Azərbaycan Ağsaqqallar Şurasının şəhər və rayon təşkilatlarının son dövrdəki fəaliyyətləri ilə bağlı hesabat konfranslarının keçirilməsi davam edir. Növbəti konfranslar Naftalan, Qəbələ və Oğuzda keçirilib.
Konfranslarda Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, professor Vahid Novruzov, Naftalan Şəhər İcra Hakimiyyəti başçısının müavini Arzu Məmmədov, Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev, Oğuz Rayon İcra Hakimiyyətinin başçısı Cavid Əbdul-Qədirov, Azərbaycan Ağsaqqallar Şurasının Aparat rəhbəri Ramin Həsənli və təşkilatın məsul əməkdaşı Elşad Quliyev, ağsaqqallar, ziyalılar, gənclər, idarə, müəssisə rəhbərləri və digər ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər.
Konfranslarda Azərbaycanın Dövlət Himni səsləndirildikdən sonra Ümummilli Lider Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman Vətən övladlarının və hesabat dövründə vəfat etmiş ağsaqqalların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra tədbiri giriş sözü ilə açan rayon və şəhər icra hakimiyyətlərinin rəhbərləri Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, professor Vahid Novruzovu və konfrans iştirakçılarını salamlayaraq milli-mənəvi dəyərlərimizin qızıl fondu hesab edilən ağsaqqalların ölkəmizin ictimai-siyasi və mədəni həyatında oynadıqları əhəmiyyətli roldan danışıblar. Gənclərimizin formalaşmasında, xüsusilə dövlətə, xalqa sədaqət ruhunda və sağlam təməllər üzərində yetişdirilməsində ağsaqqallara hər zaman böyük ehtiyacın olduğunu diqqətə çatdırıblar. Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlətimizin davamlı inkişafı prosesində ağsaqqallarımızın üzərilərinə düşən vəzifələri hər zaman layiqincə yerinə yetirəcəklərinə əmin olduqlarını bildiriblər. Konfransın işinə uğurlar arzulayıblar.
Sonra Naftalan Şəhər Ağsaqqallar Şurasının sədri Möhübbət Bədəlovun, Qəbələ Rayon Ağsaqqallar Şurasının sədri Mehman İsmayılovun və Oğuz Rayon Ağsaqqallar Şurasının sədri Ehtibar Yusubovun yerli təşkilatların hesabat dövrü ərzindəki fəaliyyətləri barədə məruzələri dinlənilib. Məruzələrdə hesabat dövrü ərzində görülən işlərdən ətrafli bəhs edilib. Qeyd olunub ki, yerli təşkilatlar şəhər və rayonların ictimai-siyasi və mədəni həyatında əhəmiyyətli rol oynayaraq əhali arasında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasətin təbliğ edilməsində, gənclərimizin vətənpərvərlik ruhunda yetişdirilməsində, həmçinin şəhid ailələri və qazilərlə görüşlərin keçirilməsində, onlara mənəvi dəstəyin göstərilməsində əllərindən gələni əsirgəmirlər. Sədrlər bundan sonra da fəaliyyətlərini yüksək səviyyədə davam etdirəcəklərini bildiriblər.
Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, professor Vahid Novruzov öz çıxışında konfrans iştirakçılarını Şuranın sədri, millət vəkili, professor Eldar Quliyevin və öz adından salamlayaraq, hər kəsi yenicə qeyd etdiyimiz Milli Qurtuluş Günü münasibətilə təbrik edib. Vurğulayıb ki, əlamətdar 15 iyun 1993-cü il tarixində növbəti dəfə xilaskarlıq missiyasını öz üzərinə götürərək Azərbaycanı parçalanmaq və məhv olmaq təhlükəsindən qurtaran Ümummilli Liderimiz Heydər Əliyev ölkədə siyasi sabitlik yaradaraq respublikamızın müstəqilliyini qoruyub saxlamağa və onu dinamik inkişaf yoluna çıxarmağa nail oldu. Hazırda Ulu Öndərin bu uğurlu siyasətini Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev yüksək səviyyədə davam etdirir və dövlər başçısının rəhbərliyi ilə ölkəmizdə sosial-iqtisadi inkişaf strategiyası müvəffəqiyyətlə həyata keçirilir. Vahid Novruzov, həmçinin, 2021-ci il iyunun 15-də, Milli Qurtuluş Günündə Şuşa şəhərində Azərbaycan və Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında imzalanmış Bəyannamənin tarixi əhəmiyyətindən bəhs edib. Vurğulayıb ki, bu günlərdə 4 ili tamam olan, beynəlxalq müstəvidə birgə fəaliyyət və əməkdaşlıq, siyasi, iqtisadi, mədəni, humanitar və digər sahələrdə əlaqələrin inkişafı, xüsusilə də hər iki qardaş ölkənin milli və birgə təhlükəsizliyi ilə əlaqədar çox vacib məsələlərin əks olunduğu “Şuşa Bəyannaməsi” çoxşaxəli münasibətlərimizin ən yüksək zirvədə olduğunu göstərən tarixi mühüm sənəddir. Sonra natiq hesabatları qənaətbəxş hesab edərək ağsaqqalları daha fəal olmağa səsləyib və vuğurlayıb ki, bizim əsas hədəfimiz gənclərimiz, onların maariflənməsi, zərərli təsirlərdən uzaq, milli-mənəvi dəyərlərimizə sadiqlik və vətənpərvərlik ruhunda formalaşmasıdır. Azərbaycan Ağsaqqallar Şurasının Nizamnaməsində də qarşıya qoyulan başlıca məqsədlərdən biri budur. Sonda Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, professor Vahid Novruzov ağsaqqallara möhkəm cansağlığı və gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Konfranslarda çıxış edən digər natiqlər də şəhər və rayon ağsaqqallarının səmərəli fəaliyyətlərindən söz açıblar. Vahid Novruzovun fikirlərini dəstəkləyərək gənclərlə aparılan işin daha da genişləndirilməsinə, onların hərtərəfli maarifləndirilməsinə, Vətənə, xalqa və dövlətə sədaqət ruhunda tərbiyə edilməsinə xüsusi olaraq diqqət ayırmağın vacibliyini vurğulayıblar. Əmin olduqlarını bildiriblər ki, bundan sonra da ağsaqqallar daha xoşbəxt Azərbaycan naminə öz bilik və təcrübələrini əsirgəməyəcəklər.
Qəbələ Rayon Ağsaqqallar Şurasının hesabat konfransında ictimai işlərdə fəal iştirakına görə bir qrup ağsaqqala rayon icra hakimiyyətinin Fəxri fərmanları təqdim edilib.
Naftalan Şəhər Ağsaqqallar Şurasının hesabat konfransında isə təşkilati məsələlərə baxılıb. Açıq səsvermə yolu ilə Rayon Ağsaqqallar Şurasının İdarə Heyətinə yeni üzv seçilib.
Naftalan şəhərinin və Qəbələ, Oğuz rayonlarının Ağsaqqallar Şuralarının hesabat konfransları keçirilib
- 18-06-2025
- [16:50]
- []
18
İyn






















