Nərimanov Rayon Ağsaqqallar Şurasında Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə tədbir keçirilib. Tədbirdə Rayon Ağsaqqallar Şurasının sədri, Vətən Müharibəsi Qəhrəmanı, şəhid Azad Hümbətovun atası Arif Hümbətov, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, Bakı Biznes və Kooperasiya Kollecinin şöbə müdiri, Azərbaycan Kooperasiya Universitetinin Mətbuat xidmətinin rəhbəri Tamerlan Əkbərov, Nərimanov Bələdiyyəsinin sədr müavini, Bakı Avrasiya Universitetinin müəllimi Vüsal Cəfərli, ali və orta ixtisas təhsil müəssisələrinin tələbə gənclər təşkilatlarının sədrləri, Rayon Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvləri, ziyalılar və gənclər iştirak ediblər.
Tədbirdə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın dövlət müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban verən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirdə çıxış edən natiqlər Azərbaycan xalqının dövlətçilik ənənələrinin formalaşdırılmasında, Azərbaycançılıq məfkurəsinin mühüm elementlərinin inkişaf etdirilməsində Ümummilli Lider Heydər Əliyevin əvəzsiz xidmətlərindən danışıblar. Bildirilib ki, müasir Azərbaycan tarixinin bir çox parlaq səhifələri, heç şübhəsiz ki, Heydər Əliyevin adı ilə, onun irimiqyaslı və çoxşaxəli dövlətçilik fəaliyyəti ilə bağlıdır. Vurğulanıb ki, Ulu Öndərin 1969-cu ildə siyasi hakimiyyətə gəlişindən sonra Azərbaycan böyük quruculuq və yaradıcılıq mərhələsinə, həyatın bütün sahələrində sürətli inkişaf və tərəqqi yoluna qədəm qoyub. Bu dövrdə milli gəlir, sənaye və kənd təsərrüfatında ümumi məhsulun həcmi dəfələrlə artıb, iqtisadiyyatın inkişaf etdirilməsinə əvvəlki onilliklərdə olduğundan daha çox əsaslı vəsait qoyulub, yüzlərlə iri zavod və fabrik tikilərək işə salınıb. Həmin illərdə digər sahələrlə yanaşı, iqtisadiyyatın inkişafı istiqamətində də mühüm işlər görülüb. Hələ o illərdə bu tədbirləri həyata keçirən dahi şəxsiyyət Heydər Əliyev Azərbaycanın gələcəyini və bugünkü müstəqilliyini düşünürdü.
Sonda bir sıra şəxslər Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə fəxri diplom və təşəkkürnamələrlə təltif olunublar.