Xəbərlər

Kəlbəcər Rayon Ağsaqqallar Şurasının təşəbbüsü ilə “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş növbəti tədbir keçirilib

Kəlbəcər Rayon Ağsaqqallar Şurasının təşəbbüsü və Şərqi Zəngəzur Regional Mədəniyyət İdarəsinin Kəlbəcər üzrə nümayəndəliyinin təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik ili”nə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə Kəlbəcər Rayon Ağsaqqallar Şurasının sədri Aqil Məmmədov, Kəlbəcər Rayon İcra Hakimiyətinin məsul əməkdaşı Heydər Bəylərov, YAP Kəlbəcər rayon təşkilatının məsul əməkdaşı Elçin Salahov, Rayon Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü Adil Heydərov, Elçin Abdullayev, eləcə də  mədəniyyət işçiləri və rayon sakinləri iştirak ediblər.
İlk öncə tədbirdə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan Kəlbəcər Rayon Ağsaqqallar Şurasının sədri Aqil Məmmədov Ümumilli Lider Heydər Əliyevin hakimiyyətə gəlişindən söhbət açaraq, dahi şəxsiyyətin bilavasitə rəhbərliyi ilə hazırlanmış və 1995-ci il noyabrın 12-də qəbul olunmuş Azərbaycan Respublikasının Konstitusiyasından ətraflı bəhs edib. Onun dövlətimizin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunması, hüquqi, dünyəvi dövlət quruculuğunun, vətəndaşlarımızın layiqli həyat səviyyəsinin, dünya ölkələri ilə dostluq və əmin-amanlıq şəraitində əməkdaşlığın təmin edilməsi kimi ali niyyətlərin həyata keçirilməsi üçün mühüm qanunvericilik bazası rolunu oynadığını vurğulayıb.
Aqil Məmmədov qeyd edib ki, 2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan edilməsi dövlətimizin ali qanununun qəbul edilməsinin 30-cu və Vətən müharibəsində Qələbəmizin 5-ci ildönümü ilə əlaqədar ölkəmizin tarixi nailiyyətlərini, Konstitusiyamızın aliliyini və tam suverenliyimizin bərpasını vurğulayan əlamətdar hadisədir. Bu gün Azərbaycan Konstitusiyasının müddəaları ölkəmizin bütün ərazisində tam sərbəstliklə həyata keçirilir. Bu,  müstəqil Azərbaycan dövlətinin gücünü və inkişafını bir daha nümayiş etdirməklə yanaşı, xalqımızın birliyinin, həmrəyliyinin ifadəsidir.
Çıxış edən digər natiqlər də qeyd ediblər ki,  Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edilməsi və suverenliyimizin tam təmin olunması nəticəsində Konstitusiyamızda ehtiva edilən Azərbaycan dövlətinin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq niyyəti də tam reallaşmışdır.
Sonda rayon sakinlərinin istək və təklifləri dinlənilib, həmin məsələlərin adiyyatı qurumlar qarşısında qaldırılacağı bildirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.