Xəbərlər

«Qarabağın azadlığı ən böyük hədiyyəm oldu»

Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı, professor Eldar Quliyev Teleqraf.com-un suallarını cavablandırıb.

Bu yaxınlarda 70 illik yubileyi münasibətilə Azərbaycanın ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə dövlət başçısı tərəfindən “Şərəf” ordeni ilə təltif edilən professor Eldar Quliyev Maştağa və İçərişəhərdəki babalarından, Bakı kəndlərinin ab-havasından, nənəsinin xatirələrindən danışıb.

Onunla müsahibəni təqdim edirik:

– Eldar müəllim, bu yaxınlarda 70 illiyinizi qeyd etdiniz. Yeddi on illiyin xronologiyası şərh etsəniz, ömür karvanınıza hansı pəncərədən baxardınız?

– Anadan olduğum gündən bu günə qədər olan dövrü şərh etsəm, bizə çox zaman lazım olacaq. Ziyalı bir ailədə doğulmuşam. Atam 17 yaşında II Dünya müharibəsinə gedib, 4 ildən sonra qayıdıb. Ondan sonra atam texnikumda təhsil alıb. Babam Məmmədyar maştağalı, nənəm Həcər xanım içərişəhərlidir. Babam tanınmış nəsil olan Hacinskilərin doğma bacısı oğludur. Hacı Ağa və İsa Hacınskilərin böyük bacılarının adı Bilqeyisxanım olub. Hacınskilər də imkanlı bir nəsil idi. Həm neft çıxarılması, həm də ticarətlə məşğul olublar. Onların böyük bacıları Maştağada sahibkar olan Hüseynqulu adlı bir şəxsə ərə gedib. Bu adam da mənim babamın atasıdır. Babamın atasıgil Maştağada böyük bir nəsildir.

– Hacinskilərlə bağlı tarixi ədəbiyyatlarda da bəhs olunur…

– Tarixi ədəbiyyatlarda Hacınkilərlə bağlı bir çox məlumatlar mövcuddur. Amma onların ailələri haqqında yazılanlarda ancaq qardaşları haqqında informasiyalara rast gəlmək olur. Hacinskilər haqqında bir çox kitablar yazılıb. Həmin Hacinskilərdir ki, onların Qız Qalasının yanındakı evində Qafqaz İslam Ordusunun komandanı Nuru Paşa qalıb. Böyük bacıları haqqında heç bir məlumat tapmaq olmur. Nənəm də xatirələrindən bəhs edəndə deyərdi ki, onlar, yəni Hacınski qardaşları böyük bacıları olduğu üçün Bilqeyisxanıma böyük hörmət və izzətlə yanaşırdılar. Mənim babamın anası belə bir ziyalı ailənin qızı olub. Babam Məmmədyar isə bağçılıqla, təsərrüfatla məşğul olub. Eyni zamanda babamgil 9 qardaş olublar, bacıları olmayıb. Bilqeyisxanım 9 oğul anası olub. İki qardaşları xəstəlikdən vəfat edib. Onların da yeddisinin sağlığında ataları mülkiyyət bölgüsünü edib. O vaxt torpaq sahələri və bağları övladları arasında bölünüb. Bunu da ataları rəsmi qaydada edib. Bununla bağlı mənim arxivimdə sənədlər var. Babam Məmmədyarın o zaman 19 yaşı olub. Amma buna baxmayaraq ataları hamısına mal-mülk bölgüsü edib.

– Deməli, babanız da Maştağanın sayılıb-seçilən nəslin nümayəndəsi olub…

– Bəli, babamgilin Maştağada hörmət edilən bir şəcərəsi var. Babamın anası o vaxt hələ Bakı şəhərində yeganə qadın olub ki, çarşabsız gəzib. Bunları mənə nənəm danışıb. Mənim 21 yaşım olanda nənəm rəhmətə gedib. Babamı görməmişəm. O, tez dünyasının dəyişib. Babamla nənəmin ailə qurması da çox maraqlı bir tarixlə bağlıdır. Hacinskilər 3 qardaş olub. Hacı Ağa onların böyük qardaşı idi, babamın anası onların yeganə bacısı olub. 3 qardaşdan Hacı Ağa Hacinskinin övladı olmayıb. Hacı Ağa Hacinski də nənəmin xalası ilə evli idi. Onların da övladları olmadığına görə belə qərara gəlinir ki, o, öz bacının oğlunu, xanımı da bacısının qızını evləndirib onları öz yanlarında saxlasınlar. İndiki “Beşmərtəbə”nin yanında keçmiş Basin 27 ünvanındakı evi yaxın illərdəki təmir zamanı geriyə sürüşdürdülər, həmin o ev əvvəl İsa Hacinskinin olub. İsa Hacinski bulvarda özünə ev tikdirdikdən sonra o evi Hacı Ağa Hacinskiyə verib. Həmin binanın 3-cü mərtəbəsində onlar yaşayıblar, ikinci mərtəbədə isə o gənc ailəni yerləşdiriblər. Mənim babamla nənəm həmin evdə yaşayıblar.

