Bu gün İlham Əliyevin birinci dəfə Azərbaycan Prezidenti seçilməsindən 22 il ötür. 2003-cü il oktyabrın 15-də keçirilən prezident seçkilərində xalqımız İlham Əliyevin namizədliyini dəstəkləməklə Azərbaycanın etibarlı gələcəyinə səs verdi. Cənab İlham Əliyevə ümumxalq etimadının təntənəsinə çevrilən bu seçki həm də Ulu Öndər Heydər Əliyev siyasi kursunun növbəti qələbəsi oldu.
Ötən 22 il Azərbaycanın müasir tarixini şərəfləndirən çoxsaylı hadisələrlə, misilsiz nailiyyətlərlə zəngindir. Bu hadisələri və uğurları nəzərdən keçirəndə xalqımızın 22 il öncə etdiyi seçimin nə qədər müdrik və uzaqgörən olduğunu görürük. Bu dövrdə Azərbaycanın inkişafı o qədər əzəmətlidir ki, kənardan respublikamıza sadəcə həsəd aparmaq olar. Bu yüksəlişin hər bir elementi göstərir ki, Prezident İlham Əliyev indiyə qədər verdiyi bütün vədləri layiqincə yerinə yetirən liderdir.
Xüsusilə qeyd etməliyik ki, bu illər ərzində Azərbaycan dünyanın nüfuzlu dövlətləri sırasına yüksəlib, regionda liderə, beynəlxalq müstəvidə söz sahibinə çevrilib. Bunun bir səbəbi Azərbaycanın inkişafıdırsa, digər səbəbi Prezident İlham Əliyevin özünün malik olduğu yüksək nüfuzdur. Bəli, Azərbaycan Prezidenti dünyanın ehtiramla qarşılanan nüfuzlu siyasi liderləri ilə bir cərgədə dayanır. Dövlətimizin başçısının fəaliyyətini xarakterizə edən bu ali keyfiyyətləri təsdiq və təcəssüm etdirən çoxsaylı faktlar göstərmək olar. Elə təkcə oktyabr ayında Prezident İlham Əliyevin iştirak etdiyi tədbirlər – “Avropa Siyasi Birliyi”nin 7-ci Zirvə toplantısı, Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü, MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası və Yaxın Şərq Sülh Sammiti Azərbaycan Prezidentinin qlobal nüfuzunu göstərən növbəti siyasi hadisələr oldu.
Prezident İlham Əliyev ötən 22 ildə Azərbaycanı sürətlə inkişaf etməkdə olan dövlətlər sırasına yüksəltməklə yanaşı, həm də qlobal miqyasda aktuallıq kəsb edən məsələlərlə bağlı nümunələr yaradıb. Ondan başlayaq ki, Prezident İlham Əliyev, ilk növbədə, torpaqlarımızın işğaldan azad olunmasını təmin etməklə dövlətin öz milli haqqını təmin etməsinin nümunəsini yaratdı. 30 ilə yaxın işğal altında olan ərazilərimizin azad edilməsi, o cümlədən 2023-cü ildə Qarabağda erməni separatizminə son qoyulması, bütün ərazilərimiz üzərində milli suverenliyimizin bərpa olunması, keçmiş məcburi köçkünlərinin doğma yurdlarına qayıdışı prosesinin başlanması göstərdi ki, müdrik şəxsiyyətin rəhbərlik etdiyi dövlət öz milli hədəflərinə inamla çata bilir.
Torpaqlarımızın işğaldan güc yolu ilə azad edilməsi beynəlxalq arenada dövlətimizin nüfuzunu daha da artırdı. Əgər buna qədər dünya Azərbaycanı əsasən inkişaf göstəricilərinə, beynəlxalq tədbirlərə uğurlu evsahibliyi etməsinə, qlobal enerji təhlükəsizliyi məsələlərinə verdiyi töhfələrə görə qiymətləndirirdisə, torpaqlarımızın işğaldan azad edilməsindən sonra beynəlxalq ictimaiyyət Azərbaycanı həm də qalib dövlət, Prezident İlham Əliyevi isə müzəffər lider kimi tanıdı.
