Təbriklər

NURƏDDİN MƏMMƏDOV – 88

Bu gün Gəncə Şəhər Ağsaqqallar Şurasının sədri, müdrik ağsaqqal, alicənab insan, nüfuzlu alim, professor Nurəddin Məmmədovun 88 yaşı tamam olur.

Nurəddin Məmmədov zəngin həyat yolu, yüksək elmi-pedaqoji fəaliyyəti və xüsusilə də ölkəmizin ikinci böyük şəhəri olan Gəncədə uzun illər ərzində göstərdiyi ictimai fəallığı və maarifləndirici xidmətləri ilə bu gün hər birimiz üçün qürurverici nümunədir. Onun rəhbərliyi ilə Gəncə Şəhər Ağsaqqallar Şurası ölkə miqyasında seçilən, təşəbbüskar və fəal bir quruma çevrilmiş, təhsil ocaqları, idarə və müəssisə, eləcə də ictimai birliklərlə əməkdaşlıqda bir çox önəmli layihə və təşəbbüslərə imza atmışdır. Nurəddin müəllimin müdrikliyi, təşkilatçılıq bacarığı və nüfuzu sayəsində şəhər həyatında ağsaqqalların rolu xeyli artmış, Gəncə ağsaqqallarının səsi daim ucalardan gəlmiş, bu bölgədə ağsaqqallıq institutunun nüfuzu daha da yüksəlmişdir. Hazırda Şura Gəncədə müdrikliyin, təcrübənin və milli-mənəvi dəyərlərin canlı daşıyıcısına çevrilmiş, şəhərin ictimai həyatında fəal mövqe tutmuşdur. Gənclərlə müntəzəm görüşlər, maarifləndirici tədbirlər, milli irsimizin təbliği və digər zəruri istiqamətlərdə həyata keçirilən önəmli işlər bir çox bölgələrə nümunə olacaq səviyyədədir.

Örnək həyat yolu bütöv bir məktəb, zəngin elmi-pedaqoji fəaliyyəti və nümunəvi ictimai mövqeyi isə əsl Azərbaycan ziyalısının simvolu olan Nurəddin Məmmədov onilliklər ərzində Azərbaycan Dövlət Aqrar Universitetində – ölkəmizin tanınmış elmi ocağında minlərlə tələbəyə elm və müasir biliklər öyrətmiş, onların milli kökə, mənəvi dəyərlərə və vətənpərvərliyə söykənən düşüncə tərzində formalaşmasında əvəzsiz rol oynamışdır.

Nurəddin müəllim elmdə olduğu kimi, ictimai həyatda da daim prinsipial mövqedən çıxış edir, Ümummilli Liderimiz Heydər Əliyevin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasəti qətiyyətlə dəstəkləyir, dövlətçiliyin möhkəmləndirilməsi, milli-mənəvi dəyərlərimizin qorunması və gənc nəslin vətənpərvər ruhda yetişdirilməsi yolunda yorulmadan çalışır. Bu, yalnız Gəncənin deyil, bütün Azərbaycanın ictimai həyatında seçilən örnək bir fəaliyyət yoludur.

Bu gün biz Nurəddin müəllimin timsalında ağsaqqallığın yalnız yaş yox, həm də böyük bir məsuliyyət, dərin müdriklik və yorulmaz xidmət olduğunu bir daha görürük. Onun kimi ağsaqqalların, ziyalıların varlığı gəncliyimizə nümunə, cəmiyyətimizə dayaqdır.

Bu əlamətdar gündə müdrik ağsaqqal və örnək şəxsiyyət Nurəddin Məmmədovu şərəfli və fədakar ömrünün 88-ci ildönümü münasibətilə səmimi-qəlbdən təbrik edir, ona uzun və sağlam həyat, yeni-yeni uğurlar və doğmaları ilə birlikdə firavan, mənalı və xoş günlər arzulayırıq! Əminik ki, Nurəddin müəllim bundan sonra da öz zəngin təcrübəsi və yüksək fəaliyyəti ilə xalqımıza, dövlətimizə, gənc nəslin tərbiyəsinə və Azərbaycan Ağsaqqallar Şurasının fəaliyyətinə dəyərli töhfələr verəcək, müdrikliyi, əzmkarlığı və yorulmaz xidmətləri ilə gələcək nəslə örnək olmaqda davam edəcəkdir.

 

Dərin hörmətlə,

Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvləri

adından Şuranın sədri, millət vəkili, professor                             Eldar Quliyev

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.