Tarixi və fəaliyyət istiqamətləri

Azərbaycan Ağsaqqallar Şurası 1989-cu ildə təsis edilmiş, 1990-cı ildə isə dövlət qeydiyyatından keçərək rəsmi fəaliyyətə başlamışdır. Şuranın ilk sədri Azərbaycan SSR Kommunist Partiyası MK-nın keçmiş birinci katibi, akademik İmam Mustafayev olmuşdur. İmam Mustafayevin vəfatından sonra 1997-ci ildə Azərbaycan Ağsaqqallar Şurasının III növbədənkənar qurultayında Şuranın sədri seçilən akademik Budaq Budaqov təşkilatın 2002-ci və 2009-cu ildə keçirilən IV və V qurultaylarında yenidən sədr seçilərək 2012-ci ilədək Respublika Ağsaqqallar Şurasına rəhbərlik etmişdir. Akademik Budaq Budaqovun vəfatından sonra isə 2013-cü ildə Azərbaycan Ağsaqqallar Şurasının növbədənkənar VI qurultayı keçirilmiş və Azərbaycan Milli Məclisinin deputatı Fəttah Heydərov Şuranın sədri seçilmişdir. Azərbaycan Ağsaqqallar Şurasının 2018-ci ildə keçirilən VII qurultayında Milli Məclisin Hesablayıcı Komissiyasının sədri Fəttah Heydərov yenidən Şuranın sədri seçilmiş və 2020-ci ilə qədər bu vəzifəni həyata keçirmişdir. Fəttah Heydərovun vəfatından sonra 29 sentyabr 2020-ci ildə Azərbaycan Ağsaqqallar Şurasının növbədənkənar VIII qurultayında  Milli Məclisinin deputatı, Azərbaycan Mərkəzi Kooperativlər İttifaqının (“Azərittifaq”) sədri, Azərbaycan Kooperasiya Universitetinin rektoru, professor Eldar Quliyev təşkilatın sədri seçilmişdir.

Ümumi maraqlar əsasında birləşmiş, könüllülük, üzvlərinin hüquq bərabərliyi prinsipləri əsasında yaradılan ictimai birliyin – Azərbaycan Ağsaqqallar  Şurasının fəaliyyəti Azərbaycan Respublikasını əhatə edir. Təşkilat öz fəaliyyətini Azərbaycan Respublikasının Konstitusiyası, müvafiq qanunvericilik və Nizamnamə əsasında qurur. Rayon və şəhər təşkilatları üçün Əsasnamələr mövcuddur. Şuranın əsas məqsədi Azərbaycan xalqının milli-mənəvi dəyərlərini və tarixi ənənələrini, habelə müasir inkişaf meyillərini nəzərə almaqla ölkənin ictimai-siyasi, sosial-iqtisadi və humanitar inkişafına, cəmiyyət həyatının müxtəlif məsələlərinin həllinə ağsaqqalların töhfəsini təmin etməkdən ibarətdir.

Azərbaycan Ağsaqqallar Şurası qarşıya qoyulmuş məqsədlərə çatmaq üçün, əsasən, aşağıdakı vəzifələri həyata keçirir:

müxtəlif fəaliyyət sahələrində uzun müddət uğurla çalışmış, cəmiyyətdə nüfuz qazanmış və ictimai fəal olan insanları təşkilata cəlb etmək;
dövlət orqanları və vətəndaş cəmiyyəti təsisatları ilə əməkdaşlıq etmək;
elm, təhsil və mədəniyyətin aktual problemlərinə və inkişaf perspektivlərinə dair rəy və təkliflər bildirmək;
xalqımızın milli-mənəvi dəyərlərinin qorunmasına, əxlaqi normaların və sağlam həyat tərzinin təbliğinə xidmət edən tədbirlər görmək;
əhali, xüsusilə də gənclər arasında vətənpərvərlik hissinin gücləndirilməsi və vətəndaş məsuliyyətinin artırılması üçün zəruri tədbirlər həyata keçirmək;
kütləvi informasiya vasitələri və elektron informasiya resurslarının imkanlarından səmərəli istifadə edilməsi üçün tövsiyələr vermək;
xarici ölkələrin analoji icitimai təşkilatları ilə əlaqələr qurmaq və təcrübə mübadiləsi aparmaq və s.

