Tarixi və fəaliyyət istiqamətləri

Azərbaycan Ağsaqqallar Şurası 1989-cu ildə təsis edilmiş, 1990-cı ildə isə dövlət qeydiyyatından keçərək rəsmi fəaliyyətə başlamışdır. Şuranın ilk sədri Azərbaycan SSR Kommunist Partiyası MK-nın keçmiş birinci katibi, akademik İmam Mustafayev olmuşdur. İmam Mustafayevin vəfatından sonra 1997-ci ildə Azərbaycan Ağsaqqallar Şurasının III növbədənkənar qurultayında Şuranın sədri seçilən akademik Budaq Budaqov təşkilatın 2002-ci və 2009-cu illərdə keçirilən IV və V qurultaylarında yenidən sədr seçilərək 2012-ci ilədək Respublika Ağsaqqallar Şurasına rəhbərlik etmişdir. Akademik Budaq Budaqovun vəfatından sonra 2013-cü ildə Azərbaycan Ağsaqqallar Şurasının növbədənkənar VI qurultayı keçirilmiş və Azərbaycan Milli Məclisinin deputatı Fəttah Heydərov Şuranın sədri seçilmişdir. Azərbaycan Ağsaqqallar Şurasının 2018-ci ildə keçirilən VII qurultayında Fəttah Heydərov yenidən Şuranın sədri seçilmiş və 2020-ci ilə qədər bu vəzifəni həyata keçirmişdir. Fəttah Heydərovun vəfatından sonra 29 sentyabr 2020-ci ildə Azərbaycan Ağsaqqallar Şurasının növbədənkənar VIII qurultayında  millət vəkili, Milli Məclisin Hesablayıcı Komissiyasının sədri, Azərbaycan Mərkəzi Kooperativlər İttifaqının (“Azərittifaq”) sədri, Azərbaycan Kooperasiya Universitetinin rektoru, professor Eldar Quliyev təşkilatın sədri seçilmişdir. Hazırda bu vəzifəni icra edir.

Ümumi maraqlar əsasında birləşmiş, könüllülük, üzvlərinin hüquq bərabərliyi prinsipləri əsasında yaradılan ictimai birliyin – Azərbaycan Ağsaqqallar  Şurasının fəaliyyəti Azərbaycan Respublikasını əhatə edir. Təşkilat öz fəaliyyətini Azərbaycan Respublikasının Konstitusiyası, müvafiq qanunvericilik və Nizamnamə əsasında qurur. Rayon və şəhər təşkilatları üçün Əsasnamələr mövcuddur. Şuranın əsas məqsədi Azərbaycan xalqının milli-mənəvi dəyərlərini və tarixi ənənələrini, habelə müasir inkişaf meyillərini nəzərə almaqla ölkənin ictimai-siyasi, sosial-iqtisadi və humanitar inkişafına, cəmiyyət həyatının müxtəlif məsələlərinin həllinə ağsaqqalların töhfəsini təmin etməkdən ibarətdir.

Azərbaycan Ağsaqqallar Şurası qarşıya qoyulmuş məqsədlərə çatmaq üçün, əsasən, aşağıdakı vəzifələri həyata keçirir:

  • xalqımızın milli-mənəvi dəyərlərinin qorunmasına, əxlaqi normaların və sağlam həyat tərzinin təbliğinə xidmət edən tədbirlər görmək;
  • müxtəlif fəaliyyət sahələrində uzun müddət uğurla çalışmış, cəmiyyətdə nüfuz qazanmış və ictimai fəal olan insanları təşkilata cəlb etmək;
  • əhali, xüsusilə də gənclər arasında vətənpərvərlik hissinin gücləndirilməsi, onlara milli-mənəvi dəyərlərin aşılanması və vətəndaş məsuliyyətinin artırılması üçün zəruri tədbirlər həyata keçirmək;
  • dövlət orqanları və vətəndaş cəmiyyəti təsisatları ilə əməkdaşlıq etmək;
  • ölkənin ictimai-mədəni və sosial-iqtisadi inkişafına yönəlmiş tədbirlərin həyata keçirilməsinə dəstək vermək;
  • xarici ölkələrin analoji ictimai təşkilatları ilə əlaqələr qurmaq və təcrübə mübadiləsi aparmaq və s.

