiyanın intensivləşməsində “Şuşa Bəyannaməsi”nin rolu nə dərəcədə əhəmiyyətlidir?

– Azərbaycan və Türkiyə Prezidentləri tərəfindən 2021-ci il iyunun 15-də imzalanmış “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” müstəsna əhəmiyyət kəsb edən bir tarixi sənəddir. Şuşa Bəyannaməsində iki qardaş ölkə arasındakı bütün strateji əlaqələrin ən yüksək səviyyədə durduğu və artıq bu əlaqələrin yeni tarixi mərhələyə keçid etdiyi təsbit edilir. Qədim Azərbaycan şəhəri olan Şuşada yanaşı dalğalanan Azərbaycan və Türkiyə bayraqları ölkələrimizin xalqlarımızn birliyinin ən bariz nümayişi idi. Şuşa Bəyannaməsi müstəqillik, suverenlik, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı, dövlətlərin daxili işlərinə qarışmamaq prinsiplərini rəhbər tutan, milli maraq və mənafelərini müdafiə və təmin etməyə yönəlmiş müstəqil xarici siyasət həyata keçirən iki dost və qardaş ölkə, Azərbaycan və Türkiyə arasnda müttəfiqlik münasibətlərinin qurulmasının siyasi və hüquqi mexanizmlərini müəyyənləşdirir. Bəyannamədə xüsusilə diqqət çəkən məqamlardan biri milli mənafelər baxımından siyasi, hərbi və təhlükəsizlik sahələrində əlaqələndirilmiş və birgə fəaliyyətlərin təşviqinin xüsusi yer almasıdır. Bu, o deməkdir ki, tərəflərdən hər hansı birinin müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə, ölkələrimizin yaranmış vəziyyətdə birgə məsləhətləşmələr aparılması, beynəlxalq hüquq kontekstində bu təhdid və ya təcavüzün aradan qaldırılması istiqamətində birgə fəaliyyət göstərilməsi nəzərdə tutulur. Təbii ki, bu müddəa təkcə iki ölkənin deyil, ümumilikdə bütün Cənubi Qafqaz regioanunun maraqlarına cavab verir. Belə ki, faktiki olaraq Azərbaycanın təhlükəsizliyinin təminatı birbaşa regionda sülhün və sabitliyin təmin olunması deməkdir. Çünki hazırda məhz Azərbaycan Cənubi Qafqazda sülhün əsas təminatçısı kimi çıxış edir.

– Amma Şuşa Bəyannaməsi yalnız Azərbaycan-Türkiyə münsibətlərinin yeni strateji səviyyəyə yüksəlməsini təmin etmədi. Bu tarixi sənəd həm də ümumilikdə Türk dünyasının güclənməsinə xidmət edəcək…

– Bildiyiniz kimi, Şuşa Bəyannaməsində Zəngəzur dəhlizinin açılması ilə bağlı çox açıq ifadələr öz əksini tapmışdır. Bu, heç şübhəsiz İkinci Qarabağ savaşından sonra yaranmış yeni geosiyasi reallıqların təzahürlərindən biridir və Azərbaycan artıq bu reallıqların təhrif olunmasına qətiyyən tol verməyəcək. Ölkə Prezidenti cənab İlham Əliyevin də qeyd etdiyi kimi, bu gün artıq Türkiyə ilə Azərbaycanı dəmiryolu və avtomobil yolu ilə birləşdirəcək Zəngəzur dəhlizinin yaradılması istiqamətində konkret əməli işlər görülür. Müttəfiqlik haqqında imzalanmış birgə Bəyannamədə bu məsələnin əks olunması isə aparılan işlərin hər hansı bir qüvvələr tərəfindən əngəllənməsini artıq tamamilə qeyr-mümkün edir. Heç şübhəsiz Naxçıvan Muxtar Respublikasını Azərbaycanın qərb rayonları ilə, eləcə də Azərbaycanı Türkiyə ilə birləşdirəcək bu nəqliyyat dəhlizinin açılması və həmin dəhlizin davamı kimi Naxçıvan-Qars dəmir yolunun tikintisi iki ölkə arasında nəqliyyat-kommunikasiya əlaqələrinin intensivləşməsinə və bu əsasla da bölgənin ümumi iqtisadiyyatının inkişafına mühüm töhfələr verəcək. Hələ 2009-cu ildə, Türk Dövlətləri Təşkilatının Naxçıvanda keçirilmiş Zirvə görüşündə cənab Prezident İlham Əliyev demişdi ki, vaxtilə Zəngəzuru Azərbaycandan alıb Ermənistana birləşdirmək Türk dünyasının coğrafi parçalanması idi. Bu gün isə qədim Azərbaycan torpağı olan Zəngəzur, indi artıq Türk dünyasının birləşməsi rolunu oynayacaq. Çünki Zəngəzurdan keçən nəqliyyat, kommunikasiya, infrastruktur layihələri bütün Türk dünyasını birləşdirəcək, eyni zamanda, digər ölkələr üçün əlavə imkanlar yaradacaq.

