Noyabr ayının 5-də Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü, Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri, professor Kamran İmanovun 77 yaşı tamam olur.
Kamran İmanov tanınmış alim, vətənpərvər ictimai-siyasi xadim, dəyərli ziyalı olaraq öz səmərəli fəaliyyəti ilə daim xalqımıza böyük xidmətlər göstərib, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurlu və qətiyyətli siyasətini hər zaman dəstəkləyərək ölkəmizdə elmi, ictimai və sosial-iqtisadi həyatın inkişafına layiqli töhfələr verib. Hal-hazırda Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri olaraq öz əhəmiyyətli fəaliyyətini yüksək əzmkarlıqla davam etdirir. Əqli mülkiyyət, müəllif hüquqlarına aid mövzularla bağlı 110-dan artıq elmi əsərin, erməni plagiatını ifşa edən 40-dan çox kitab və məqalənin müəllifi olan Kamran İmanovun elmi rəhbərliyi altında bir çox aspirantlar və magistrlər yetişib. Onun fədakar əməyi dövlətimiz tərəfindən yüksək təltiflərə – 1-ci və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenlərinə, “Şöhrət” ordeninə, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubiley medalına və bir sıra digər ali mükafatlara layiq görülüb. Bununla yanaşı, Kamran İmanov Türk Dünyası Araşdırmaları Uluslararası Elmlər Akademiyasının Akademik-üzvü seçilərək həmin qurumun “Uluslarararası Altın Ulduz” və Uluslararası Türk Kültürü Təşkilatının “Türksoy” medalları, habelə “Atatürk Uluslararası ödülü” ilə təltif edilib. Avropa Təbiət Elmləri Akademiyasının elmi tədqiqatlarda xüsusi xidmətlərinə görə “Taclı Ulduz” ordeninə layiq görülüb.
Kamran İmanov Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü olaraq müdrik bir ağsaqqal, dəyərli bir ziyalı kimi dövlətçiliyimizin inkişafına, cəmiyyətimizin, xüsusilə gənc nəslin vətənpərvərlik və milli adət-ənənələrə, azərbaycançılıq məfkurəsinə bağlılıq ruhunda tərbiyəsi işinə də dəyərli töhfələr verir. Əminik ki, o, bundan sonra da Vətənimizin tərəqqisi naminə var qüvvəsi ilə çalışacaq, qarşıya qoyulan ali məqsədlərə çatmaq üçün əlindən gələni əsirgəməyəcəkdir.
Şərəf və vicdanla yaşadığı ömrünün müdriklik zirvəsində olan Kamran İmanovu ad günü münasibətilə ürəkdən təbrik edir, Ona uzun ömür, möhkəm cansağlığı, Azərbaycanımızın inkişafı naminə gördüyü bütün işlərdə, ictimai-siyasi və elmi fəaliyyətində uğurlar arzulayırıq!
Hörmətlə,
Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin
üzvləri adından Şuranın sədri, millət vəkili, professor Eldar QULİYEV