– Nəsil şəcərənizin bir hissəsi içərişəhərlidir?..

– Bəli, nənəmgil İçərişəhərin tanınmış ağ şalvarlılarından idi. O dövrdə Bakıda baş verən proseslərə görə, kimin Maştağa ilə əlaqəsi vardı, onlar məhz bu qəsəbəyə köçməli olub. 1918-ci ildə məlum tarixi hadisələr baş verəndə demək olar ki, bütöv şəhər camaatı Maştağaya köçüb. Bakıya daşnakların hücumu zaman kişilər ailələrini məhz Maştağada saxlayıb bolşeviklərə-daşnaklara qarşı vuruşmağa qayıdıblar. Maştağa həndəvərində daşnakların hücumunu dəf edərkən babamın iki qardaşı şəhid olub.

– 1918-ci ildə Bakıda törədilən mart qırğınlarından böyükləriniz nələr danışırdı?

– Nənəm o dövrlərlə bağlı çox hadisələri danışardı. Deyirdi ki, Qafqaz İslam Ordusu gələnə qədər çox böyük çətinliklər yaşayıblar. 1918-ci ilin mart hadisələri zamanı Şaumyan daşnaklara deyib ki, Maştağanı almasanız, Bakını işğal edilmiş saymayın. Mart qırğınları zamanı Bakıda insanlara qarşı çox amansızlıqla divan tutulub. Hətta nənəm deyirdi ki, insanları divara mismarlayıb öldürüblər. Türk ordusu gələnə qədər belə müsibətlər davam edib.

– Maştağada o zaman türk ordusunun gələcəyini bilirmişlər?

– Qafqaz İslam Ordusunun bir hissəsi Nardaran, Bilgəh tərəfdən gəlib. Hətta türk paşası Maştağanın mərkəzinə gəlib çatanda deyib ki, niyə gavurları qovmursuz?. Bolşevik-daşnaklara qarşı mübarizədə Qafqaz İslam Ordusuna Bakı, xüsusən Maştağada toplaşan qoçular, ayrı-ayrı adamlar böyük köməkliklər göstərib. Bizimkilər gecələr gedib düşmən toplarının lüləsinə qətran basarmışlar. Topların lüləsinə qətran basdıqda ondan atış etmək olmurmuş. Hətta bir daşnak zabitini un kisəsində əsir götürüb gətiriblər. Çünki Qafqaz İslam Ordusunun komandalığına bu əsirlərdən alınacaq məlumatlar vacib idi. Türklər ərazini tanımadıqlarına görə, bu işləri yerli insanlar həyata keçirirdilər. Buna baxmayaraq, düşmənlə mübarizədə itkilərimiz az olmayıb. Tanınmış Bakı qoçularından olan qoçu Əziz də orada şəhid olub.

– Deməli, Bakı qoçuları haqqında danışılanlar reallığa əsaslanırmış?

– Bəli, qoçu Nəcəfqulunu bolşeviklər məhkəməsiz güllələyib. Sovet hökuməti qurulduqdan sonra da Bakı qoçularına qarşı xüsusi amansızlıqla divan tutmağa başladılar. Çünki bu adamlar camaat arasında böyük nüfuza malik idilər.

– Sizə danışılan xatirələrdə Xalq Cümhuriyyəti dönəmini necə xatırlanırdı?

– Bu barədə də nənəmin xatirələri zəngin idi. Nənəm Xalq Cümhuriyyəti dönəmindən bəhs edərkən deyirdi ki, o dövrdə tez-tez dəyişikliklər baş verirdi. Çar Rusiyasında olan inqilab, Ermənistan tərəfindəki hadisələr o dövrdə yeni yaranmış ölkədə təlatümlərə yol açıb. Nənəm babamızın gündə bir təzə xəbərlə evə gəldiyini, narahat bir həyat tərzi yaşadıqları söyləyirdi. O deyirdi ki, Xalq Cümhuriyyəti dövründə vəziyyət çox ağır idi. Bolşeviklərlə Xalq Cümhuriyyəti arasında ciddi qarşıdurmalar baş verirdi. Babam bu haqda nənəmə danışarmış.

– Böyükləriniz sovet hakimiyyətinin qurulmasını və ondan sonrakı dövrü necə xatırlayırdı?

– Nənəm deyirdi ki, biz evimizi sovet hökumətinə təhvil verib çıxmışıq. Gəlib dedilər ki, bu evləri tək edin.

– Atanız ailəsi barədə də məlumat vermənizi istərdik.

