Xəbərlər

Qaradağ Rayon Ağsaqqallar Şurasının təşkilatçılığı ilə Müstəqilliyin Bərpası Gününə həsr olunmuş iclas keçirilib

Qaradağ Rayon Ağsaqqallar Şurasının və YAP Qaradağ rayon təşkilatının birgə təşkilatçılığı ilə Müstəqilliyin Bərpası Gününə həsr olunmuş iclas keçirilib. Tədbirdə Qaradağ Rayon Ağsaqqallar Şurasının sədri, yazıçı-publisist Ramin Məmmədov, YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev, eləcə də Qaradağ Rayon Ağsaqqallar Şurasının üzvləri –  91 yaşlı Seyran Muradov, 85 yaşlı Əbdüləli Xaliq, həmçinin Ələt Qəsəbə Ağsaqqallar Şurasının sədri Qurbanqulu Rəhimov, Sahil Qəsəbə Ağsaqqallar Şurasının sədri Mehbalı Novruzov,  Qaradağ Rayon Müharibə Əmək, Silahlı Qüvvələr və Hüquq-Mühafizə orqanları Veteranları Təşkilatının sədri Əli Məmmədov, Qarabağ Müharibəsi Əlilləri, Veteranları İctimai Birliyinin sədri Maqsud Heydərov, Qaradağ Rayon Polis İdarəsi Veteranlar Şurasının katibi, hüquqşünas İrzabala İbrahimov, ictimai fəal Mirtağı Tağıyev, əmək veteranı Aydın Məmmədov və digər ictimai təşkilatların nümayəndələri iştirak ediblər.
Giriş sözü ilə çıxış edən YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev  ağsaqqalları və tədbirdə iştirak edən qonaqları müstəqilliyimizin bərpa edilməsinin 34-cü ildönümü münasibətilə təbrik etdikdən sonra diqqətə çatdırıb ki, 18 oktyabr – Azərbaycan Respublikasının Müstəqilliyinin Bərpası Günü xalqımız üçün müstəsna əhəmiyyət kəsb edən bayramdır. Natiq daha sonra bu əlamətdar  bayramın yaranma tarixindən, xalqımızın müstəqillik uğrunda əzmkarlıqla apardığı mübarizədən danışıb və qeyd edib ki, Azərbaycan xalqı 1991-ci ildə öz dövlət müstəqilliyini bərpa etmək imkanı qazanmışdır.
Sonra Qaradağ Rayon Ağsaqqallar Şurasının sədri, yazıçı-publisist Ramin Məmmədov etdiyi məruzədə ağır dövrdə – 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından və cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq mühüm qanunlar qəbul etməsindən, tarixi qərarlar verməsindən danışıb. O qeyd edib ki, Ümummilli Liderimiz Heydər Əliyev demişdir: “Azərbaycan Xalq Cümhuriyyəti gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə cəmi 23 ay fəaliyyət göstərsə də, sonrakı nəsillərin yaddaşında xalqımızın tarixinin ən parlaq səhifələrindən biri kimi həmişə qalacaqdır…” Məruzəçi, həmçinin, xatırladıb ki, müstəqilliyimiz 1991-ci ildə bərpa olunduqdan sonra ölkəmizə qarşı böyük təzyiqlər edilmiş, xalqımıza qarşı dəhşətli faciələr törədilmiş, Ermənistanın silahlı təcavüzü nəticəsində torpaqlarımızın 20 faizi işğal edilmiş, vətəndaşlarımız öz ata-baba yurdundan didərgin salınmış, düşmən tərəfindən şəhər və kəndlərimiz dağıdılıb xarabalığa çevrilmiş, dini və mədəni abidələrimiz məhv edilmişdir. 1993-cü ildə xalqımızın tələbi və təkidi ilə Ulu Öndərimiz Heydər Əliyev hakimiyyətə qayıtmış, məqsədyönlü, düşünülmüş siyasət həyata keçirərək qısa müddət ərzində ölkədə sabitlik yaratmış, əsrin müqaviləsini bağlamağa nail olmuş, iqtisadiyyatımızın inkişafına yol açmış, müstəqilliyimizi qoruyub saxlamışdır. 1995-ci ildə  əsas atributlarımızdan biri olan Konstitusiyamız ümumxalq səsverməsi yolu ilə qəbul olunmuşdur.
Daha sonra iclasın gündəliyinə çıxarılmış ikinci məsələ – “Ölkəmizdə erkən nikahlara və narkomaniyanın gənclər arasında yayılmasına qarşı ağsaqqal sözü” ilə bağlı çıxışını davam etdirən məruzəçi Ramin Məmmədov bu problemlərə dair ümumi vəziyyəti tədbir iştirakçılarına çatırmaq məqsədilə belə açıqlama vermişdir: “Mütəxəssislərin qənaətinə görə, bu gün erkən nikahlar problemi də, narkomaniya problemi də dünyəvi problemə çevrilmişdir. Məlumdur ki, 18 yaşına çatmayan yeniyetmələr evliliyə və uşaq sahibi olmağa fiziki, mənəvi və psixoloji cəhətdən hazır deyillər və ona görə də qanunla 18 yaşa çatmayan vətəndaşlara ailə qurmağa icazə verilmir. Təəssüflər olsun ki, qanunun bu tələblərinin pozulması hallarına ölkəmizdə hələ də rast gəlmək mümkündür. Narkomaniyanın insanlar arasında, xüsusilə gənclər arasında yayılması isə hər birimizi və ölkə rəhbərliyini narahat edir. Ona görə də hələ 1996-cı ildə Ümummilli Liderimiz Heydər Əliyev narkomaniya ilə  mübarizə haqqında fərman imzalamışdır. Erkən nikah və narkomaniya problemlərinə qarşı hüquq-mühafizə orqanları mübarizə aparır. Biz ağsaqqallar da bu problemlərə dair mütəxəssislərin, hüquq-mühafizə orqanları əməkdaşlarının iştirakı ilə məktəblərdə, müəssisələrdə çıxışlar etməli və belə əməllərin zərərli və yolverilməz olduğunu deməliyik”.
İclasın gündəlik məsələləri ilə bağlı çıxış edən ağsaqqallar və qonaqlar Müstəqilliyin Bərpası Günü haqqında fərəhlə danışaraq bir-birindən maraqlı fikirlər  söyləmişlər. Ölkəmizdə mövcud olan narkomaniya və erkən nigah probleminə dair çıxış edənlər də  öz ciddi narahatlıqlarını bildirmişlər.
İclasın sonunda Qafar Əliyev və Ramin Məmmədov tədbir iştirakçılarına dəyərli, maraqlı çıxışlarına və məntiqli fikirlərinə görə təşəkkür edərək vurğulayıblar ki, indi Azərbaycan xalqı Müstəqilliyin Bərpası Gününü qürurlandırıcı bir şəraitdə, ərazi bütövlüyünü tam bərpa etmiş qalib ölkənin vətəndaşları kimi qeyd edir.
Tədbir başa çatdıqdan sonra iştirakçılar Ümummilli Lider Heydər Əliyevin büstü önündə xatirə fotoşəkli çəkdiriblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.