– Siyasət öz yerində, amma təbii ki, iqtisadi məsələlər də ictimaiyyəti heç də az maraqlandırmır. Bu baxımdan düşünürəm ki, Sizin 2023-cü ilin dövlət büdcəsi haqqında fikirləriniz də oxucularımız üçün çox maraqlı olar. Bu barədə nə deyə bilərsiz?

– İlk növbədə deməliyəm ki, 2023-cü ilin dövlət büdcəsi əvvəlki illərdə olduğu kimi, yenə də sosialyönlüdür. Bu məqsədlərə büdcədə 15,2 milyard manat vəsait nəzərdə tutulur ki, bu da ümumi büdcə gəlirlərinin yarısını təşkil edir. Həmçinin layihədə ehtiyac meyarının həddi də 23 faiz artaraq 246 manat nəzərdə tutulur. Bununla da gələn il ölkə üzrə yaşayış minimumu və ehtiyac meyarının hədləri bərabərləşmiş olacaqdır. Gələn il dövlət sifarişilə ali təhsil alanların, həmçinin təqaüd yerlərinin sayının artırılması və əhalinin aztəminatlı təbəqəsinin ali təhsilə əlçatanlığının daha da artırılması və ali təhsilin əhatə dairəsinin genişləndirilməsi məqsədilə daha çox tələbə kreditinin verilməsi, habelə təhsil müəssisələrində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi üzrə artan tələbatın qarşılanması təhsil xərclərinin artımında əsas istiqamətlərdəndir. Yeri gəlmişkən, gələn il büdcədən təhsilə 4,4 milyard manat vəsait ayrılması nəzərdə tutulur ki, bu da cari illə müqayisədə 536 milyon manat və ya 13,8 faiz çoxdur. Həmçinin elmin inkişafına da cari ilə nisbətən 11,5 faiz çox vəsait ayrılacaqdır. Bütün bunlar isə ölkəmizdə təhsilin və elmin əsaslı inkişafına imkan verəcəkdir.

Təbii ki, ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi və milli təhlükəsizliyinin təmin edilməsi dövlət büdcəsinin əsas prioritet xərci olaraq qalmaqdadır. Eyni zamanda işğaldan azad edilmiş ərazilərin bərpası və Böyük qayıdış planının təmin etdirilməsi də 2023-cü ilin dövlət büdcəsinin layihəsində əsas istiqamətlər kimi müəyyən edilib. Bilirsiniz ki, noyabrın 16-da möhtərəm Prezidentimiz cənab İlham Əliyev “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb. Əlbəttə ki, bu Proqramın icrası ilə bağlı xərclər 2023-cü ilin dövlət büdcəsində xüsusi nəzərdə tutulub.

Ümumiyyətlə, 2023-cü ilin büdcə gəlirləri və xərclərində əsaslı artımların nəzərdə tutulması ölkəmizin iqtisadi qüdrətinin daim dinamik inkişaf etdiyini sübut edir. Bunu büdcə gəlirləri və xərclərinin ilk dəfə olaraq 30 milyard manatdan çox nəzərdə tutulması, iqtisadi təsnifatın bütün sahələrinin yüksək artımı da göstərir. Hörmətli Prezidentimiz cənab İlham Əliyevin formalaşdırdığı və daim təkmilləşdirdiyi iqtisadi strategiyanın uğurla həyata keçirilməsi sayəsində gələn ilin dövlət büdcəsinin gəlirlərində Dövlət Neft Fondundan transferlərin payı əvvəlki illərə nisbətən xeyli azalaraq cəmi 36,7 faiz təşkil edəcək. Büdcə daxilolmalarının 60 faizə yaxın hissəsi isə vergi və gömrük xətti ilə təmin olunacaq ki, bu da ölkə iqtisadiyyatının sürətli inkişafını göstərir.