– Atamgil beş qardaş, üç bacı olublar. Əmimin biri həkim, digəri hərbçi olub. Ata nəslimdən II Dünya müharibəsinə 7 nəfər gedib. Onlardan yalnız ikisi sağ qayıdıb. Atamla, bibimin həyat yoldaşı sağ salamat geri dönüb. Atam 1944-cü ilin dekabr ayında müharibədən yaralı vəziyətdə geri dönüb. Mühribədə atam dabanından və əlindən yara alıb. Ona görə də sonralar ayağının birini bir az çəkirdi. Atam deyirdi ki, orada yeganə sağ qalan mən oldum. Digərlərinin taleyi çox acınacaqlı olub.

– Bakı mühitində təhsilə maraq birmənalı olub. Sizin ailədə bununla bağlı vəziyyət necə idi?

– Sovet dönəmində təhsilə fikir verirdilər. Amma müharibənin yaratdığı çətinliklər, imkansızlıq insanların bir qisminin təhsil almasına maneə yaradırdı. Əmilərimdən ikisi ali savadlı olub. Babam Məmmədyar müharibədən öncə rəhmətə gedib. Atam da müharibədən qayıtdıqdan sonra təhsil alıb və o, müharibədən qayıtmayan yaxınlarımızn övladlarına dəstək olub.

– Ailənizin qazanc mənbəyi əsasən hansı sahələrdən təmin olunurdu?

– Bayaq xatırlatdım ki, babamın anası Hacınskilərin qızı olub. Hətta şəhərdə olanda bolşeviklər bir gün onların evlərinə də qarət üçün basqın ediblər. O vaxt Bakıda olan varlı ailələrə basqınlar edərək qızıl və dəyərli əşyaları qarət edirlərmiş. Nənəm danışardı ki, bir dəfə də onların evlərinə belə bir basqın edilib. Amma quldurlar cəmi bir cüt sırğa apara biliblər. Basqın zamanı babam pəncərədən kömək çağırıb, polis işçiləri ilə quldurlar arasında atışma olub. Məlum olub ki, babamgilin evində qızıl-zinət olmasını onların evlərinin damlarını qırlayan bir şəxs işarə verib. Həmin atışma zamanı o qırçı da yaralanıb. Sonradan bəlli olub ki, o qırçı bolşeviklərə Bakıda olan varlı evlərin ünvanını verirmiş.

– Atanız hansı sahədə çalışıb?

– Atam çörək sexinə rəhbərlik edirdi. O dövrdə çörək talonla olsa belə ədalətli bölgü ilə ad çıxarmışdı. Hətta imkanı olmayanlara çatdırarmış. Amma atam heç vaxt bu cür hallardan pul qazanmayıb. O, həmişə ehtiyacı olanlara, talon ala bilməyənlərə yardım edib. Atam etdiklərini heç vaxt danışmazdı. Bunları biz başqalarından eşidərdik. Qış aylarında artıq qalan çörəkləri kağız kisələrə yığıb ehtiyacı olan ailələrə verirmişlər. O zaman deyərmişlər ki, “Allahyarın çörəyi gəldi”. Atam əsasən ailə başçıları müharibədən qayıtmayan ailələrə yardımlar edib. Hər gün bu qayda təkrar olunarmış. Nardaran ağsaqqaları indi də mənə deyirlər ki, Allahyar kişi hər zaman öz qabiliyyəti ilə ad qazanıb. Atam rəhmətə gedəndə mən məclisdə bildirdim ki, ay camaat, atamın kimə nə borcu varsa, mən oğlu olaraq onu ödəməyə hazıram. Hamı dedi ki, Allah rəhmət etsin.

Amma bu hadisənin üstündən bir neçə gün keçəndən sonra bir nəfər mənə xəbər göndərdi ki, bəs atanızın mənə borcu var. Maraqlandıq, 70 yaşında bir kişi idi. Axtardıq, tapdıq soruşduq ki, atamızın sizə necə, nə qədər borcu olub? Dedi ki, “o vaxt atanız çörək verəndə, yəni 1945-ci ildə mənim 10 yaşım olardı… çörəyin pulunu öna ötürdüm, amma o çərəyin pulunu mənə qaytaranda iki manat əskik vermişdi” (gülür). Deyirik ki, ağsaqqal bəlkə arada o qalığı sənə qaytaranlar pulu əskik veriblər?.. Dedi ki, yox, mənim iki manatımı qaytarın, çünki sən demisən ki, atamın kimə ki borcu var qaytaracam. Soruşduq ki, indi nə istəyirsən? Ded evimiz uçub-tökülür onu təmir etdir. Onun oğlanlarını da çağırdım dedim ki, atanıza o iki manata görə yox, halallığa görə pul verirəm, gedin atanızın evini təmir etdirin. Bu hadisə 2015-ci ildə baş verib. Atam da 30 dekabr 2015-ci ildə 92 yaşında rəhmətə gedib. O vaxt mən artıq Sabunçu rayonunun 15 il idi ki, millət vəkili idim. Onu da xatırladım ki, 1966-cı ildə atam Azərbaycan ali sovetin rəyasət heyətin qərarı ilə əməkdar ticarət işçisi adı ilə təltif olunmuşdur. Onun necə ola bilərdi ki, kiməsə iki manat borcu qalardı (gülür).

