Azərbaycan Ağsaqqallar Şurasının əməkdaşları – Aparat rəhbəri Ramin Həsənli, böyük məsləhətçi-hüquqşünas Kamal Əliyev, təşkilatın məsul işçiləri Rafiq Rzayev və Elşad Quliyev Fəxri Xiyabanda olublar. Öncə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin məzarı ziyarət edilib, önünə gül dəstələri qoyulub və xatirəsi ehtiramla yad olunub.
Sonra Azərbaycanın görkəmli alimi, əməkdar elm xadimi, tibb elmləri doktoru, professor, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü Zərifə xanım Əliyevanın məzarı ziyarət olunub, önünə gül dəstələri, Azərbaycan Ağsaqqallar Şurası adından əklil qoyulub və əziz xatirəsi ehtiramla anılıb.
Ziyarət zamanı Azərbaycan Ağsaqqallar Şurasının Aparat rəhbəri Ramin Həsənli səmərəli elmi fəaliyyəti ilə respublikamızda tibb sahəsinin inkişafına böyük töhfələr verən akademik Zərifə xanım Əliyevanın gənclərimizə örnək olan fədakar fəaliyyətindən və mənalı ömür yolundan bəhs edib. Vurğulayıb ki, şəfqətli ana, gözəl həyat yoldaşı olan Zərifə xanım Əliyevanın – insanların gözünə nur, qəlbinə sevinc bəxş edən fədakar Azərbaycan həkiminin, görkəmli alimin sadəliyi, xeyirxahlığı, vətənpərvərliyi, oftalmologiyanın inkişafındakı xidmətləri xalqımız tərəfindən heç zaman unudulmayacaq.