Xəbərlər

Lerik rayonunda şəhidin xatirəsi yad edilib

Lerik rayonunda Vətən müharibəsində qəhrəmancasına şəhid olan mayor Ağayev  Ramil  Mərdan oğlunun 38-ci doğum günü qeyd edilib.

Tədbirdə Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov, Lerik Rayon Ağsaqqalar Şurasının sədri Elxan Qənbərov, YAP Lerik Rayon Təşkilatının sədri Malik Mirzəyev, ağsaqqallar, idarə və müəssisə rəhbərləri, şəhid valideynləri, qazilər, şəhidin ailə üzvləri, dostları, döyüşçü və hərbçi yoldaşları iştirak ediblər.

Şəhidin doğum günü münasibətilə ehsan süfrəsi açılıb, məzarı ziyarət olunub, əziz xatirəsi ehtiramla yad edilib.

Tədbirdə çıxış edən Lerik Rayon Ağsaqqalar Şurasının sədri Elxan Qənbərov şəhid mayor Ağayev Ramil Mərdan oğluna və bütün şəhidlərimizə uca Allahdan rəhmət diləyib, onların xalqımız tərəfindən heç zaman unudulmayacaqlarını vurğulayıb. O qeyd edib ki, şəhid ailələrinin və qazilərin problemlərinin həlli daim dövlətin diqqət mərkəzindədir və Lerik rayonunda da Ağsaqqallar Şurasının üzvləri  hər zaman onlara dəstək olurlar.

Daha sonra vətənpərvərlik mövzusunda musiqi nömrələri təqdim olunub.

Xatırladaq ki, Ağayev Ramil Mərdan oğlu 1984-cü il dekabrın 20-də Lerik şəhərində anadan olub. Azərbaycan Ordusunun mayoru kimi 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsində Cəbrayılın və Füzulinin azadlığı uğrunda döyüşüb. Oktyabrın 8-də Füzuli döyüşləri zamanı qəhramancasına şəhidlik zirvəsinə ucalıb.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamları ilə Ramil Ağayev ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “İgidliyə görə”, “Döyüşdə fərqlənməyə görə” medalları və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.