– Eldar müəllim, sizi yaxından tanıyaq…

– Ailədə 3 uşaq olmuşuq. İki qardaşım olub. Mən ortancılıyam. Atam ticarətlə məşğul olub. Onun böyük vəzifələrdə heç vaxt gözü olmayıb. Bir dəfə soruşdum ki, ay ata niyə vəzifə təklif olunur, ancaq sən getmirsən? Dedi ki, ay oğul, böyük gəminin, böyük dərdi olur. Evimizin nə qulluqçusu, nə xidmətçisi olub. Elə qulluqçu da, nökər də özümüz olmuşuq. Həyətimizdə göy-göyərti əkib-becərmişik. Amma özümüz satmamışıq. O zaman gəlib bir-bir qapılardan səhər tezdən götürərdilər. Bir gün sonra da pulunu gətirərdilər. O zaman düzlük əsas idi. Həmçinin toyuq-cücə, qoyun saxlamışıq. Nənəm deyərdi ki, biz inək də saxlayardıq.

– Ailənizdə təhsilə münasibət necə olub?

– Çox yüksək… Hətta əmim həkim olub. Məni onunla müqayisə edərdilər. Çünki o çox savadlı olub. II Dünya müharibəsinə gedib, ancaq qayıtmayıb.

Atamgil 8 uşaq olub. 5 qardaş və 3 bacı olublar. Atam camaat arasında çox böyük nüfuza, hörmətə malik idi. Bir neçə dəfə rayon sovetinə deputat seçilib. Hökumət nə olsa, ilk atama təqdim edirdi. O vaxt Volqalar vardı, üstündə ceyran nişanı olan, o maşından atama təqdim etmişdilər. Maşınla bağlı da maraqlı bir hadisə olmuşdu. Dövlət tərəfindən atama maşın verildikdən sonra onu idarəyə çağırmışdlar. Orada atama deyiblər ki, bəs qonşunuz Bəyəhməd də maşın növbəsində olub. Amma biz maşını sənə vermişik. O da narazılıq edir. Bir aydan sonra maşın veriləcək, – deyirik, ancaq razı olmur. Atamdan xahiş etmişdilər ki, mümkünsə bu dəfə maşını Bəyəhmədə versin. Bir ay sonra yenisini özü götürsün. Atam da qonşu olduğuna görə maşını Bəyəhmədə verdi. Amma xatirimdədir ki, o, maşının pulunu ödəyə bilməyib, borclu qalmışdı.

– Sonra bəs sizə maşın verildimi?

-Bəli, düz 30 gün sonra atama maşın təqdim edildi. Amma atam maşın sürməyi sevən deyildi. Arada bir bizi dəniz qırağına aparardı. Ona hər zaman hörmətlə yanaşardılar. Məsələn, uşaq göndərərdilər ki, get, Allahyardan al, çünki onun tərəzisi düz olur. Halal adam olduğuna görə kənddə də ağsaqqallığı atam edərdi. Hətta rayona yeni polis rəisi təyin olunarkən o mütləq gəlib atamla görüşərdi. Çünki camaatla davranış qaydalarını və digər məsələləri atamla məsləhət edirdilər. Maştağa böyük qəsəbədir. Bura gələn dövlət rəsmiləri, mütləq ki, qəsəbənin ağsaqqalı ilə məsləhətləşməli idi. Bir çox məsələlər məhz ağsaqqalların əli ilə həll olunurdu.

– Bakı qoçuları, onların daşnaklara qarşı mübarizəsi haqqında daha ətraflı məlumat verməyinizi istəyərdik…

