Bu fikri Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifov Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında “Heydər Əliyev İli”nə həsr edilmiş “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin qurucusudur” mövzusunda keçirilən konfransda səsləndirib.
Yanvarın 26-da baş tutan konfransda veteranlar, ağsaqqallar, ölkənin tanınmış ziyalıları, ictimai-siyasi xadimlər və gənclər iştirak ediblər.
Konfransda əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, sonra isə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Respublika Veteranlar Təşkilatının sədri, Müharibə və əmək veteranı, Prezident təqaüdçüsü Fatma Səttarova konfransda çıxış edərək Ümummilli Liderin zəngin ömür yoluna nəzər salıb. O bildirib ki, müstəsna xidmətləri ilə əbədilik qazanan Ulu Öndər Heydər Əliyevin mənalı həyat yolu, zəngin və çoxşaxəli irsi tükənməz ibrət məktəbidir. Ötən illərdə Azərbaycan xalqının müdrik liderinin rəhbərliyi ilə qazanmış olduğumuz mühüm tarixi nailiyyətlərin bir daha şahidi olduq.
Sonra çıxış edən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov Ulu Öndər Heydər Əliyevin siyasi fəaliyyəti haqqında ətraflı danışıb. Diqqətə çatdırıb ki, Ümummilli Liderin anadan olmasının 100 illik yubileyi ölkəmizdə və onun hüdudlarından kənarda hər bir azərbaycanlının yüksək ehtiramı və dərin minnətdarlıq hissi ilə geniş qeyd olunur. Vurğulanıb ki, Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Heydər Əliyevin həyat amalının təntənəsidir. Cəlil Xəlilov, həmçinin, nizami ordunun yaradılmasında Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında müstəsna xidmətlərindən bəhs edib.
Ümummilli Liderimiz haqqında fikir söyləməyin həm məsuliyyətli, həm də şərəfli bir iş olduğunu vurğulayan Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifov öz çıxışında qeyd edib ki, bu gün biz bura Heydər Əliyev dühasının işığına, nuruna yığışmışıq və xoşbəxt xalqıq ki, bizim Ulu Öndər kimi müdrik rəhbərimiz olub və mən əminəm ki, Tanrı onu bizə bir xilaskar olaraq göndərmişdi. İlk hakimiyyəti dövründə Azərbaycanı tənəzzüldən, iqtisadi bataqlıqdan çəkib çıxararaq ölkəmizi 15 sovet respublikası arasında qabaqcıllar sırasına yüksəldən Ulu Öndər Heydər Əliyev xalqımızın təkidli xahişi ilə ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra Vətənimizi məhv olmaq təhlükəsindən xilas edərək, yeni və müasir Azərbaycanın memarı oldu. Bayram Yusifov Ümummilli Liderin böyük uzaqgörənliklə söylədiyi “XXI əsr türk əsri olacaq”, “Azərbaycan dünyaya günəş kimi doğacaq” fikirlərini tədbir iştirakçılarına xatırladaraq qeyd edib ki, Ulu Öndərin layiqli davamçısı, müzəffər Ali Baş Komandanımız, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sayəsində ölkəmiz dünyada sayılıb sayılıb-seçilən və qalib bir dövlətə çevrilib. 44 günlük Vətən müharibəsindən, şanlı Qələbədən, Şuşanın fəthindən, əsgər və zabitlərimizin igidliklərindən danışan natiq vuurğulayıb ki, bu gün biz hər yerdə qürurla və uca səslə deyə bilirik: “Biz fəxr edirik ki, biz Azərbaycanlıyıq!” Və şübhəsiz ki, bütün bu nailiyətlərin, qələbələrin, tərəqqinin əsasında Ulu Öndər Heydər Əliyevin bizə miras qoyduğu yenilməz vətənpərvərlik, Azərbaycançılıq ruhu və o ruhun daşıyıcısı müzəffər Ali Baş Komandanımız, möhtərəm Prezidentimiz cənab İlham Əlievin güclü Azərbaycan naminə misilsiz xidmətləri dayanır. İllər keçəcək, əsrlər ötəcək, Ulu Öndər Heydər Əliyev daim bir mayak kimi Azərbaycan xalqına və digər xalqlara işıqlı gələcəyə aparan doğru yolu göstərəcəkdir! – deyə Respublika Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifov çıxışını yekunlaşdırıb.
Konfransda çıxış edən Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasının prorektoru Əlikram Abdullayev, əmək və Birinci Qarabağ müharibəsi veteranı İmran Əbilov, istefada olan general-mayor Vladimir Timoşenko, Respublika Veteranlar Təşkilatının şöbə müdiri, general-mayor Rasim Əliyev və başqaları Ulu Öndərin şanlı ömür yolundan iftixar hissi ilə bəhs edib, respublikamızın bu gün də Heydər Əliyev siyasi kursu əsasında inkişaf etdiyini diqqətə çatdırıblar.
Konfransın sonunda xatirə şəkli çəkdirilib.