Şuranın ali idarəetmə orqanı ildə bir dəfədən az olmayaraq çağırılan Ümumi Yığıncaqdır. Şuranın fəaliyyətinə carı rəhbərliyi icra orqanı olan İdarə Heyəti həyata keçirir. İdarə Heyəti sədrdən, onun müavinlərindən və digər üzvlərdən ibarətdir. İdarə Heyətinin sədri, həmçinin, Şuranın sədri hesab olunur.

Ümummilli Lider Heydər Əliyev xalqımızın təkidli tələbi ilə yenidən rəhbərliyə qayıtdıqdan sonra respublikada bütün sahələrdə olduğu kimi Azərbaycan  Ağsaqqallar Şurasında da canlanma yaranmış, ölkəmizin əksər şəhər və rayonlarında Şuranın yerli təşkilatları təsis edilmişdir. Hazırda 35 mindən çox üzvü olan Azərbaycan Ağsaqqallar Şurasının 79 rayon və şəhər təşkilatı fəaliyyət göstərir ki, onlardan 8-i Naxçıvan Muxtar Respublikasının payına düşür. Şəhər və rayon Ağsaqqallar Şuraları, həmçinin Naxçıvan Muxtar Respublikasının Ağsaqqallar Şurası Azərbaycan Ağsaqqallar Şurasının tərkib hissəsidir.

Öz sıralarında elm, mədəniyyət və incəsənət  adamlarını, ictimai-siyasi xadimləri və nüfuzlu ziyalıları birləşdirən Azərbaycan Ağsaqqallar Şurası cəmiyyətimizin, xüsusilə də yeniyetmə və gənclərin Vətənə məhəbbət, milli-mənəvi dəyərlərimizə və adət-ənənələrimizə hörmət ruhunda tərbiyə edilməsində və maariflənməsində üzərinə düşən öhdəlikləri yerinə yetirir. Ölkəmizin ictimai-siyasi həyatında yaxından iştirak edərək  fəaliyyətini bir çox istiqamətlərdə quran Azərbaycan Ağsaqqallar Şurasında   təmsil olunan  respublika ağsaqqalları  Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin hər zaman xalqın mənafeyinə xidmət edən daxili və xarici siyasətini dəstəkləyir, gənc nəslin milli adət-ənənələrə, azərbaycançılıq məfkurəsinə bağlılıq ruhunda tərbiyəsi işinə xüsusi diqqət yetirir, dinamik inkişaf edən ölkəmizin gələcəyi naminə öz qüvvə, bilik və bacarıqlarını əsirgəmirlər. Azərbaycan Ağsaqqallar Şurasının təşkilatçılığı ilə respublikamızın, demək olar ki, bütün rayon və şəhərlərində ağsaqqalların, ziyalıların, gənclərin və ictimaiyyətin digər nümayəndələrinin iştirakı ilə konfranslar, toplantılar, dəyirmi masalar keçirilir, müzakirələr aparılır. Bu tədbirlərdə iştirak edən Azərbaycan  Ağsaqqallar Şurasının üzvləri, millət vəkilləri, elm adamları, gənclər təşkilatının təmsilçiləri öz çıxışlarında dövlətimizin uğurlu daxili və xarici siyasətindən söhbət açır, aktual məsələlərə toxunaraq həlli vacib problemləri gündəmə gətirir, səmərəli təkliflər irəli sürürlər. Azərbaycan Ağsaqqallar Şurasının hər bir üzvü cəmiyyətin sağlam ruhda inkişafı, gənclərin yüksək vətənpərvərlik ruhunda böyüməsi üçün üzərlərinə düşən missiyalarını gündəlik həyatları və fəaliyyətləri zamanı böyük səylə davam etdirir, inkişaf etməkdə və hərtərəfli zənginləşməkdə olan dövlətimizi hər zaman  qorumağa, yaşatmağa və Vətənimizin daha da çiçəklənməsinə çalışırlar.