-1918-ci ildə ermənilər Azərbaycana qarşı qırğınlara başlayanda əhali ilə birlikdə Bakı qoçuları da onlara qarşı mübarizə aparıb. Qafqaz İslam Ordusu gəlib çatana qədər Bakı qoçuları digər milli qüvvələrlə birlikdə erməni-daşnak dəstələrinə ciddi müqavimət göstərib. Qoçular bu mübarizədə şəhid də veriblər. Bu mənada onların daşnaklara qarşı mübarizədə əməyi az olmayıb. Qoçularla bağlı müxtəlif məlumatlar var. Onlarla bağlı məlumatlar XIX əsrin əvvəllərinə gedib çıxır. 1850-ci ildən başlayaraq Azərbaycanda neft bumu yaşanırdı. O dövrdə Azərbaycanda olan Nobel qardaşları silah satışı ilə məşğul olurdular. Onlar Cənub tərəfdə silah qundaqları (dəstəkləri) üçün bərk ağac (dəmirağac) materiallarının tədarükü ilə məşğul olurdular. Onlar bu sahədə işlərinin bir qədər ləng getməsinə görə Bakıya gəlmişdilər. Bakıda da neft sahələrinin satışı aukisionu ilə tanış olurlar. Beləliklə bir quru sahə alaraq, ora yatırım edib neft çıxarmağa başlayırlar. Bununla dünyada tanınmış milyonçuya çevrilirlər. Onlar bu vəsaitlər hesabına Nobel qardaşları fondunu da yaratmışdılar. Bolşeviklər Bakını işğal etdikdən sonra onlar da buranı tərk etməli oldular. O dövrdə yaradılmış Nobel qardaşları fondunun 35 milyon dollar büdcəsi vardı. Bu fond vasitəsi ilə elmin, texnikanın inkişafına dəstək olurdular. Məhz o dövrdə Bakıda yaxşı insanlarla yanaşı, arzu olunmayan insanlar da yaşayırdı. Onların da bir hissəsi Gürcüstandan gəlmişdi. Onlara kintolar deyirdilər. Kintolar gecələr insanların qabağını kəsər, varlı adamların evlərinə basqınlar edər və bir növ quldurluqla məşğul olardılar. Hətta ölüm hadisələri də olub. Məhz bu səbəbdən də o dövr imkanlı adamlar öz mühafizəsini təmin etmək üçün müxtəlif vasitələrdən istifadə ediblər. Bu mənada qoçuların fəaliyyətindən yararlanıblar. Qoçu bir adamın adı olub. O, Şamaxı-Qobustan tərəfdən kasıb bir ailədən çıxıb. Qüvvətli, bacarıqlı, qamətli insan olan həmin Qoçu Bakıda bir adamın yanında işləməyə başlayır. Günlərin bir gün bu Qoçunun çalışdığı evin sahibinin hələ tam əhilləşməmiş atı qaçır. Qoçu tez zamanda o atır tapıb gətirir, yəhərləyir və ram edir. Bu hadisədən sonra Qoçu adı məşhurlaşır. Beləliklə qoçular yavaş-yavaş ad qazanmağa başlayır. O dövr üçün varlı insanlar da artıq öz yanlarında bu cür adamlar saxlayırdılar. İlk növbədə də kintolardan qorunmaq üçün qoçuların xüsusi rolu olub. Bundan sonra kintolar yavaş-yavaş Bakını tərk edib. Beləliklə, Bakı qoçuları haqqında əfsanələr yaranmağa başlayıb. Onu deyim ki, Bakı qoçuları haqqında zaman-zaman mənfi fikirlər də səslənib. Amma bu fikirlərin əksəriyyətinin heç bir əsası yoxdur. Çünki qoçular adətən ədalətin bərpasına çalışıblar. Kəndlərdə xeyir işlərdən öncə də Bakı qoçularından xeyir-dua alınarmış. Mənim babamın qəbri ilə Qoçu Salmanın qəbri yan-yanadır. Qoçu Salman babamın atasının əmisi oğludur. Adı Salman Pirməhəmməd olub. O da Bakıda ən hörmətli qoçulardan biri olub. Onunla bağlı kitablarda da məlumatlar var.

