13 dekabr 2025-ci ildə Masallı Rayon Mərkəzi Xəstəxanasının akt zalında Rayon Ağsaqqallar Şurasının üzvü, rayon səhiyyəsinin inkişaf etməsində müstəsna xidmətləri olmuş, şərəfli ömür yolu keçmiş xeyirxah və qayğıkeş insan, müdrik ağsaqqal Vaqif Əhmədovun anadan olmasının 85 illik yubileyi qeyd edilib.
Tədbirdə Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, akademik Abel Məhərrəmov, təşkilatın Aparat rəhbəri Ramin Həsənli, Masallı Rayon Ağsaqqallar Şurasının sədri, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü Ələşrəf Niftiyev, Rayon Mərkəzi Xəstəxanasının baş həkimi İlqar Ramizoğlu, YAP Masallı Rayon Təşkilatının sədri Seyfəddin Əliyev, eləcə də Bakının və Masallının səhiyyə işçiləri, ağsaqqallar, ziyalılar, yubilyarın ailə üzvləri, yaxınları və ictimaiyyətin digər nümayəndələri iştirak ediblər.
Tədbir Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.
Masallı Rayon Ağsaqqallar Şurasının sədri, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü Ələşrəf Niftiyev tədbiri giriş sözü açaraq qonaqları salamlayıb və Masallı Rayon Ağsaqqallar Şurasının üzvü, tanınmış həkim Vaqif Əhmədovun dəyərli xidmətlərindən, nümunəvi həyat tərzi və fəaliyyəti ilə müdrik bir ağsaqqal kimi daim gənclərə örnək olmasından bəhs edib. Vurğulayıb ki, onun təşəbbüskarlığı və təşkilatçılığı nəticəsində rayonda yeni xəstəxana binası, dispanserlər, həkim məntəqələri tikilib və müasir avadanlıqlarla təmin olunub. Yubilyarın Masallıda səhiyyənin infrastruktur əsaslarının yenidən formalaşdırılması və inkişafı istiqamətində gördüyü işlər bu gün də böyük hörmətlə xatırlanır.
Masallı Rayon Mərkəzi Xəstəxanasının baş həkimi İlqar Ramizoğlu da öz çıxışında yubilyarın həyat və fəaliyyəti haqqında ətraflı məlumat verib. Qeyd edib ki, Vaqif Əhmədov 16 dekabr 1940-cı ildə Masallının Çaxırlı kəndində, rayonun dəyərli ziyalılarından olan, vaxtilə Digah məktəbinin direktoru olmuş Əbülfəz müəllimin ailəsində dünyaya göz açıb. Vaqifin hələ 2 yaşı tamam olmamış atası 21 mart 1942-ci ildə Böyük Vətən müharibəsində iştirak etmək üçün cəbhəyə yollanır və 1944-cü ilin 23 iyununda almanlarla döyüşlərdə həlak olur… Çətin uşaqlıq illəri keçirən Vaqif orta təhsilini başa vurduqdan sonra 1958-ci ildə Azərbaycan Tibb Universitetinə daxil olur. 1964-cü ildə institutu bitirdikdən sonra Masallı Rayon Mərkəzi Xəstəxanasında (RMX) rentgenoloq-terapevt, 1968-ci ildə cərrah kimi fəliyyət göstərir. 1968 -1970-ci illərdə hərbi xidmətdə – hərbi hissələrdə baş həkim kimi çalışır. 1970-ci ildən Masallı RMX-da həkim-travmatoloq və ictimai əsaslarla ilk partiya təşkilatının katibi vəzifəsində işləyən Vaqif Əhmədov 1975-ci ildə ilk dəfə aşağı ətrafların amputasiya əməliyyatını keçirmişdir. 1976-cı ildə ilk dəfə mərkəzdən gələn həkimin iştirakı ilə neyro-cərrahiyyə əməliyyatı aparmışdır. 1978-ci ildən Masallı RMX-da baş həkimin müavini, 1981-ci ildən isə baş həkim kimi fəaliyyət göstərən Vaqif Əhmədovun rayon səhiyyəsinin inkişaf etməsində böyük xidmətləri olmuşdur.
