Xəbərlər

Nəsimi rayonunda ağsaqqallarla gənclərin görüşü keçirilib

Aprel ayının 28-də Nəsimi Rayon Ağsaqqallar Şurasının və Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə ağsaqqallarla gənclərin görüşü keçirilib.

Nəsimi Rayon İcra Hakimiyyətində baş tutan görüşdən öncə Ulu Öndər Heydər Əliyevin büstü ziyarət olunub, önünə gül dəstələri düzülüb. Sonra Ümummilli Liderin 102-ci ildönümü ilə bağlı təşkil olunmuş sərgiyə baxış keçirilib.

Rayon İcra Hakimiyyətinin böyük akt zalında keçirilən tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımız uğrunda şəhid olan qəhrəman Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra xalqımızın Ümummilli Liderinin həyat və fəaliyyətindən bəhs edən video-çarx nümayiş etdirilib.

Tədbirdə çıxış edən Nəsimi Rayon Ağsaqqallar Şurasının sədri, Əməkdar elm xadimi, professor Vaqif Şadlinski və tarix elmləri doktoru, professor Dilarə Seyidzadə Ulu Öndər Heydər Əliyevlə bağlı xatirələrini danışmış, onun zəngin həyat və fəaliyyətindən, Azərbaycan tarixindəki yeri və mövqeyindən, eləcə də müstəqil dövlətimiz və xalqımız qarşısındakı tarixi xidmətlərindən bəhs etmişlər. Azərbaycan tarixinin 30 ildən artıq bir dövrünün bu dahi şəxsiyyətin adı ilə bağlı olduğu qeyd edərək vurğulamışlar ki, Ümummilli Lider Heydər Əliyev dövlətimizi zamanın ən çətin sınaqlarından çıxararaq ölkəmizin ictimai-siyasi, iqtisadi, mədəni və mənəvi tərəqqisinə əvəzedilməz töhfələr vermişdir. Bu gün Ulu Öndərin alternativsiz daxili və xarici siyasətini onun siyasi varisi, Heydər Əliyev siyasi məktəbinin layiqli yetirməsi və davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev uğurla davam etdirir. Hər iki natiq Ulu Öndər Heydər Əliyevin nümunəvi irsinin öyrənilməsinin, onun təbliğinin gənc nəslin təlim-tərbiyəsində xüsusi rol oynadığını bildirərək Azərbaycan gəncliyini həyatımızın bütün sahələrində aktiv iştirak etməyə səsləmişlər.

Səmimi və maraqlı şəraitdə keçən görüşdə Nəsimi Rayon Ağsaqqallar Şurasının sədri, Əməkdar elm xadimi, professor Vaqif Şadlinski və tarix elmləri doktoru, professor Dilarə Seyidzadə gəncləri maraqlandıran çoxsaylı sualları cavablandırmışlar. Tədbirin sonunda Ulu Öndər Heydər Əliyev irsinin öyrənilməsi ilə bağlı keçirilən tədbirlərin qalibləri mükafatlandırılmış və xatirə şəkilləri çəkilmişdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.