Təbriklər, Xəbərlər

FUAD ƏLİYEV – 75

Fevral ayının 1-də Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü, Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə Bölməsinin sədri, Əməkdar elm xadimi, akademik Fuad Əliyevin 75 yaşı tamam olur. Bu münasibətlə Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvləri Fuad müəllimə təbrik ünvanlayıblar. Təbrikdə deyilir:

Hörmətli Fuad müəllim!

Sizi – xalqımızın görkəmli alimini, nüfuzlu ziyalımızı və müdrik ağsaaqqalı 75 İllik Yubileyiniz münasibətilə səmimi-qəlbdən təbrik edir, Sizə uca Allahdan uzun ömür, möhkəm cansağlığı, ailə səadəti, Vətənimizin tərəqqisi naminə gələcək fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayırıq!

Siz malik olduğunuz mənəvi dəyərlərinizlə ömrünüzü elmə, təhsilə və gənc nəslin maarifləndirilməsinə həsr edərək böyük zəhmət və fədakarlıqlar göstərmiş, cəmiyyətimizdə yüksək nüfuz qazanmısınız. Kimya elmi sahəsindəki uğurlarınız, apardığınız fundamental tədqiqatlar Azərbaycan elminin inkişafına əvəzsiz töhfələr vermişdir. Alim kimi əldə etdiyiniz nailiyyətlər, beynəlxalq miqyasda tanınan əsərləriniz və elmi məktəbiniz bu gün də gənc tədqiqatçılar üçün nümunə rolunu oynayır. Sizin rəhbərliyiniz altında Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə Bölməsi ölkəmizin elmi-mədəni həyatında mühüm mövqeyə sahib olmuş, yeni elmi istiqamətlərin inkişafına təkan vermişdir. Çoxillik səmərəli fəaliyyətiniz, elmə və cəmiyyətə verdiyiniz töhfələr, gənclərin elm sahəsində yetişdirilməsində xidmətləriniz xalqımız və dövlətimiz tərəfindən daim yüksək qiymətləndirilmişdir. Səmərəli fəaliyyətinizə və elmin inkişafında xidmətlərinizə görə “Tərəqqi” medalına, “Əməkdar elm xadimi” adına, “Şöhrət” ordeninə və bir çox digər ali təltiflərə layiq görülübsünz.

Bunlarla yanaşı, Siz Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü kimi də böyük hörmət və nüfuz qazanmısınız. Ağsaqqal müdrikliyiniz, xalqımızın milli-mənəvi dəyərlərinin qorunması və təbliği istiqamətindəki yorulmaz fəaliyyətiniz gənc nəsil üçün örnəkdir. Cəmiyyətimizdə ağsaqqalların mövqeyinin möhkəmlənməsi, dövlətçilik ideallarının yaşadılması və nəsillərarası bağlılığın gücləndirilməsi naminə göstərdiyiniz xidmətlər xüsusilə təqdirəlayiqdir.

Hörmətli Fuad müəllim!

Bu xoş fürsətdən istifadə edərək bir daha Sizi əlamətdar Yubileyiniz münasibətilə ürəkdən təbrik edir, Sizə doğma Azərbaycanımızın inkişafı istiqamətində həyata keçirdiyiniz bütün işlərdə tükənməz nailiyyətlər diləyirik! Qoy, elmi və ictimai fəaliyyətiniz bundan sonra da ölkəmizin tərəqqisinə və xalqımızın rifahına xidmət etsin!

 

Dərin hörmət və səmimiyyətlə,

Azərbaycan Ağsaqqallar Şurasının İdarə

Heyətinin üzvləri adından Şuranın sədri,

millət vəkili, professor                                                                              Eldar QULİYEV

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.