Sonra tədbirdə Masallı Rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Abbas Abbaszadə çıxış edərək RİH başçısı Araz Əhmədovun yubilyara salamlarını çatdırmış və hədiyyəsini təqdim etmişdir.
Yubiley tədbirində çıxış edən Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, akademik Abel Məhərrəmov Şuranın sədri, millət vəkili, professor Eldar Quliyevin və İdarə Heyətinin üzvlərinin salamlarını tədbir iştirakçılarına çatdırıb. Rayon ağsaqqalları və ziyalıları ilə görüşməkdən məmnun olduğunu bildirən natiq qeyd edib ki, Masallı rayonunun, əhalisi daim milli-mənəvi dəyərlərimizə bağlılıqları, dövlətimizə sədaqətləri və xalqa xidmət edən dəyərli şəxsiyyətləri ilə seçiliblər. Onlardan biri də bu gün yubileyinə toplaşdığımız, uzun illər yorulmadan insanların sağlamlığının keşiyində dayanan fədakar həkim, müdrik ağsaqqal, dəyərli ziyalı və alicənab şəxsiyyət Vaqif Əhmədovdur. Natiqlərin çıxışlarından da bir daha aydın olur ki, rayonda böyük nüfuz sahibi olan Vaqif müəllim Masallı Rayon Mərkəzi Xəstəxanasında uğurlu fəaliyyəti ilə yüzlərlə insanın sağlamlığına qovuşmasında əvəzsiz rol oynayıb. Onun rəhbərliyi dövründə rayon səhiyyəsi yeni inkişaf mərhələsinə qədəm qoyub. Natiq, həmçinin, vurğulayıb ki, yubilyar böyük təcrübəyə malik həkim olmaqla yanaşı, həm də Masallı Rayon Ağsaqqallar Şurasının üzvü kimi dəyərli bir ağsaqqaldır. Onun fədakar fəaliyyəti, nümunəvi həyat tərzi, ədalətsevərliyi, Vətənə bağlılığı və insanlara olan sevgisi gənc nəslə ən yüksək örnəkdir. Çıxışının sonunda Abel Məhərrəmov yubilyarı Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyevin, İdarə Heyətinin üzvlərinin, eləcə də öz adından təbrik edərək ona Şuranın Fəxri Fərmanını və hədiyyələri təqdim edib.
Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyası Masallı Rayon Təşkilatının sədri Seyfəddin Əliyev, həkim Xalidə Sadıqova, yazıçı-publisist və araşdırmaçı Xodaşirin Cəbiyev, Əmək və Silahlı Qüvvələri Veteranları Təşkilatının rayon şöbəsinin sədri Ramiz Tağıyev, veteran müəllimlər Cəbrayıl İsmayılov, Asuda Məmmədova və şair Əlizamin Baxış, eləcə də yubilyarın qohumları həkim Qılman İsmayılov, qızı Aysun Aslanova, iqtisadçı alım Mübariz Məmmədli və başqaları qeyd ediblər ki, ömrünün 85-ci baharını yaşayan Vaqif həkim müqəddəs Hippokrat andına sadiq qalan, Masallının zəngin səhiyyə ənənələrini yaşadıb inkişaf etdirən, əhalinin sağlamlığının qorunmasını hər şeydən üstün tutan, insanlara həssas, qayğıkeş münasibət bəsləməsi ilə seçilən tibb fədakarlarındandır. Hazırda təkcə Masallı rayonunda deyil, bütün cənub bölgəsində yetərincə tanınan müdrik ağsaqqal Vaqif Əhmədovun ömür salnaməsi mənalı sətirlərlə zəngindir.
Tədbirin sonunda yubilyar Vaqif Əhmədov ona göstərilən diqqət və qayğı, eləcə fəaliyyətinə verilən yüksək qiymət üçün hər kəsə öz minnətdarlığını bildirib.








