Xəbərlər

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisinin nümayəndələri Azərbaycan Ağsaqqallar Şurasında olublar

7 fevral 2024-cü il tarixində keçirilən növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərini izləmək üçün ölkəmizdə olan Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisinin (QDİƏT PM) müşahidə missiyasının üzvləri Azərbaycan Ağsaqqallar Şurasında olublar. Görüşdə Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, Milli Məclisin QDİƏT PM-dəki nümayəndə heyətinin rəhbəri, professor Eldar Quliyev, Şura sədrinin müavini, millət vəkili, Milli Məclisin QDİƏT PM-dəki nümayəndə heyətinin üzvü, professor Eldar İbrahimov, QDİƏT PM-in Baş katibi Asəf Hacıyev, təşkilatın sədr müavinləri – gürcüstanlı deputat Ramaz Nikolayşvili və ruminiyalı deputat Daniel Konstantin, habelə bolqarıstanlı deputat Petar Kanev, yunanıstanlı deputat Konstantinos Vlasis, Azərbaycan Ağsaqqallar Şurasının Aparat rəhbəri Ramin Həsənli və digər şəxslər iştirak ediblər.
Səmimi və işgüzar şəraitdə keçən görüşdə Eldar Quliyev qonaqları salamlayaraq Azərbaycan Respublikası Prezidenti seçkilərindən bəhs edib. Bildirib ki, seçki hüquqlarının yüksək səviyyədə təmin olunduğu Azərbaycan vətəndaşları hər zaman olduğu kimi bu dəfə də azad, şəffaf və demokratik şəraitdə keçirilən seçkilərdə fəal iştirak edərək ən layiqli namizədə səs veriblər. O, həmçinin, vurğulayıb ki, müstəqillik əldə etdikdən sonra ilk dəfə olaraq  bütün suveren Azərbaycanda, habelə işğaldan azad edilmiş şəhər və rayonlarımızda keçirilən növbədənkənar prezident seçkilərində vətəndaşlarımız böyük ruh yüksəkliyi ilə iştirak ediblər. Belə ki, bu, doğma torpaqlarımıza qayıdan soydaşlarımızın illərlə həsrətində olduqları ən böyük arzularından idi. Eldar Quliyev Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun 44 günlük Vətən müharibəsində əzəli və əbədi torpaqlarımızı erməni işğalçılarından azad etməsindən də söz açıb. Vurğulayıb ki, hazırda həmin ərazilərdə geniş vüsətli quruculuq işləri gedir, infrastuktur layihələr həyata keçirilir, “ağıllı” şəhərlər və kəndlər salınır. Artıq məcburi köçkünlərimiz öz ata-baba yurdlarına qayıdırlar. Söhbət zamanı Azərbaycanın Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının fəal üzvlərindən biri olduğunu vurğulayan Eldar Quliyev ölkəmizin digər üzv dövlətlərlə münasibətlərin, o cümlədən iqtisadi və sosial əlaqələrin inkişafına xüsusi əhəmiyyət verdiyini bildirib. Azərbaycan Respublikası Milli Məclisinin QDİƏT PM-dəki nümayəndə heyətinin təşkilatın iclaslarında mütəmadi olaraq iştirak etdiyini və müzakirə olunan hüquqi, siyasi, mədəni, təhsil və digər sahələrlə bağlı aktual məsələlərin həllinə dair səmərəli təkliflər irəli sürdüyünü qeyd edib. Vurğulayıb ki, Azərbaycan dövləti dünyanın bütün ölkələri ilə yanaşı, nüfuzlu, eyni zamanda ədalətli və qərəzsiz beynəlxalq təşkilatlarla da münasibətlərin yüksələn xətlə inkişafına  hər zaman böyük diqqət ayırır. O, Azərbaycan Ağsaqqallar Şurasının fəaliyyəti barədə də qonaqlara ətraflı məlumat verib.
Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisinin nümayəndələri Azərbaycanda, habelə Ağsaqqallar Şurasında onları belə səmimi şəkildə qəbul etdikləri üçün öz minnətdarlığını ifadə ediblər. Azərbaycanla bağlı öz xoş təəssüratlarını bölüşərək, ölkəmizin gündən-günə inkişaf etdiyini dilə gətiriblər. Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin şəffaf və qanunvericiliyin tələblərinə uyğun qaydada, həmçinin yüksək vətəndaş fəallığı şəraitində keçdiyini vurğulayaraq, səsvermə prosesinin gedişindən razı qaldıqlarını bildiriblər. Azərbaycan xalqını və dövlətini bu uğurlu seçkilərlə bağlı təbrik ediblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.