Lerikdə ağsaqqalların iştirakı ilə “Heydər Əliyev İli” çərçivəsində 15 İyun – Azərbaycan Xalqının Milli Qurtuluş Günü münasibətilə “Milli dövlətçiliyimizin xilaskarı” mövzusunda tədbir keçirilib.
Əvvəlcə tədbir iştirakçıları Heydər Əliyev meydanında Ümummilli Liderin abidəsini ziyarət edərək, xatirəsini ehtiramla yad ediblər.
Tədbirdə Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov çıxış edərək bildirib ki, 1993-cü ilin 15 iyun günü Vətənini, xalqını sevən, həmin çətin, ağrılı günlərin dəhşətlərini yaşayan, hadisələri gözləri ilə görən insanlar üçün əsl Qurtuluş tarixidir. Bu tarixi yaradan isə Azərbaycanın inkişafında, müstəqilliyində, gələcəyində müstəsna rol oynayan, daim xalqına arxalanan Heydər Əliyevdir. 1993-cü ilin 15 iyun günü xalqımızın mübarizələrlə dolu şanlı tarixinə yeni dövrün başlanğıcı kimi daxil olub. Həmin gün xalqımızın Ümummilli Lideri Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilib. Bu qayıdış nəticəsində Azərbaycanın müstəqilliyi, dövlətçiliyini qorunub saxlanılıb, ölkəmiz parçalanmadan, düşmən işğalının geniş miqyas almasından xilas edilib.
Tədbirdə çıxış edən Lerik Rayon Ağsaqqallar Şurasının sədri Elxan Qənbərov Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi altında ölkədə ictimai-siyasi sabitliyin təmin olunmasından, qanunsuz silahlı birləşmələrin zərərsizləşdirilməsindən, özbaşınalığın, hərc-mərcliyin qarşısının alınmasından bəhs edib. Vurğulayıb ki, Ulu Öndərin hakimiyyətə qayıdışından sonra ölkəmizdə bir-birinin ardınca reallaşdırılan genişmiqyaslı layihələr dövlətimizin inkişafına və möhkəmlənməsinə zəmin yaradıb. Bu gün regionun lider dövlətinə çevrilməyimizin əsası məhz bu möhtəşəm qayıdışla qoyulub. Elxan Qənbərov ağsaqqalların da hər zaman ölkəmizin, o cümlədən şəhər və rayonların mədəni-ictimai həyatında mühüm rol oynadığını, Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətini, tarixi irsini, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurlu daxili və xarici siyasətini xalqımız arasında təbliğ etdiyini bildirib.
Tədbirdə çıxış edən digər natiqlər də həmin dövrdə cərəyan edən hadisələrə nəzər salaraq Ulu Öndər Heydər Əliyevin xilaskarlıq və quruculuq missiyasının bu gün onun layiqli davamçısı, ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirildiyini, Azərbaycan dövlətçiliyinin daha da möhkəmləndirildiyini, xalqın həyat səviyyəsinin yüksəlməsinə xidmət edən çoxsaylı dövlət proqramların uğurla həyata keçirildiyini, ölkədə tam ictimai-siyasi sabitliyin hökm sürdüyünü, xalqımızın Ümummilli Liderinin xatirəsini daim əziz tutduğunu qeyd ediblər.