Xəbərlər

Füzuli rayonunun ağsaqqalları Horadiz şəhərində keçirilən “Zəfərə doğru” adlı tədbirdə iştirak ediblər

Bildiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə 2023-cü il ölkəmizdə “Heydər Əliyev İli” elan edilib. “Heydər Əliyev İli” ilə bağlı tədbirlər planına uyğun olaraq Füzuli rayonunda Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə uğurlu “Horadiz əməliyyatı”nın 29-cu ildönümünə həsr olunmuş “Zəfərə doğru” adlı hərbi-vətənpərvərlik motivli tədbir keçirilib. Tədbirdə Rayon İcra Hakimiyyətinin və YAP Füzuli rayon təşkilatının rəhbərliyi, Rayon Ağsaqqallar Şurasının üzvləri, rayon hüquq-mühafizə orqanlarının rəhbərləri, hərbçilər, şəhid ailələri, qazilər, rayonda fəaliyyət göstərən idarə, müəssisə, təşkilat rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsi önününə tər çiçəklər düzərək, Ümummilli Liderin əziz xatirəsinə dərin ehtiramlarını ifadə ediblər.

Gülqoyma mərasimindən sonra Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Aliyev, şəhid anası Rəfiqə Novruzova, “Horadiz əməliyyatı”nın iştirakçısı Sevindik İsmayılov, Aprel döyüşləri qazisi Üzeyir Nəcəfov çıxış edərək, Prezident İlham Əliyev tərəfindən 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsinin Ulu Öndərin əziz xatirəsinə olan dərin ehtiramın və xalq məhəbbətinin nəticəsi olduğunu bildiriblər. Onlar Azərbaycan Ordusunun ilk uğuru olan “Horadiz əməliyyatı”ndan söz açaraq, bu əməliyyat nəticəsində qazanılan uğurun, üstünlüyün xalqda orduya və dövlətə inam, güvən yaratdığını, indiki Horadiz şəhəri də daxil olmaqla 22 yaşayış məntəqəsinin düşməndən azad edilməsinin müstəsna əhəmiyyət daşımasını tədbir iştirakçılarının diqqətinə çatdırıblar. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 gün davam edən və böyük Zəfərlə bitən Vətən müharibəsindən bəhs edən natiqlər bu Zəfərin Ulu Öndər Heydər Əliyev siyasətinin təntənəli nəticəsi olduğunu bir daha vurğulayıblar.

Tədbirdə çıxış edən Füzuli Rayon Ağsaqqallar Şurasının sədri Zülfüqar Əliyev bildirib ki, Qarabağ müharibəsi dövründə Azərbaycan xalqı Füzuli cəbhəsində 3 dəfə qələbə sevinci yaşayıb. İlk olaraq, 1994-cü ilin 5 yanvar tarixində Horadiz şəhəri və 22 yaşayış məntəqəsi düşməndən azad edilib. İkinci qələbə sevinci 2016-cı ilin aprel ayında Lələtəpə yüksəkliyinin alınması zamanı yaşanıb. Üçüncü, son və qəti qələbə isə 27 sentyabr 2020-ci ildə başlanan və 8 noyabrda böyük Zəfərlə başa çatan qələbəmiz olub. O, həmçinin, vurğulayıb ki,  1993-cü ildən başlayaraq hərbə meydan olan Füzuli rayonu indi bərpa və quruculuqla bağli koordinasiya mərkəzi rolunu oynayır və füzulilər tam əmindirlər ki, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2023-cü ildə öz doğma yurd-yuvalarına qayıdacaqlar.

Tədbir rayon mədəniyyət evinin hazırladığı musiqi proqramı və məktəblilərin ifasında vətənpərvərlik mövzusunda şeirlərin səsləndirilməsi ilə davam edib.

 

 

 

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.