– Bəzən Bakı və kəndləri haqqında əsassız iddialar səsləndirilir…

– Onu deyim ki, bədnam qonşularmız olan ermənilər Azərbaycan tarixi, burada yaşayan yerli əhali, Bakı haqqında heç bir əsası olmayan fikirlər səsləndirirlər. Ermənilər iddia edir ki, guya biz Sibirdən gəlib buralarda məskunlaşmışıq. Amma inkarolunmaz tarixi faktlar və reallıq onu göstərir ki, Azərbaycan xalqı bu torpaqda min illərdir yaşayır. Bakı kəndlərinin tarixinə nəzər salsaq, bu ərazilərin qədim türk yurdu olduğu bir daha təsdiqlənmiş olar. Bakının ən qədim kəndlərindən biri də Maştağa kəndidir. Hətta mən qardaş Türkiyədə səfərdə olanda orada bildirildi ki, Anadolu Türklərinin çoxu Azərbaycandan gələnlərdir. Azərbaycan Oğuz türklərinin qədim yurdudur. Maştağa qəsəbəsinin adı da sak-massaget tayfalarının adından götürülüb. Onlar qəbilə olub. Bu ad zaman-zaman dəyişərək Maştağa kimi deyilib. Bu qəsəbənin qədim yaşayış məntəqəsi olduğunu təsdiq edən bir neçə inkarolunmaz tarixi faktlar mövcuddur. Maştağada bir neçə qədim məhəllə olub. Onlar Seyidlər, Keçənlər, Hunhar məhəlləsidir. Hunhar məhəlləsi qədim hun türklərinə bağlı olan bir addır. Hunharın tərcüməsi qan içənlər deməkdir. Tarixdən də məlumdur ki, hunlar daima at belində olub. Onlar daima səfərlərdə olduğuna görə, atın kürəyinin arasında bir azça çərtib o qandan içərmişlər. Bu həm susuzluqlarını yatırar, həm də onları xəstəliklərdən qoruyarmış. Buna görə onlara Hunhar, yəni qaniçənlər deyərlərmiş. Eyni zamanda Maştağada qədim Cümə məscidi var. Sovet dövründə digər məscidlər bağlansa da, Maştağa Cümə məscidinə toxunulmamışdı. Bu məscidin də yaşı min ildən artıqdır. Təxminən X əsrdən bu məscid mövcuddur. Onu da əlavə edim ki, AXC-Müsavat hakimiyyəti dövründə Maştağa Cümə məscidi ətrafında qazıntı işləri aparıldı. Orada kiçik ölçülü tədris ocağı vardı. Məhz orada aparılan qazıntılar zamanı qədim sikkələr aşkarlanmışdı. Gümüş və bürüncdən olan sikkələr 8-9-cu əsrə aid idi. Həmin sikkələrin üzərində IX əsrə aid rəqəmlər həkk olunmuşdu. Adət-ənənəyə görə, orada tikinti aparılarkən bu sikkələr ora atılıb. Qazıntılar zamanı aşakarlanan sikkələrin hara aparıldığı da bilinmədi.

– Xanlıqlar dövründə Maştağa hansı inzibati idarəçiliyə malik olub?

– Maştağa özü da ayrıca xanlıq olub. Dərgahqulu xanla Bakı xanı Hüseynqulu xan yeznə-qayın olublar. Onlar öz aralarında Bakını bölüblər. Bakının şəhər hissəsi Hüseynqulu xana, kənd hissəsi Dərgahqulu xana düşüb. Dərgahqulu xan Abasqulu Ağa Bakıxanovun babasıdır. İndi də Maştağada Ağa meydanı var. O meydan məhz o xanların adına belə adlanıb. Çünki o dövr müraciət forması ağa idi. Dərgahqulu xanın da orada evi olub. XIX əsrin ortalarında olan zəlzələdə Maştağada Ağa meydanının bir hissəsi dağılıb. Bu tarixi faktlar onu deməyə əsas verir ki, biz buranın aborigen əhalisiyik.

– Şəcərənizin Maştağaya gəlməsi ilə bağlı hansı məlumatlar var?

– Allah bütün balaları qorusun, adımı daşıyan nəvəm 11 yaşı olmasına baxmayaraq, kökə, tariximizə, nəslimizə, keçmişimizə çox meyillidir. O həmişə mənə deyir ki. Mənə babalarımızın, nəslimizin qəbirlərini göstər. Mən də, nəvəm Eldara nənəmin, babamın və digərlərinin qəbirlərini göstərirəm. O həmişə məndən bir-bir babalarımızın adını soruşur. Soruşur ki, babanın atasanın adı nə idi? Deyirəm ki, Məmmədyar. Deyir ki, Məmmədyarın atasının adı nədir? Deyirəm ki, Hüseynqulu. Deyir ki, Hüseynqulunun atasının adı nə olub? Deyirəm ki, Cəfər. Deyir bəs Cəfərin atasının adı nə olub. (Gülür). Hətta nəvəmin sorğu-sualı bununla da bitmir, mənə deyir apar onların qəbirlərini bir-bir göstər. Deyirəm ki, bəs mən babamın babasına, yəni Cəfərə qədər olan nəsil tariximizi bilirəm. Müqəddəs Qurani Kərimdə də yazılıb ki, qəbirlər 7 nəsildən sonra itir.

– Maştağa ilə qonşuluqda yerləşən Ramana qalası haqqında danışmağınızı istəyərdik…

– Ramana qalası e.ə Roma imperiyasının 4-cü legionu tərəfindən inşa edilib, orada məskunlaşıblar. Həmin qalanın da adı Roma imperiyasının adı ilə Romania olub. İllər keçəndən sonar Ramana kimi işlənməyə başlayıb. Roma imperiyası parçalanıb, dağıldıqdan sonra 4-cü legionun da əsgərlərinin çoxusu buranı tərk etsə də, bəziləri yerli əhaliyə qarışaraq burada yaşayıb. Bu baxımdan Ramana qalasının özünün tarixi bir mədəniyyəti daşıması da faktdır. Onu da deyim ki, qəsəbələrdə insanlar neft çıxarılana qədər bağçılıq, bostançılıqla məşğul olub. Nardaran qəsəbəsi də özündə çox qədim tarixi yaşadır. Nardaranda indiyə qədər qalmış Xan bağı, Dərğahqulu xanın orada bağı, XI-XII əsrə aid Nardaran qalası var. Eyni zamanda Bakı kəndləri özlərinin qum hamamları ilə tanınır. Bu qala əsasən düşmən gəmiləri görüb əhaliyə xəbərdarlıq etmək üçün tikilib. Həmin qalanın içindən Maştağa və digər qəsəbələrə yollar olub.

