Təbriklər, Xəbərlər

HƏSƏN HƏSƏNOV – 85

Oktyabr ayının 20-də Azərbaycan Respublikası Prezidentinin Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasında səlahiyyətli nümayəndəsi, görkəmli dövlət xadimi, diplomat, tarixçi-alim, müdrik ağsaqqal, dəyərli ziyalı Həsən Həsənovun 85 yaşı tamam olur. Bu münasibətlə Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvləri yubilyara təbrik ünvanlayıblar. Təbrikdə deyilir:

Hörmətli Həsən müəllim!

Sizi – Vətənimizin tərəqqisinə həsr etdiyiniz şərəfli ömrünüzün kamillik zirvəsində olan müdrik ağsaqqalı, görkəmli ictimai-siyasi xadimi, alicənab və yüksək mənəviyyata malik ziyalını 85 illik Yubileyiniz münasibətilə səmimi-qəlbdən təbrik edir, Sizə uca Allahdan uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik və əmin-amanlıq arzulayırıq!

Sizin fədakar ömür yolunuz, çoxşaxəli fəaliyyətiniz və dövlətimiz qarşısında göstərdiyiniz xidmətlər yalnız bir fərdin deyil, bütöv bir dövrün tarixi salnaməsidir. Siz vətənpərvər dövlət xadimi, diplomat, tarixçi-alim, ziyalı və müdrik ağsaqqal kimi Azərbaycanın müstəqillik və inkişaf mərhələlərində xüsusi rol oynamış, xalqımızın dərin hörmətini və rəğbətini qazanmış nadir şəxsiyyətlərdənsiniz. Gənc yaşlarınızdan etibarən respublika səviyyəsində məsuliyyətli vəzifələrdə çalışaraq, müstəqilliyimizin bərqərar olduğu mürəkkəb tarixi dönəmlərdə Azərbaycan Respublikasının Baş naziri, Xarici işlər naziri, BMT yanında daimi nümayəndə, Avropa ölkələrində səfir vəzifələrində ölkəmizi ləyaqətlə təmsil etmisiniz. Diplomatiyamızın təşəkkül tapmasında və möhkəmlənməsində əvəzsiz xidmətləriniz olmuşdur.

Siz müdrik dövlət xadimi kimi yalnız vəzifələrdə deyil, həm də ideyalarda, milli-mənəvi dəyərlərə sədaqətdə nümunə olmusunuz. Ulu Öndər Heydər Əliyevin dövlətçilik strategiyasına hər zaman sadiq qalaraq, bu gün də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu daxili və xarici siyasət kursunun fəal dəstəkçilərindəsiniz.

Nüfuzlu diplomat, dövlət xadimi və alim olmaqla yanaşı, Siz cəmiyyətimizdə zəngin həyat yolu və fəaliyyəti, örnək davranışları, dəyərli məsləhətləri ilə sayılıb-seçilən müdrik ağsaqqalsınız. Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi kimi fəaliyyətiniz, Türk dünyası çərçivəsində Azərbaycanı uğurla təmsil etməyiniz də ağsaqqal missiyanızın yüksək təzahürüdür.

Dövlətimiz tərəfindən dəyərli xidmətlərinizə, ölkəmizin ictimai-siyasi həyatında səmərəli fəaliyyətinizə görə “Şöhrət” və 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordenlərinə, digər ali təltiflərə layiq görülməyiniz Azərbaycanın inkişafına və rifahına verdiyiniz töhfənin yüksək səviyyədə dəyərləndirilməsidir.

Hörmətli Həsən müəllim!

Bu xoş gündə Sizi – Azərbaycan cəmiyyətində müdrik ağsaqqal kimi qəbul edilən, fikrinə, məsləhətinə və mövqeyinə hər zaman ehtiyac duyulan nüfuzlu və fədakar ziyalını bir daha əlamətdar Yubileyiniz münasibətilə ürəkdən təbrik edir, Sizə tükənməz enerji və gələcək işlərinizdə davamlı uğurlar diləyirik! Arzu edirik ki, Siz bundan sonra da öz dəyərli fəaliyyətinizlə dövlətimizə, cəmiyyətimizə və gələcək nəsillərə xidmət göstərəsiniz.

 

Dərin hörmət və səmimiyyətlə,

Azərbaycan Ağsaqqallar Şurasının İdarə

Heyətinin üzvləri adından Şuranın sədri,

millət vəkili, professor                                                                           Eldar QULİYEV

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.