Tədbirdə Rayon İcra Hakimiyyətinin, Nəsimi Rayon Ağsaqqallar Şurasının, Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının, hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrin, ictimai təşkilatların rəhbərləri, rayondan seçilmiş millət vəkilləri, Vətən müharibəsi şəhidlərinin ailə üzvləri və qazilər iştirak ediblər.
Əvvəlcə tədbir iştirakçıları Zəfər bağında yerləşən xatirə kompleksinin önünə gül dəstələri qoyaraq, şəhidlərin xatirəsini ehtiramla yad ediblər.
Sonra 27 Sentyabr – Anım günü münasibətilə şəhidlərin xatirəsinə ehsan süfrəsi açılıb.
Tədbirdə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin, torpaqlarımızın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Sonra geniş məruzə ilə çıxış edən Nəsimi Rayon Ağsaqqallar Şurasının sədri, Əməkdar elm xadimi, professor Vaqif Şadlinski bildirib ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq hər il sentyabrın 27-si Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edilir.
Natiq çıxışına davam edərək bildirib ki, Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müdrik, uzaqgörən və qətiyyətli fəaliyyəti nəticəsində Azərbaycan hazırda regionun ən güclü, ən nüfuzlu dövlətinə çevrilib. Bu gün müstəqil Azərbaycanın tarixinə qızıl hərflərlə yazılmış 44 günlük Vətən müharibəsi şəhidlərinin ailələrinə, qazilərinə Nəsimi rayonunda daim yüksək həssaslıqla yanaşılır, diqqət və qayğı göstərilir. Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları mütəmadi olaraq bu ailələrin problemləri ilə maraqlanır, qaldırdıqları məsələlərin həlli ilə əlaqədar operativ tədbirlər həyata keçirilir.
Professor Vaqif Şadlinski daha sonra qeyd edib ki, 2020-ci ilin 27 sentyabrı Azərbaycanın tarixində dönüş nöqtəsi oldu. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə başlayan Vətən müharibəsi xalqımızın həmrəyliyinin, əsgər və zabitlərimizin rəşadətinin, eləcə də dövlət-xalq birliyinin parlaq nümunəsinə çevrildi. Bu gün Azərbaycan qalib dövlət olaraq regionda yeni reallıqlar formalaşdırıb. ABŞ-da baş tutmuş tarixi görüşdə Prezident cənab İlham Əliyevin diplomatik məharəti və qətiyyətli mövqeyi sayəsində sülh prosesində mühüm irəliləyiş əldə olundu. Azərbaycanın beynəlxalq hüquqa əsaslanan mövqeyi bir daha təsdiq olundu. Bu da göstərir ki, müharibəni sona çatdıran, işğalı aradan qaldıran Azərbaycan uzunmüddətli sülhün təminatçısı kimi öz sözünü deyir.
Vaqif Şadlinski bildirib ki, 27 sentyabr – Anım Günü xalqımızın yaddaşında həm kədər, həm də qürur günü kimi qalacaq. Kədər Vətən uğrunda canından keçənlərin itkisi, qürur isə dövlətimizin, ordumuzun, xalqımızın birlik və iradəsi ilə əldə olunan möhtəşəm Qələbədir.
Natiq çıxışının sonunda şəhidlərin əziz xatirəsinin hər zaman uca tutulduğunu, onların fədakarlığının gələcək nəsillərə örnək olduğunu vurğulayıb. Şəhid ailələrinin üzvlərinə və qazilərə göstərilən qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya öz minnətdarlığını bildirib.