– Bakı kəndlərində dinə münasibət necə olub?

– Din, etiqad mövzusu Bakı kəndlərində hər zaman yüksək olub. Bu gün də o münasibət var. Maştağada 20-yə yaxın məscid olub. Sovet dövründə Maştağada bütün məscidləri bağlasalar da, yeganə Maştağa Cümə məscidinə, Nardaranda Pirə toxunulmamışdı. Amma bütün qadağalara baxmayaraq, din məsələləri Bakı kəndlərində xüsusi diqqətə malik olub.

– Dini mərasimlərin keçirilməsinə o dövr hansı qadağalar vardı?

– Xatirimdədir, kiçik yaşlarımda anam bizi Nardaran Pirinə aşura məclislərinə aparardı. Aşura məclisləri yaya düşdüyü zamanlarda Pirin və məscidlərin həyətində süfrə sərib şərbətdən, halvadan ehsanlıq edirdik. Hətta zəncir vuranlar da olurdu. Axşamlar məscidə də müəyyən dini mərasimlər keçirilirdi. Amma polis kənarda dayanıb sakitliyi, qarşıdurmanın və təxribatın olmamasına nəzarət edərdi.

– Sovet dönəmində Bakı kəndlərində elmə, təhsilə münasibət necə idi?

– Bəli, sovet dövründə qayda vardı ki, təcümeyi-halında belə ziyalı yaza bilmirdin. Hamı tərcümeyi-halında fəhlə yazırdı. Amma ailələrin seçimləri ilə bağlı məsələlərə hər hansı qadağalar olmayıb. Mən özüm kommunist partiyasının üzvü olmuşam. 1981-ci ildə aspirant olmuşam. Ziyad Səmədzadə bizim universitetdə elmi işlər üzrə prorektor işləyirdi.

– O dövr Maştağada bayramların, əlamətdar günlərin keçirilməsini necə xatırlayırsınız?

– Atam mütləq ki, hər Qurban bayramında qurban kəsib, minimum 7 qapıya payladardı. Bəzi ailələrə qurban aparıb verirdik. Deyirdilər ki, bəs biz qurban kəsmisik aparın ehtiyacı olanlara verin. Bu ənənə bizim ailədə indi də davam edir. Bu gün də biz Qurban bayramında qurban kəsib ehtiyacı olan ailələrə göndəririk. Çünki bu ənənə babamdan, atamdan bizə miras qalıb.

– Doğulduğunuz kəndə rektor, millət vəkili kimi qayıtdız. Hansı hislər keçirdiz?

– Orta məktəbdə yaxşı oxumuşam. Düzdür, bizə medal verməsələr də, Fəxri fərman vermişdilər. Bu günə qədər də o Fəxri fərmanı saxlamışam. Bizim sinifdə 27 uşaqdan 17-si inistuta daxil olmuşdu. Sözsüz ki, öz oxuduğum məktəbə millət vəkili qayıtmaq çox böyük bir şərəf idi. Mən heç ibtidai sinif müəlliməm olan Rəfiqə müəlliməni unutmamışam. O bizim 1-ci sinifdən 10 sinifə qədər sinif rəhbərimiz olub. Onunla ana-bala münasibəti yaranmışdı.

– Depuat kimi qəsəbənizə gəldikdən sonra hansı yeniliklər baş verdi?

– İlk növbədə qəsəbədəki məktəbin təmirinə diqqət yetirdik. Park, mədəniyyət sarayı, poliklinikamızı təmir etdirdik. Digər məsələləri də hər zaman diqqətdə saxlamışam. Eyni zamanda 255 saylı məktəbin yenidən təmirini həyata keçirdik. Savalan qəsəbəsində yeni məktəb tikilib istifadəyə verildi. Bununla yanaşı qəsəbələr üçün su və digər problemləri həll etmişik. Onu da deyim ki, millət vəkili kimi həm Ulu öndər Heydər Əliyevin, həm də cənab Prezidentin dövründə seçicilərimizlə bağlı nə müraciət etmişik hamısı həll edilib. Eyni zamanda Bakı kəndləri üçün dövlətə edilən bütün müraciətlərə müsbət cavab verilib. Millət vəkili olaraq seçicilərimizin problemlərinin həlli üçün ən çox məktub yazanlardanam. (Gülür) Amma bizim hər bir müraciətimizə dərhal reaksiya verilib və problemlər yerindəcə həll olunub. Bir dəfə bizim qəbiristanlıqları su başmışdı aidiyyatı nazirlər ay yarım orada görülən işlərə nəzarət ediblər.

