Təbriklər, Xəbərlər

MİSİR MƏRDANOV – 79

Bu gün Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü, AMEA-nın müxbir üzvü, AR Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunun baş direktoru, Azərbaycanın sabiq təhsil naziri, fizika-riyaziyyat elmləri doktoru, professor, müdrik ağsaqqal, görkəmli alim, alicənab insan Misir Mərdanovun 79 yaşı tamam olur.
Azərbaycanın nüfuzlu ziyalısı, dəyərli şəxsiyyəti Misir Mərdanov elm və təhsilimizin inkişafı naminə göstərdiyi böyük zəhməti, yüksək intellekti və idarəçilik qabiliyyəti ilə ölkəmizin tarixində silinməz iz qoymuşdur. Onun həyat yolu – elmə, təhsilə, dövlətçiliyə və mənəviyyata bağlılıqla səciyyələnən örnək bir ziyalının ömrüdür. Fəaliyyəti dövründə hər zaman Ulu Öndər Heydər Əliyevin və onun layiqli davamçısı, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasətə sadiq qalan, dövlətimizin, millətimizin maraqlarını daim ön planda tutan Misir Mərdanov yüksək elmi fəaliyyəti ilə yanaşı, Azərbaycanın sabiq təhsil naziri kimi ölkəmizin təhsil siyasətinin formalaşmasında əhəmiyyətli rol oynamışdır. Milli təhsil sistemimizin müasirləşdirilməsi, şəffaflaşdırılması və keyfiyyət göstəricilərinin yüksəldilməsi istiqamətində mühüm islahatların müəllifi kimi ölkəmizin gələcəyinə əvəzsiz töhfələr vermişdir.
Hazırda Misir Mərdanov Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü olaraq müdrik bir ağsaqqal kimi də cəmiyyətimizin mənəvi dayaqlarının möhkəmlənməsində, gənc nəslin milli ruhda tərbiyəsində və onların elmə, təhsilə marağının artırılmasında dəyərli xidmətlər göstərir. Sadəcə görkəmli alim, ictimai xadim kimi deyil, həm də cəmiyyətimizin mənəvi sütunlarından biri kimi qəbul edilən Misir müəllim zəhmətsevərliyi, prinsipiallığı, dərin elmi fəaliyyəti ilə gənc nəsillərə bir nümunədir. Səmərəli və dəyərli xidmətlərinə görə o bir çox yüksək təltiflərə, eləcə də “Əməkdar elm xadimi” fəxri adına, “Şöhrət” və 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordenləri kimi ali dövləti mükafatlara layiq görülüb.
Ölkəmizin davamlı inkişafı naminə bilik və bacarığını əsirgəməyən, elm və təhsilimizə dəyərli töhfələr verən, həyatının kamillik zirvəsində olan görkəmli alim və müdrik ağsaqqal Misir Mərdanovu bu əlamətdar gündə Azərbaycanın tərəqqisinə həsr olunmuş şərəfli ömrünün 79-cu ildönümü münasibətilə səmimi-qəlbdən təbrik edir, ona uca Allahdan uzun ömür, möhkəm cansağlığı, yeni-yeni uğurlar, daim yüksək əhval-ruhiyyə və əmin-amanlıq arzulayırıq!

Dərin hörmətlə,
Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin
üzvləri adından Şuranın sədri, millət vəkili, professor Eldar QULİYEV

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.