Təbriklər, Xəbərlər

İSA HƏBİBBƏYLİ -76

Oktyabr ayının 16-da Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, görkəmli alim, nüfuzlu ictimai-siyasi xadim, akademik İsa Həbibbəylinin 76 yaşı tamam olur.

İsa Həbibbəylinin Azərbaycan elminin, ədəbiyyatşünaslığının və humanitar təfəkkürünün inkişafındakı misilsiz xidmətlərini təkcə elmi ictimaiyyət deyil, cəmiyyətimizin bütün təbəqələri yüksək qiymətləndirir. O öz zəngin elmi irsi, yüksək intellekti, əvəzsiz təşəbbüsləri və dövlətçilik mövqeyi ilə Azərbaycan ziyalısının ən parlaq simalarından biri olaraq tanınır.

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti kimi həyata keçirdiyi strateji təşəbbüslər, elmi idarəçilikdəki çevik və milli maraqlara əsaslanan yanaşma elmimizin müasir çağırışlara uyğun inkişafına mühüm töhfələr vermişdir. Onun rəhbərliyi ilə AMEA bir çox fundamental layihələrə imza atmış, elmi institutlar arasında əməkdaşlıq dərinləşmiş, gənc alimlərin inkişafına geniş imkanlar yaradılmışdır.

İsa Həbibbəyli Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü kimi milli dəyərlərimizin qorunmasında, gənc nəslin tərbiyəsində və ağsaqqallıq institutunun möhkəmlənməsində daim fəal mövqe sərgiləyir. Onun ağsaqqal nüfuzu, ədalətli sözü, prinsipial və dəyərli fikirləri hər zaman gənclər üçün yolgöstərici olur.

Bu əlamətdar gündə müasir Azərbaycan elminin nüfuzlu siması, xalqımızın görkəmli  ictimai-siyasi xadimi,  dəyərli ağsaqqalı və tanınmış ziyalısı İsa Həbibbəylini şərəfli ömrünün 76-cı ildönümü münasibətilə ürəkdən təbrik edir, uca Allahdan ona uzun ömür, möhkəm cansağlığı, Vətənimizin tərəqqisi naminə çoxşaxəli və məsuliyyətli  fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq!

 

Dərin hörmətlə,

Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin

üzvləri adından Şuranın sədri, millət vəkili, professor                                             Eldar Quliyev  

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.