– 70 yaşınız münasibəti ilə cənab Prezident tərəfindən yüksək qiymətə layiq görülmüsünüz. Sizə dövlət tərəfindən verilən bu dəyərin, diqqətin əhəmiyyətini necə şərh edərdiniz?

– Fəaliyyətimlə bağlı ayrı-ayrı təşkilatların, Milli Məclisin, digər ölkələrin parlamentlərinin medalları, 2011-ci ildə cənab Prezident tərəfindən Şöhrət ordeni ilə təltif olunmuşam. Yaşımızın bəlli çağında nə qədər yaxşı, pis, çətin günlər olsa da, bizim üçün narahatedici, ağrılı məsələ Qarabağ məsələsi idi. İnsan yaşlaşdıqca torpağının, vətəninin qədrini daha çox bilir. Uşaqlıqdan vətənpərvərlik ruhunda yetişdirildikdə yaşlaşdıqca insan öz torpağına daha çox bağlı olur. Elə adamlar var ki, uzaq ölkələrdə xoş günlər görür amma rəhmətə getməmişdən vəsiyyət edir ki, məni vətənimdə dəfn edərsiniz. Çünki doğulduğumuz torpaq bizim üçün müqqəddəsdir. Sözsüz ki, mən 80-ci illərdən bəri ermənilərin Azərbaycan torpaqlarına olan iddiası ilə bağlı olan hadisələri günbəgün görmüşəm. Ona görə də o dövrdə olan prosesləri unutmuram. Amma mənim heç vaxt torpaqlarımızı geri qaytara bilməyəcəyik kimi ümidsizliyim olmayıb. 1969-cu ildə Ulu öndər Heydər Əliyev siyasi hakimiyyətə gələndə mən öz gözlərimlə gördüm ki, universitetlərdə, inistitutlarda nə qədər müsbət dəyişikliklər oldu. İnsanlarda dövlətçiliyə qarşı münasibətlər belə dəyişməyə başlamışdı. 1982-ci ildə Ulu öndər Heydər Əliyev Moskvaya getdi və bir il sonra Bakıya gələndə şəhərdə sanki hərəkət dayanmışdı. Xatirimdədir ki, indiki Nizami kinoteatrının yanından başlayaraq böyük bir izdiham vardı. Hamı onunla görüşməyə gəlmişdi. İnsanlar onunla çox səmi şəkildə görüşürdü. Çünki Azərbaycan xalqının Ulu öndər Heydər Əliyevə olan ümidləri, sevgisi sonsuz idi. Ermənilər də onun hakimiyyətdə olduğu dövrdə Azərbaycana qarşı ərazi və digər məsələlərlə çıxış edə bilmirdilər. Çünki onun iradəsi bütün məsələlərin qarşısını kəsirdi. Ulu öndər siyasi hakimiyyətdən gedən kimi ermənilər Azərbaycana qarşı torpaq iddiası ilə çıxış etməyə başladılar. Azərbaycan müstəqillik əldə etdikdən sonra olan proseslər də hər kəsə məlumdur. Bizim də bu yaşımızda ən böyük arzumuz idi ki, torpaqlarımız erməni işğalından azad olsun.

Bakı kəndlərinin hamısının, xalqımızın ən böyük istəyi torpaqlarımızın azadlığı idi. Ulu öndər Heydər Əliyevin layiqli davamçısı cənab Prezident İlham Əliyev Azərbaycanı daha modern bir səviyyəyə çatdırmaq üçün mühüm addımlar atdı. Əsas hədəf sözsüz ki, güclü Azərbaycanın olmasına nail olmaq idi. Bunun üçün bütün sahələr üzrə inkişafa nail olundu. Ölkədə güclü iqtisadiyyatın formalaşması ilə ordu quruculuğuna da mühüm diqqət ayrıldı. Mən də bu proseslərin torpaqlarımızın azadlığına aparacağı günü səbirsizliklə gözləyirdim. Çox şükür ki, dövlətimizin, Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycanın tarixi torpaqları azad edildi. 70 illik yubileyimə elə ən böyük töhvə ərazi bütövlüyümüzün təmin olunması, torpaqlarımızın azadlığı oldu. Biz bu gün qalib dövlətin vətəndaşı kimi xarici ölkələrdə keçirilən tədbirlərə də başımız dik gedirik. Mənim üçün yubiley hədiyyəsi Qarabağın azadlığı idi. Bir daha cənab Prezidentə mənə verdiyi yüksək dəyərə görə dərin minnətdarlığımı bildirirəm.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.