Şuranın ali idarəetmə orqanı ildə bir dəfədən az olmayaraq çağırılan Ümumi Yığıncaqdır. Şuranın fəaliyyətinə carı rəhbərliyi icra orqanı olan İdarə Heyəti həyata keçirir. İdarə Heyəti sədrdən, onun müavinlərindən və digər üzvlərdən ibarətdir. İdarə Heyətinin sədri, həmçinin, Şuranın sədri hesab olunur.

Şəhər və rayon Ağsaqqallar Şurası, həmçinin Naxçıvan Muxtar Respublikasının Ağsaqqallar Şurası Azərbaycan Ağsaqqallar Şurasının tərkib hissəsidir. 21 mindən çox üzvü olan Azərbaycan Ağsaqqallar Şurasının 76 rayon və şəhər təşkilatı (işğaldan azad edilmiş rayonlar istisna olmaqla) fəaliyyət göstərir ki, onlardan 8-i Naxçıvan Muxtar Respublikasının payına düşür.

Ümummilli Lider Heydər Əliyev xalqın təkidli tələbi ilə Azərbaycana yenidən rəhbərliyə qayıtdıqdan sonra respublikada bütün sahələrdə olduğu kimi Ağsaqqallar Şurasında da canlanma yaranmış, Azərbaycanın əksər şəhər və rayonlarında Şuranın yerli təşkilatları təsis edilmişdir.

Öz sıralarında elm, mədəniyyət və incəsənət  adamlarını, ictimai-siyasi xadimləri birləşdirən Azərbaycan Ağsaqqallar Şurası cəmiyyətimizin, xüsusilə də yeniyetmə və gənclərin Vətənə məhəbbət, milli-mənəvi dəyərlərimizə və adət-ənənələrimizə hörmət ruhunda tərbiyə edilməsində və maariflənməsində üzərinə düşən öhdəlikləri layiqincə yerinə yetirir. Ölkəmizin ictimai-siyasi həyatında yaxından iştirak edərək öz fəaliyyətini bir çox istiqamətlərdə quran Azərbaycan Ağsaqqallar Şurasında   təmsil olunan  respublika ağsaqqalları  ulu öndər Heydər Əliyevin layiqli davamçısı, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin hər zaman xalqın mənafeyinə xidmət edən daxili və xarici siyasətini dəstəkləyir, gənc nəslin milli adət-ənənələrə, azərbaycançılıq məfkurəsinə bağlılıq ruhunda tərbiyəsi işinə xüsusi diqqət yetirir, dinamik inkişaf edən ölkəmizin gələcəyi naminə öz qüvvə, bilik və bacarıqlarını əsirgəmirlər. Azərbaycan Ağsaqqallar Şurasının təşkilatçılığı ilə respublikamızın, demək olar ki, bütün rayon və şəhərlərində ağsaqqalların, ziyalıların, gənclərin və ictimaiyyətin digər nümayəndələrinin iştirakı ilə toplantılar, dəyirmi masalar keçirilir, müzakirələr aparılır. Bu tədbirlərdə iştirak edən Azərbaycan  Ağsaqqallar Şurasının üzvləri, millət vəkilləri, elm adamları, gənclər təşkilatının təmsilçiləri öz çıxışlarında dövlətimizin uğurlu daxili və xarici siyasətindən söhbət açır, aktual məsələlərə toxunaraq həlli vacib problemləri gündəmə gətirir, səmərəli təkliflər irəli sürürlər. Azərbaycan Ağsaqqallar Şurasının hər bir üzvü cəmiyyətin sağlam ruhda inkişafı, gənclərin yüksək vətənpərvərlik ruhunda böyüməsi üçün üzərlərinə düşən missiyalarını gündəlik həyatları və fəaliyyətləri zamanı böyük səylə davam etdirir, inkişaf etməkdə və hərtərəfli zənginləşməkdə olan dövlətimizi hər zaman  qorumağa, yaşatmağa və Vətənimizin daha da çiçəklənməsinə çalışırlar.