Xəbərlər

Gəncə ağsaqqalları Ahıllar Günündə şəhər 4 saylı Uşaq evini ziyarət ediblər

1 oktyabr – Beynəlxalq Ahıllar Günündə Gəncə Şəhər Ağsaqqallar Şurasının sədri, Əməkdar müəllim, professor Nurəddin Məmmədov və İdarə Heyətinin üzvləri Gəncə şəhər 4 saylı Uşaq evi sosial xidmət müəssisəsini ziyarət ediblər.

Müəssisənin direktor müavini Nazilə İsmayılova qonaqları salamlayaraq, əlamətdar gün münasibəti ilə bütün Azərbaycan ahıllarını təbrik edib və öz xoş arzularını çatdırıb. Bildirib ki, Azərbaycanda yaşlı nəslə, ağsaqqal və ağbirçəklərə dərin ehtiramın və sonsuz təşəkkürün ifadəsi olaraq, hər il bu gün xüsusi qeyd olunur. Bizim müəssisə də həmişə bu xoş gündə rəngarəng tədbirlər həyata keçirir. Nazilə İsmayılova çıxışının sonunda bir daha bütün ahıl vətəndaşlarımızı, ağsaqqal və ağbirçəkləri təbrik edərək, onlara möhkəm cansağlığı və firavan həyat arzulayıb.

Gəncə Şəhər Ağsaqqallar Şurasının sədri, Əməkdar müəllim, professor Nurəddin Məmmədov öz çıxışında hər zaman təşkilatın ahıl üzvlərinin diqqətdə saxlandığını, onların təcrübəsindən faydalandıqlarını vurğulayıb. Gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində, milli-mənəvi dəyərlərin qorunub saxlanılması və təbliğində ahılların müstəsna rolundan ətraflı söhbət açıb. Bildirib ki, onların müdrikliyi, zəngin həyat təcrübəsi gənc nəslin yetişdirilməsində prioritetdir. Nurəddin Məmmədov çıxışının sonunda Uşaq evinin kollektivinə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Gəncə Şəhər Ağsaqqallar Şurası sədrinin birinci müavini, 1-ci dərəcəli dövlət qulluqçusu Zabit Xəlilov Beynəlxalq Ahıllar Gününün Türk dünyasının fenomeni, əbədiyaşar liderimiz Heydər Əliyev tərəfindən ahıllara, onların sosial müdafiəsinə göstərilən xüsusi diqqət və qayğının bariz nümunəsi kimi Azərbaycanda 1993-cü ildən yüksək səviyyədə qeyd olunduğunu diqqətə çatdırıb. Tarixin süzgəcindən keçmiş zəngin ənənələrimizin gənc nəslə çatdırılmasının vacibliyini vurğulayan natiq Uşaq evinin müəllim və tərbiyəçi heyətinə öz xoş arzularını çatdırıb.

Görüşdə Gəncə Şəhər Ağsaqqallar Şurasının sədr müavini Ramiz Sadıqov və mətbuat katibi Şaiq Ələsgərov da çıxış edərək ahılların cəmiyyətdə rolundan əhatəli söhbət açmış, kollektivə uğurlar diləmişlər.

Tədbirdə Uşaq evinin direktor müavini Nazilə İsmayılovaya, eləcə də bir qrup müəllim və şagirdə Şəhər Ağsaqqallar Şurası tərəfindən Təşəkkürnamələr təqdim olunub. Rəsmi hissədən sonra çay süfrəsi arxasında ağsaqqallar balaca fidanların ifasında maraqlı tamaşa-səhnəciklər, əyləncəli, musiqili rəngarəng çıxışlar izləmişlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.