Xəbərlər

ƏHLİMAN ƏMİRASLANOV – 74

Bu gün Azərbaycan Ağsaqqallar Şurası sədrinin birinci müavini, Azərbaycan Respublikası Milli Məclisinin Səhiyyə komitəsinin sədri, Milli Elmlər Akademiyasının həqiqi üzvü Əhliman Tapdıq oğlu Əmiraslanovun 74 yaşı tamam olur. Bu münasibətlə Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvləri akademikə təbrik ünvanlayıblar:

Hörmətli Əhliman müəllim!

Sizi – Azərbaycan Ağsaqqallar Şurası sədrinin birinci müavinini, tibb elminin görkəmli nümayəndəsini, xalqımıza ləyaqətlə xidmət edən tanınmış millət vəkilini və dəyərli akademiki doğma Azərbaycanımızın tərəqqisinə həsr olunmuş şərəfli ömrünüzün 74-cü İldönümü münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə Allahdan uzun ömür, möhkəm cansağlığı, sevinc dolu günlər və əmin-amanlıq arzulayırıq!

Siz Azərbaycan ziyalısının ən gözəl xüsusiyyətlərini özündə cəmləşdirən, yüksək mənəviyyata malik böyük alim və nüfuzlu şəxsiyyətsiniz. Respublikamızın ictimai-siyasi həyatında fəal iştirak edərək hər zaman milli və dövlət maraqlarını üstün tutmuş, xalqa və ulu öndər Heydər Əliyevin siyasi kursuna sadiqlik nümayiş etdirmiş, ölkə Prezidenti cənab İlham Əliyevin Vətənimizin inkişafına, iqtisadi yüksəlişinə istiqamətlənmiş uğurlu siyasətinin daim yanında olmusunuz. Azərbaycan Tibb Universitetinə rəhbərlik etdiyiniz dövrdə bu qocaman elm və təhsil ocağı yeni inkişaf mərhələsinə qədəm qoymuş, tədrisin keyfiyyətinin yüksəldilməsi və savadlı kadrların yetişdirilməsi nəticəsində universitetin müsbət imici formalaşmışdır. Zəngin ictimai-siyasi və pedaqoji fəaliyyətiniz, tibb sahəsində apardığınız çoxşaxəli sanballı elmi-tədqiqat işləriniz və əldə etdiyiniz uğurlu nəticələr Sizə dünya şöhrəti qazandırmışdır. Fədakar əməyiniz Azərbaycanda və xarici ölkələrdə dəfələrlə yüksək təltiflərlə – SSRİ Dövlət mükafatı, Azərbaycanın və Dağıstanın Əməkdar Elm Xadimi, Amerika Bioqrafiya İnstitutunun “Qızıl Heykəl” mükafatı, Rusiya və Polşa Tibb Elmləri Akademiyalarının qızıl medalları, Azərbaycan Respublikasının  “Şöhrət” və “Şərəf” ordenləri ilə,  fəxri adlarla, bir çox medal, fəxri fərman və diplomlarla, onlarla digər ali mükafatlarla qiymətləndirilmişdir. Azərbaycan Milli Elmlər Akademiyasının və bir sıra digər ölkə Akademiyalarının həqiqi üzvü, Milli Məclisinin Səhiyyə komitəsinin və TÜRKPA-nın sədri, Avropa ölkələri Onkoloqlar Assosiasiyasının, Amerika Kliniki Onkoloqlar Cəmiyyətinin, UNESCO-nun Bioetika Komitəsi Rəyasət Heyətinin və bir çox başqa beynəlxalq təşkilatların üzvü seçilmisiniz.

Hörmətli Əhliman müəllim!

Siz görkəmli millət vəkili və dəyərli ağsaqqal kimi ölkəmizin ictimai-siyasi həyatında yaxından iştirakınızla xalqımıza bu gün də böyük xidmətlər göstərir, cəmiyyətimizin sosial-iqtisadi inkişafında, gənclərin Vətənə məhəbbət, milli-mənəvi dəyərlərimizə və adət-ənənələrimizə hörmət ruhunda tərbiyə edilməsində və maariflənməsində üzərinizə düşən vəzifələri layiqincə yerinə yetirirsiniz. Sizin şərəfli həyat yolunuz və fədakar əmək fəaliyyətiniz hər bir Azərbaycan vətəndaşı, xüsusilə də gənc nəsil üçün örnək sayıla bilər.

Bu xoş fürsətdən istifadə edərək bir daha Sizi ad gününüz münasibətilə ürəkdən təbrik edir, Vətənimizin inkişafı naminə çoxşaxəli və məsuliyyətli fəaliyyətinizdə yeni-yeni uğurlar diləyirik!

Allah Sizi qorusun!

Dərin hörmət və səmimiyyətlə,

Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin

üzvləri adından Şuranın sədri, millət vəkili                                Eldar QULİYEV

Добавить комментарий

Ваш адрес email не будет опубликован.