Xəbərlər

Nərimanov Rayon Ağsaqqallar Şurasında Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib

Nərimanov Rayon Ağsaqqallar Şurasında  Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Nərimanov Rayon Ağsaqqallar Şurasının sədri, Vətən Müharibəsi Qəhrəmanı Azad Hümbətovun atası Arif Hümbətov, sədr müavini Kamil Babayev, İdarə Heyətinin üzvləri – siyasi elmlər doktoru, professor Cümşüd Nuriyev, istefada olan polkovnik Həmid Cəfərov, eləcə də tibb elmləri üzrə fəlsəfə doktoru, dosent Rafael Soltanov, Əməkdar jurnalist Hikmət Xudiyev, ağsaqqallar, ziyalılar, gənclər və rayon ictimaiyyətinin digər nümayəndələri iştirak ediblər.

Əvvəlcə tədbirdə Ümummilli Lider Heydər Əliyevin  və Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizədə canlarını qurban vermiş qəhrəman şəhidlərimizin əziz xatirəsi  bir dəqiqəlik sükutla yad edildikdən sonra Nərimanov Rayon Ağsaqqallar Şurasının sədri, Vətən Müharibəsi Qəhrəmanı Azad Hümbətovun atası Arif Hümbətov çıxış edərək Ulu Öndərin Vətən və xalq qarşısındakı misilsiz tarixi xidmətlərindən bəhs edib. Vurğulayıb ki, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasətçi və dövlət xadimi Heydər Əliyevin əbədiyyətə qovuşmasına baxmayaraq, onun ideyaları yaşayır və Azərbaycanın işıqlı gələcəyinə xidmət edir. Xalqımızın hər bir nümayəndəsi kimi, biz ağsaqqallar da Heydər Əliyev şəxsiyyətini həmişə uca tutaraq, əbədiyaşar liderimizin Azərbaycan uğrunda həyata keçirdiyi tarixi missiyanı hər zaman yüksək qiymətləndiririk. Sonra natiq əlavə edib ki, Ümummilli Liderimiz Heydər Əliyevin əsasını qoyduğu ideyalar bu gün onun layiqli davamçısı möhtərəm Prezidentimiz, müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyev tərəfindən qətiyyətlə həyata keçirilir və biz özümüzü xoşbəxt hesab edirik ki, Azərbaycan tarixində son yüzilliklərin ən parlaq Zəfərinə canlı şahidlik etdik. Artıq 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm Qələbə dövlətimizin və xalqımızın qürur ünvanına çevrilib.

Sonra tədbirdə Nərimanov Rayon Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü, istefada olan polkovnik Həmid Cəfərov çıxış edərək, Azərbaycanın görkəmli şairi və dramaturqu Hüseyn Cavidin mənəvi bəraətində, yenidən vətəninə qovuşmasında, adının əbədiləşdirilməsində tarixi faktlar əsasında Ümummilli Lider Heydər Əliyevin əvəzsiz xidmətlərindən söhbət açıb. Həmid Cəfərovun 1982-ci ildə respublika rəhbəri Heydər Əliyevin Naxçıvana gələrkən   ona dahi Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin nəşinin uzaq Sibirdən gətirilməsi   tapşırığını verməsi,  bu tapşırığın uzaq Sibirdə icra olunması ilə bağlı xatirələri tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.

Toplantıda Ümummilli Liderimiz Heydər Əliyevin  xeyir-duasından, dəstəyindən sonra  Həmid Cəfərov və onun rəhbərlik etdiyi nümayəndə heyətinin bu tarixi missiyanı məsuliyyətlə, uğurla yerinə yetirməsi, Cavid əfəndinin nəşinin Bakıya gətirilməsi, dahi şairin doğma vətəni Naxçıvanda torpağa tapşırılması ilə bağlı sənədlər və fotolar nümayiş etdirilib.

Daha sonra tədbirdə Nərimanov Rayon Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü, siyasi elmlər doktoru, professor Cümşüd Nuriyev, tibb elmləri üzrə fəlsəfə doktoru, dosent Rafael Soltanov və başqaları çıxış edərək  Azərbaycanın  bu gün dünyanın sürətlə inkişaf edən dövlətlərindən birinə çevrilməsində xalqın haqlı olaraq Ümummilli Lideri hesab etdiyi Heydər Əliyevin tarixi və misilsiz fəaliyyətindən söhbət açıblar. Çıxışlarda  Vətənin inkişafı, xalqın mədəni-mənəvi, sosial-əxlaqi tərəqqisi naminə böyük xidmətləri olan Heydər Əliyevin ədəbiyyatımıza, mədəniyyətimizə, incəsənətimizə həqiqi dəyərin verilməsi və bütün dünyada tanıdılması üçün müstəsna işlər görməsi, yazıçı və şairlərimizə layiqli qiymətin verilməsi üçün əlindən gələni əsirgəməməsi,  o cümlədən   Azərbaycanın görkəmli şairi və dramaturqu Hüseyn Cavidin qədim Naxçıvan torpağına qovuşması üçün göstərdiyi çoxsaylı xidmətləri tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

 

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.