Bu gün Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin növbədənkənar iclası keçilib.
İclasda informasiya resurslarında yayılmış, İmişli Rayon Ağsaqqallar Şurasının sədri Saleh Səmədovun 2025-ci il mayın 9-da İmişlinin Sarıxanlı kəndində faşizm üzərində Qələbə günü münasibətilə təşkil olunan tədbirdə SSRİ bayrağı altında, sinəsində rus imperiyasının rəmzi olan “Georgi lenti” ilə çıxış etməsi ilə əlaqədar məsələyə baxılıb.
İclasda çıxış edən Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyev ölkəmizdə veteranlara diqqət və qayğı siyasətinin əsasını qoyan Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə respublikamıza rəhbərliyə qayıdışından sonra 9 May – Qələbə Gününün dövlət bayramları sırasına daxil edilməsindən və bu bayramın hər il respublikamızın şəhər və rayonlarında qeyd olunmasından bəhs edib. “Lakin, təəsüf ki, bu günlərdə İmişlinin Sarıxanlı kəndində faşizm üzərində Qələbə günü münasibətilə keçirilən tədbirdə Rayon Ağsaqqallar Şurasının sədri Saleh Səmədov ağsaqqala yaraşmayan hərəkət edərək SSRİ bayrağı altında, sinəsində rus imperiyasının rəmzi olan “Georgi lenti” ilə çıxış edib. Biz milli atributlarımıza və dəyərlərimizə hörmətsizlik kimi qəbul edilən bu davranışı ciddi şəkildə pisləyirik və xatırlatmaq istəyirik ki, vaxtilə Ümummilli Liderimiz Heydər Əliyev hələ 1990-cı ildə, başqa ölkələrdə SSRİ bayrağı dalğalanan zaman Azərbaycanda, daha dəqiq desək Naxçıvanda üçrəngli milli bayrağımızı ucaltmışdır. Öz Nizamnaməsinə uyğun olaraq səmərəli fəaliyyəti ilə xalqımızın, dövlətimizin, Vətənimizin inkişafını, müstəqilliyini və suverenliyini daim dəstəkləyən Azərbaycan Ağsaqqallar Şurasının hər zaman milli dəyərlərimizə bağlı olan vətənpərvər üzvlərinə yaraşmayan bu hərəkəti qətiyyətlə pisləyir və bununla əlaqədar qəti ölçü götürməyi təklif edirəm,” – deyə Eldar Quliyev İdarə Heyətinin üzvlərinə müraciət edib.
Sonra İdarə Heyətinin üzvləri tərəfindən məlum davranışla bağlı müzakirələr aparılmış və İdarə Heyəti Şuranın adına ləkə gətirən hərəkətlərə yol verdiyinə, Azərbaycan Ağsaqqallar Şurasının Nizamnamə tələblərini kobud şəkildə pozduğuna görə Saleh Səmədovun İmişli Rayon Ağsaqqallar Şurasının sədri vəzifəsindən azad edilməsi, o cümlədən Azərbaycan Ağsaqqallar Şurasının üzvlüyündən çıxarılması barədə qərar qəbul etmişdir. Azərbaycan Ağsaqqallar Şurasının aparatına tapşırılmışdır ki, bu qərarın icrası ilə əlaqədar İmişli Rayon Ağsaqqallar Şurasının İdarə Heyəti tərəfindən təşkilatın sədrliyi seçki konfransı keçirilənə qədər müvəqqəti olaraq başqa bir şəxsə həvalə olunsun.
İdarə Heyətinin iclasında, həmçinin, yerli təşkilatların fəaliyyətinə nəzarətin artırılması barədə ciddi göstərişlər də verilmiş və vurğulanmışdır ki, bu qərar bütün rayon (şəhər) Ağsaqqallar Şuraları üçün nümunəvi intizam tədbiri kimi qiymətləndirilməli və gələcəkdə bu cür halların qarşısının alınması məqsədilə ciddi şəkildə nəzərə alınmalıdır.