Torpaqlarımızın işğaldan azad olunmasının, ərazi bütövlüyümüzün bərpasının müəllifi Prezident İlham Əliyev bu gün regionda sülhü də lider qətiyyəti ilə bərqərar edir. Cari il avqustun 8-də Vaşinton şəhərində ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Azərbaycanla Ermənistan arasında sülh sazişi layihəsinin paraflanması, ATƏT-in Minsk qrupunun və əlaqəli strukturların ləğv edilməsi, Zəngəzur dəhlizinin (TRIPP) açılması ilə bağlı tarixi razılaşmaların əldə olunması bir daha Prezident İlham Əliyevin qətiyyətli, milli maraqlarımızı uğurla ehtiva edən siyasi kursunun təcəssümüdür. Artıq Minsk qrupu və onunla əlaqəli strukturlar ləğv edilib. Zəngəzur dəhlizinin (TRIPP) açılması istiqamətində isə tezliklə mühüm nəticələrin əldə olunmasına şahidlik edəcəyik. Prezident İlham Əliyevin qətiyyəti sayəsində tezliklə Azərbaycanla Ermənistan arasında yekun sülh sazişi də imzalanacaq.
Beləliklə, göründüyü kimi, ərazilərimizi işğaldan azad edən Prezident İlham Əliyev regionda sülhü də inamla təmin edir. Böyük qürurla qeyd etməliyik ki, dövlətimizin başçısının sülh gündəliyi beynəlxalq səviyyədə təqdir olunur və alqışlanır. Bu, dövlətimizin başçısının “Avropa Siyasi Birliyi”nin 7-ci Zirvə toplantısında iştirakı zamanı da öz təsdiqini tapdı. Bu tədbirdə Prezident İlham Əliyev Danimarkanın Baş naziri Mette Frederiksenin və Avropa İttifaqı Şurasının prezidenti Antonio Koştanın dəvəti ilə iştirak etdi. Həm bu dəvət, həm də dövlətimizin başçısının Kopenhagendə keçirdiyi görüşlər göstərdi ki, Avropa İttifaqı respublikamızla əməkdaşlığa xüsusi önəm verir.
Prezident İlham Əliyevin sülh gündəliyinin beynəlxalq miqyasda böyük maraq doğurması dövlətimizin başçısının Misir Ərəb Respublikasında keçirilən Yaxın Şərq Sülh Sammitinə dəvət olunması da təsdiq edir. Möhtərəm Prezidentimiz Yaxın Şərq Sülh Sammitində Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın və Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisinin dəvəti ilə ilə iştirak etdi. Məhdud sayda dövlət və hökumət başçısının iştirak etdiyi bu tədbirə cənab İlham Əliyevin də dəvət olunması Azərbaycan Prezidentinin yüksək nüfuzunun və müəllifi olduğu sülh gündəliyinə olan beynəlxalq siyasi marağın növbəti göstəricisinə çevrildi.
Oktyabrın birinci ongünlüyündə Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü və Düşənbədə keçirilən MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası da bir daha Prezident İlham Əliyevin yüksək siyasi nüfuzunu nümayiş etdirdi. Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü fonunda özünü göstərən əsas həqiqətlərdən biri bu oldu ki, məhz Prezident İlham Əliyevin təşəbbüsləri nəticəsində son illərdə türk dövlətlərinin birliyi daha da güclənib və TDT mühüm inkişaf yolu keçib. Bəli, Prezident İlham Əliyevin müdrik və uzaqgörən siyasəti nəticəsində Azərbaycanın reallaşdırdığı Bakı-Tbilisi-Qars dəmir yolu xətti, “Cənub qaz dəhlizi” kimi nəhəng infrastrukturlar respublikamızın inkişafına xidmət etməklə yanaşı, həm də türk dünyasını birləşdirir, türk dövlətləri arasındakı iqtisadi inteqrasiyanı dərinləşdirir. Zəngəzur dəhlizinin (TRIPP) açılması isə türk dövlətləri arasında həm iqtisadi əməkdaşlığı dərinləşdirəcək, həm də coğrafi bağlantıya yeni töhfə verəcək.
