Fevral ayının 18-də Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü, müasir Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, Xalq şairi, müdrik ağsaqqal, dəyərli ziyalı Nəriman Həsənzadənin 95 yaşı tamam olur. Bu münasibətilə Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyev İdarə Heyətinin üzvləri adından yubilyara təbrik məktubu ünvanlayıb. Təbrik məktubunda deyilir:
Hörmətli Nəriman müəllim!
Sizi – müasir Azərbaycan ədəbiyyatının parlaq simasını, söz sənətimizin qüdrətli nümayəndəsini, Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin dəyərli üzvünü, Xalq şairini və müdrik ağsaqqalımızı 95 İllik Yubileyiniz münasibətilə səmimi-qəlbdən təbrik edir, Sizə Allahdan uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik və davamlı yaradıcılıq uğurları diləyirik!
Şərəflə yaşadığınız 95 illik bir ömür təkcə zaman ölçüsü deyil, həm də bir xalqın mənəvi yaddaşında silinməz izlər buraxmış zəngin və şanlı bir həyat yoludur. Sizin ömür yolunuz Azərbaycan poeziyasının inkişaf mərhələləri ilə qırılmaz tellərlə bağlıdır. Onilliklər boyu qələmə aldığınız əsərlər insanların duyğularını, Vətən sevgisini, milli-mənəvi dəyərlərə bağlılığını, zamanın kədər və sevinclərini yüksək poetik dillə ifadə etmişdir. Sizin yaradıcılığınız milli ruhun, azərbaycançılıq ideyasının və vətəndaş mövqeyinin parlaq bədii salnaməsidir. Şeirlərinizdəki səmimiyyət, Vətənə və xalqa sonsuz məhəbbət, insan ləyaqətinə yüksək ehtiram gənc nəsillər üçün bir örnəkdir.
Siz bu gün şərəf və vicdanla yaşadığınız ömrünüzün hər birimizə doğma olan NƏRİMAN HƏSƏNZADƏ zirvəsindəsiniz. Azərbaycan ədəbiyyatının canlı əfsanəsi, poeziyamızın müdrik ağsaqqalı olaraq respublikamızda ədəbi prosesin inkişafına böyük töhfələr vermisiniz. Azərbaycan dövlətçiliyinə sadiq bir şəxs kimi hər zaman Ümummilli Liderimiz Heydər Əliyevin işıqlı yolunu və bu yolu qətiyyətlə davam etdirən möhtərəm Prezidentimiz cənab İlham Əliyevin uğurlu daxili və xarici siyasətini dəstəkləmisiniz. Sizin xüsusi xidmətləriniz, səmərəli fəaliyyətiniz hər zaman yüksək dəyərləndirilmiş və Siz “Şöhrət”, “Şərəf”, “İstiqlal” ordenlərinə və bır sıra digər ali dövləti mükafatlara layiq görülmüsünüz.
Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü olaraq müdrik bir ağsaqqal kimi respublikamızın ictimai-siyasi və mədəni həyatında yaxından iştirakınızla vətənpərvər, mübariz gənc nəslin yetişməsində əhəmiyyətli rol oynamış, dinamik inkişaf edən ölkəmizin gələcəyi naminə var qüvvənizi, bilik və bacarığınızı əsirgəməmisiniz. Sizin şərəfli və məhsuldar ömür yolunuz, mənəvi saflığınız və vətəndaş böyüklüyünüz cəmiyyətimiz üçün bir nümunə məktəbidir.
Hörmətli Nəriman müəllim!
Bu əlamətdar gündə Sizə dərin ehtiramımızı və sonsuz minnətdarlığımızı bildirərək şanlı Yubileyiniz münasibətilə bir daha Sizi ürəkdən təbrik edir, sağlam və uzun ömür, ailə səadəti, yeni-yeni yaradıcılıq ilhamları arzulayırıq! Qoy zəngin həyat təcrübəniz, müdrik sözünüz və nurlu varlığınız bundan sonra da xalqımıza, dövlətimizə və gələcək nəsillərə xidmət etsin!
Dərin hörmət və səmimiyyətlə,
Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin
üzvləri adından Şuranın sədri, millət vəkili,
professor Eldar QULİYEV