31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə Nəsimi Rayon Ağsaqqallar Şurasının növbəti iclası keçirilib.
İclası giriş sözü ilə açan Rayon Ağsaqqallar Şurasının sədri, professor Vaqif Şadlinski Şuranın 2022-ci il ərzində gördüyü işlər barədə məlumat verib. Natiq şəxsən iştirakçısı olduğu Qərbi Azərbaycan İcmasının inzibati binasında keçirilən görüşdə möhtərəm Prezident cənab İlham Əliyevin söylədiyi nitqin əhəmiyyəti haqqında geniş çıxış edərək bildirib ki, bu təşkilat 1989-cu ildən Qərbi Azərbaycan qaçqınlarının problemləri ilə məşğul olan və 1988-1991-ci illərdə qaçqın düşən azərbaycanlılar barədə faktların, sənədlərin toplandığı və saxlandığı yeganə ictimai qurumdur. 1988-1991-ci illərdə Qərbi Azərbaycandan qovulmuş 50 mindən çox ailənin 20 minə qədərinə dəymiş ziyan hesablanıb və hazırda bu işlər davam etdirilir. Həmin illərdə Qərbi Azərbaycanda 300-ə yaxın yaşayış məntəqəsindən qovulan qaçqınların hər bir ailə üzrə dəqiq statistikası aparılıb, 130 kəndin siyahısı tamamlanıb. Təşkilat Qərbi Azərbaycanda tarixi və mədəni irsimizin bütün nümunələrinin dəqiq siyahısının hazırlanmasını davam etdirir.
Tədbirdə Nəsimi Rayon Ağsaqqallar Şurasının sədr müavini İmamverdi Həmidov, o cümlədən Xalid Kərimov, Melix Yevdayev və başqaları çıxış edərək görülən işləri qənaətbəxş hesab ediblər.
Sonda Rayon Ağsaqqallar Şurasının üzvlərinə bayram sovqatı verilib və 2 şəhid ailəsinə maddi yardım göstərilib.