– Eldar müəllim, bildiyiniz kimi, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2023-cü il Azərbaycanda Heydər Əliyev İli elan olunub. Əlbəttə ki, bu barədə fikirlərinizi almadan müsahibəmizi tamamlanmış hesab edə bilməzdim…

– Müasir və müstəqil dövlətimizin qurucusu, xalqın xilaskarı və ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100-cü ilinin tamam olması münasibətilə 2023-ilin ölkəmizdə “Heydər Əliyev İli” elan edilməsi şübhəsiz Azərbaycan xalqının Ulu Öndərə sonsuz məhəbbətinin, bu dahi şəxsiyyətin siyasi irsinə sədaqətinin bariz ifadəsidir. Heydər Əliyev fenomeni 1969-cu ildən Azərbaycanın ictimai-siyasi həyatına fəal dövlət rəhbəri kimi daxil olmuş və sonrakı illər ərzində bütün fəaliyyəti ilə Azərbaycanın sürətli inkişafına güclü təkan vermiş, ölkəmizi öz hüdudlarından kənarda tanıtmış, beynəlxalq miqyasda ölkəmizin nüfuzunu xeyli dərəcədə yüksəltmişdir. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin doğma Azərbaycanımıza, xalqımıza, dövlət müstəqilliyimizin möhkəmlənməsinə, ordu quruculuğuna, ölkəmizdə əhalinin rifah halının yaxşılaşmasına, dünyəvi dövlət quruculuğuna xidmət edən şərəfli ömür yolu, bu dahi şəxsiyyətin ölkəmizin dövlətçilik tarixində göstərdiyi əvəzsiz xidmətləri bu gün mövcud olan müasir, suveren və güclü Azərbaycanın sarsılmaz bünövrəsini təşkil edir. Məhz Ulu Öndərin gərgin əməyi və qətiyyəti sayəsində yeni, müasir Azərbaycan dövləti qurulmuş, ölkəmiz dünya məkanında öz layiqli yerini tutmuşdur. Bu dahi şəxsiyyətin Azərbaycana rəhbərlik etdiyi dövr çoxəsrlik dövlətçilik tariximizin ən şanlı səhifələrindəndir. Heydər Əliyev müstəqil Azərbaycan dövlətçiliyinin siyasi, ideoloji, iqtisadi əsaslarını yaratmış, xalqı müstəqil, güclü dövlətə sahib olmaq arzusuna qovuşdurmuş və çağdaş tariximizdə əbədiyaşarlıq qazanmış dahi şəxsiyyətdir. Bu gün Ulu Öndərin siyasətini Ölkə Prezidenti cənab İlham Əliyevin uğurla davam etdirməsi nəticəsində ölkəmizdə sabitlik möhkəmlənmiş, ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatın bütün sahələrində, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunda, insan hüquqları ilə bağlı aparılan islahatlar Azərbaycanı bir çox göstəricilər üzrə sürətlə inkişaf edən lider ölkəyə çevirmişdir. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə Azərbaycan Vətən müharibəsində tarixi Qələbə əldə edərək öz ərazi bütövlüyünü bərpa etmiş, özünü bütün dünyaya Cənubi Qafqazda yaratdığı yeni geosiyasi reallıqların şəriksiz müəllifi kimi bir daha təqdim etmişdir. Günümüzün reallıqları bir daha bunu deməyə əsas verir ki, Heydər Əliyev siyasi kursu Azərbaycanı parlaq gələcəyinə qovuşduracaq yeganə doğru yoldur.

– Eldar müəllim, hər zaman olduğu kimi, səmimi və ətraflı müsahibənizə görə Sizə təşəkkür edirəm. Sağ olun.

– Siz də sağ olun.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.