TDT Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə Prezident İlham Əliyev irəli sürdüyü mühüm təkliflərin – türk dövlətlərinin birgə hərbi təlimlərinin keçirilməsi və birinci Türkoloji Qurultayın keçirilməsinin 100 illik yubileyinin TDT çərçivəsində təntənəli şəkildə təşkil olunmasının reallaşması isə türk dünyasının birliyini daha da gücləndirəcəkdir.
Bunlarla yanaşı, Prezident İlham Əliyevin MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iştirakı, Düşənbədə Rusiya Prezidenti Vladimir Putinlə görüşü bir daha göstərdi ki, Prezident İlham Əliyev dövlətimizin milli maraq və mənafelərini qətiyyətlə təmin edən siyasi liderdir.
Bütün bu qeyd olunanlar Prezident İlham Əliyevin fəaliyyəti ilə bağlı son dövrləri əhatə edən qürurdoğuran məsələlərin bir qismidir. Bütövlükdə isə ötən 22 ildə Azərbaycanın müasir tarixinin ən möhtəşəm səhifələri yazılıb. 2003-cü il oktyabrın 31-də keçirilən andiçmə mərasimində özünün fəaliyyət proqramını, qarşıda dayanan ümummilli hədəfləri açıqlayan cənab İlham Əliyev Azərbaycanın xoşbəxt gələcəyinə inandığını, ölkəmizin bundan sonra da inkişaf edəcəyini, daha da güclənəcəyini bəyan etmişdi. Eyni zamanda İlham Əliyev Ulu Öndər Heydər Əliyevə müraciətlə demişdi: “Əziz Prezident, əsərin olan müasir Azərbaycanı gücləndirəcəyik, zənginləşdirəcəyik, hərtərəfli inkişaf etdirəcəyik, Sizin yolunuzla yeni qələbələrə doğru gedəcəyik”.
Ötən 22 ilin zirvəsindən baxanda Prezident İlham Əliyevin Ulu Öndərə 2003-cü ildə etdiyi bu müraciətinin sözün bütün mənalarında real həyata vəsiqə aldığını görürük. Geridə qoyduğumuz 22 il Azərbaycan dövlətinin və xalqının tarixində olduqca əzəmətli və möhtəşəm hadisələrlə, misilsiz nailiyyətlərlə zəngindir. Bu illər ərzində Azərbaycan cənab İlham Əliyevin bəyan etdiyi kimi güclənib, zənginləşib, hərtərəfli inkişaf edib.
Ötən 22 ildə Azərbaycanın yüksəlişi, qüdrətli dövlətə çevrilməsi xalqımızın Prezident İlham Əliyevə olan inamını daha da yüksəldib. Bu müddətdə keçirilən bütün prezident seçkilərinin nəticələri də bunu təsdiqləyir. Bu proseslərdə isə Azərbaycan ağsaqqalları da hər zaman Prezident İlham Əliyevin siyasi kursu ətrafında səfərbər olublar. Dövlət və xalq qarşısında öz mənəvi missiyasını düzgün dəyərləndirən Azərbaycan Ağsaqqallar Şurası hər zaman cəmiyyət həyatında fəallıq nümayiş etdirir, cənab Prezidentimizin yürütdüyü siyasətə özünün layiqli töhfələrini verir. Azərbaycan Ağsaqqallar Şurası milli-mənəvi dəyərlərimizin qorunması, gənc nəslin Ulu Öndər Heydər Əliyev ideyalarına sədaqət və vətənpərvərlik ruhunda tərbiyəsi istiqamətində tədbirlər həyata keçirir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə 22 ildə qazanılan uğurlar, torpaqlarımızın işğaldan azad olunması hər bir azərbaycanlının qürur mənbəyidir, tariximizin şərəfli səhifəsidir. Hər bir nailiyyətimiz Prezident İlham Əliyevin qətiyyətli siyasətinin nümunəsidir. Tarixinin sürətli yüksəliş dövrünü yaşayan Azərbaycanda Heydər Əliyevin siyasəi kursu hər zaman davam edəcək və Prezident İlham Əliyevin liderliyi ilə respublikamızın tarixi yeni və əzəmətli nailiyyətlərlə zənginləşəcək.
Eldar QULİYEV,
Azərbaycan Ağsaqqallar Şurasının sədri,
Milli Məclisin Hesablayıcı komissiyasının sədri,
professor