İyul ayının 30-da Azərbaycan Ağsaqqallar Şurasının Aparat rəhbəri, yüksək peşəkarlığı, nümunəvi idarəçiliyi və səmərəli fəaliyyəti ilə seçilən dəyərli ziyalımız Həsənli Ramin Elxan oğlunun 45 yaşı tamam olur.
Ramin Həsənlinin 45 illik həyat və fəaliyyət yolu özünəməxsus əzm, məsuliyyət, prinsipiallıq və dərin mənəvi keyfiyyətlər fonunda formalaşaraq cəmiyyətimizə, dövlətçiliyimizə və milli-mənəvi dəyərlərimizə ləyaqətlə xidmət edən nüfuzlu bir ictimai xadim obrazını yaratmışdır. Onun işgüzarlığı, yüksək təşkilatçılıq qabiliyyəti, çevik qərarvermə bacarığı və şəffaf idarəetmə prinsipləri kollektivimizi daim ruhlandırır, birgə fəaliyyətə stimul verir və iş mühitində sağlam, konstruktiv ab-havanın qorunub saxlanmasında mühüm rol oynayır.
Dövlətimizə, Vətənimizə və xalqımıza yüksək sədaqəti ilə hər zaman öndə olan Ramin Həsənli Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasətin təbliğ edilməsində, xüsusilə gənclərin dövlətçilik və vətənpərvərlik ruhunda tərbiyəsi işində öz səylərini əsirgəmir, fəaliyyət əzmi ilə daim onlara örnək olur. Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyevin rəhbərliyi ilə Şuranın fəaliyyətinin daha səmərəli və müasir tələblərə uyğun təşkil edilməsində böyük xidmətləri olan Ramin Həsənli mütəmadi olaraq yerli təşkilatların tədbir və görüşlərində yaxından iştirak edir, onların öz işlərini effektiv şəkildə qurmalarına və aktiv fəaliyyət göstərmələrinə hərtərəfli dəstək olur.
Ağsaqqallara və ümumilikdə yaşlı nəslə dərin ehtiramı, onların həyat təcrübəsinə söykənərək gördüyü işlər və yaratdığı imkanlar Ramin müəllimin insani dəyərlərə nə qədər önəm verdiyini bir daha sübut edir. 80 şəhər və rayon təşkilatında 35 mindən çox üzvü olan Azərbaycan Ağsaqqallar Şurasının qarşısında duran mühüm vəzifələrin icrasında hər zaman göstərdiyi prinsipial mövqe və yüksək məsuliyyət hissi isə təşkilatın fəaliyyətinin daha da güclənməsinə xidmət edir.
Ramin Həsənli yalnız işgüzar bir Aparat rəhbəri kimi deyil, eyni zamanda mehriban bir həmkar, qayğıkeş dost və alicənab insan kimi də tanınır. İş prosesində hər kəsə diqqət və hörmətlə yanaşmağı, insanlara verdiyi dəyər və onlara göstərdiyi mənəvi dəstək ilə o, kollektivimizin böyük rəğbətini qazanmışdır. Ramin müəllim vətənpərvərliyi, insanpərvərliyi və əxlaqi dəyərlərə bağlılığı ilə gənc nəslə nümunə olan ziyalılarımızdandır.
Bu əlamətdar gündə yaranan xoş fürsətdən istifadə edərək Azərbaycan Ağsaqqallar Şurasının Aparat rəhbəri Ramin Həsənlini – öz nümunəvi həyat tərzi və yorulmaz fəaliyyəti ilə çoxları üçün örnək olan vətənpərvər ictimai xadimi, hamımızın hörmət və rəğbətini qazanan dəyərli şəxsiyyəti, gözəl ziyalını 45 İllik Yubileyi münasibətilə səmimi-qəlbdən təbrik edir, Ona möhkəm cansağlığı, tükənməz enerji, uğurlar, xoşbəxtlik və doğma Azərbaycanımızın tərəqqisi naminə həyata keçirdiyi bütün işlərdə davamlı nailiyyətlər diləyirik! Arzu edirik ki, hər zaman olduğu kimi, bundan sonra da gəncliyindən ağsaqqal missiyali dəyərli bir insan kimi müdrikliyi, səmimiyyəti və yüksək idarəçilik keyfiyyətləri ilə kollektivimizə və cəmiyyətimizə töhfə verməyə davam etsin!
Yubileyiniz mübarək olsun!
Azərbaycan Ağsaqqallar Şurası
Aparatının kollektivi adından