Masallı Dövlət Regional Kollecində Masallı Rayon Ağsaqqallar Şurasının sədri, yazıçı-publisist Ələşrəf Niftiyevin bu günlərdə Elm və təhsil nəşriyyatı tərəfindən nəşr edilmiş “Deyək, susmayaq” kitabının təqdimatı keçirilib.
Tədbiri kollecin direktoru, filologiya üzrə fəlsəfə doktoru Rövşən Qurbanov açaraq bildirib ki, tanınmış ədibin 21 kitabında yer alan çoxsaylı publisistik məqalələrində cəmiyyəti düşündürən mövzulardan, Azərbaycanın uğurlarından bəhs edilir, ayrı-ayrı nüfuzlu şəxsiyyətlərin xeyrxah əməllərindən danışılır.
Təqdimat mərasimində, həmçinin, tərəqqi medallı filoloq Vidadi Nəzərov, tərəqqi medallı Əyyub Mehdiyev, təqaüdçü pedaqoq Soltanaga Cəfərov, kollecin əməkdaşı Dilarə Hüseynova, tanınmış yazar, Azərbaycanın mədəniyyət işçisi Zakir Abbas, kollecin tələbəsi Fatimə Məmmədova və başqaları çıxış edərək kitabın tərbiyəvi əhəmiyyətindən, gənc nəslin maarifləndirmə işində mühüm dəyər kəsb etməsindən ətraflı bəhs ediblər. Müəllifə gələcək fəaliyyətində uğurlar arzulayıblar.
Masallı Rayon Ağsaqqallar Şurasının sədri, Azərbaycan Yazıçılar Birliyinin üzvü Ələşrəf Niftiyev görüşün təşkilinə və tədbirdə səslənən dəyərli fikirlərə görə hər kəsə öz dərin təşəkkürünü bildirib. Tədbirin sonunda Fəxri Fərman, Təşəkkürnamə və hədiyyələr, eləcə də Şura üzvlüyünə yeni qəbul olunmuş şəxslərə üzvlük vəsiqələri təqdim edilib.







