Xəbərlər

Nəsimi Rayon Ağsaqqallar Şurasının təşkilatçılığı ilə akademik Zərifə xanım Əliyevaya həsr olunmuş tədbir keçirilib

Nəsimi Rayon Ağsaqqallar Şurasının, Rayon İcra Hakimiyyətinin və YAP Nəsimi rayon təşkilatının birgə təşkilatçılığı ilə akademik Zərifə xanım Əliyevaya həsr olunmuş “Zərif uğurların nişanəsi” adlı tədbir keçirilib.

Tədbirdə Nəsimi Rayon Ağsaqqallar Şurasının, Rayon İcra Hakimiyyətinin və YAP Nəsimi rayon təşkilatının rəhbərliyi, Milli Məclisin deputatları, ali təhsil müəssisələrinin professor-müəllim heyəti, səhiyyə işçiləri, ictimai təşkilatların nümayəndələri, idarə və müəssisə qurumlarının sədrləri, rayon gəncləri iştirak ediblər.

Tədbirdə Ümummilli Lideri Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.

Əvvəlcə Zərifə Əliyevaya həsr olunmuş sənədli filmə baxılıb.

Sonra tədbirdə çıxış edən Nəsimi Rayon Ağsaqallar Şurasının sədri, “Əməkdar elm xadimi”, tibb elmləri doktoru, professor Vaqif Şadlinski qeyd edib ki, Əliyevlər ailəsinin xeyir-bərəkət simvolu olan, azərbaycanlı qadınına, analara məxsus müqəddəs duyğuları şəxsiyyətində, simasında formalaşdıran Zərifə xanım həyat yoldaşı, dünya şöhrətli dövlət xadimi Heydər Əliyev kimi müdrik, dahi bir insana, sözün həqiqi mənasında, əsl dost, yaxın silahdaş və mənəvi dayaq olmuşdur.

Azərbaycan Respublikası Milli Məclisinin deputatı, tibb elmləri doktoru Asim Mollazadə çıxışında nəzərə çatdırıb ki, Zərifə xanım heç zaman gərgin işdən usanmamış, ürəkdən və ilhamla çalışmışdır. Zərifə xanımın həkim kimi fədakarlığı, yüksək vətəndaşlıq məsuliyyəti, səmimiliyi və qayğıkeşliyi, insanlara və onların problemlərinə göstərdiyi diqqət, fəal həyat mövqeyi ona həmkarlarının, yetirmələrinin və xəstələrinin dərin hörmətini qazandırmışdır. Unudulmaz alim, qayğıkeş ana olan Zərifə xanım xalqımız tərəfindən ehtiramla yad olunmağa layiqdir.

Azərbaycan Tibb Universiteti – Daxili xəstəliklər kafedrasının müdiri, tibb elmləri doktoru, professor Rafiq Məmmədhəsənov isə öz çıxışında bildirib ki, ürəyində və əməllərində işıqlı amalları, nəcib duyğuları yaşadan, özündən sonra zəngin elmi irs, o cümlədən gözəl ailə nümunəsi qoyub gedən Zərifə xanım Əliyeva əfsanəyə çevrilərək xalqımızın qəlbində və yaddaşında yaşamaqda davam edir və milli qadın kimliyinin parlaq örnəyi olaraq tarixin silinməz silsilələrində əbədi yaşayacaq.

Tibb elmləri doktoru, professor, Azərbaycan Tibb Universiteti – Oftalmologiya kafedrasının müdiri Paşa Qəlbinur Zərifə xanımın yüksək insani keyfiyyətlərindən, dərin zəkası və insanlara olan qayğısından, tibb elminə verdiyi töhfələrdən bəhs edib.

Tədbir bədii hissə – Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecinin istedadlı musiqiçilərinin ifası ilə davam edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.