Gəncə Şəhər Ağsaqqallar Şurası, Şəhər İcra Hakimiyyəti və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Gəncə bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə “Dini radikalizmin, ekstremizmin və dini savadsızlığın aradan qaldırılması bütün şüurlu insanlarımızın, təhsil ocaqlarımızın fəaliyyətinin nəticələri gənclərin kredosuna çevrilməlidir” mövzusunda konfrans keçirilib.
Tədbirdə Gəncə Şəhər Ağsaqqallar Şurasının sədri, professor Nurəddin Məmmədov, Gəncə ŞİH başçısı Aparatının nümayəndəsi Yadigar Bədəlov, DQİDK-nin Gəncə bölgəsi üzrə şöbəsinin müdiri Həsən Məmmədov, Gəncə Dövlət Universitetinin professoru Həsənbala Sadıqov, ağsaqqallar, hüquq-mühafizə orqanlarının əməkdaşları, universitet tələbələri və gənclər iştirak ediblər.
İlk öncə, ölkəmizin ərazi bütövlüyü və müstəqilliyi uğunda canından keçən əziz şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Gəncə Ağsaqqallar Şurasının sədri, professor Nurəddin Məmmədov iştirakçıları salamlayaraq konfransın işinə uğurlar arzulayıb. Gəncə Dövlət Universitetinin professoru Həsənbala Sadıqov “Radikalizm dini savadsızlığın təzahürü kimi” mövzusunda çıxışında dini radikalizmin cəmiyyətə, xüsusilə gənclərə göstərdiyi mənfi təsirdən bəhs edib. Radikalizmlə mübarizədə ən güclü silahın məhz elm və təhsil olduğunu, təhsilli gənclərin isə radikal qrupların təsiri altına düşməsinin mümkün olmadığını vurğulayıb. İslam dinini düzgün şəkildə, olduğu kimi təbliğ etməyin zəruri olduğunu qeyd edən natiq bildirib ki, dini radikalizm dini savadsızlığın, xurafatın və cəhalətin təzahürüdür.
“Dini radikalizm və ekstremizmə qarşı mübarizə hər bir şüurlu vətəndaşın müqəddəs borcudur” mövzusunda çıxış edən Həsən Məmmədov, Yadigar Bədəlov və digər natiqlər insan ləyaqətini alçaldan, insanpərvərlik prinsiplərinə zidd olan yad ideologiyaların yayılması və təbliği, müxtəlif psixoloji üsullardan istifadə edilməklə gənclərin dini cərəyanların təsiri altına salınması halları əleyhinə görülən işlərdən danışıblar. Həmçinin ölkəmizdə dini radikalizmə qarşı fəal və məqsədyönlü maarifləndirmə işlərinin aparıldığı, gənclərin radikal dini cərəyanların təsiri altına düşməsinin qarşısının alınması istiqamətində qabaqlayıcı və profilaktik tədbirlər görüldüyünü diqqətə çatdırıblar.
Sonda DQİDK-nin sifarişi ilə ərsəyə gəlmiş “Şəhadət” sənədli filmi nümayiş olunub.