Xəbərlər

Daha yaxşı gələcək naminə!

27 iyun 2022-ci il tarixində Polşanın Katovitse şəhərində Ümumdünya Şəhər Forumunun “Daha yaxşı gələcək naminə şəhərlərimizi dəyişdirək” mövzusunda keçirilən 11-ci sessiyasında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev videoformatda çıxış edərək, strateji planlaşdırma və səmərəli əməkdaşlıq fonunda “2030-cu ilə qədər Dayanıqlı İnkişaf və Yeni Şəhər Gündəliyi” planlarının şəhərlərimiz üçün daha yaxşı gələcəyə zəmin yaradacağını qeyd etmişdir.

Bakının və respublikamızın digər şəhərlərinin müasirləşdirilməsi və yenidənqurulması üçün  imkan və təcrübələrimiz çoxdur. Öz memarlığı, park və bulvarları ilə fərqlənən Bakı ən gözəl şəhərlərdən biri hesab olunur. Ancaq mənfur qonşumuz Ermənistan torpaqlarımızın 30 illik işğalı zamanı şəhər və kəndlərimizi qəsdən dağıdaraq, doqquz şəhəri və yüzlərlə kəndi yer üzündən silmişdir.

Azərbaycanın ən böyük sənaye şəhəri olan Ağdam o dərəcədə dağıdılmışdır ki, xarici jurnalistlər, mütəxəssislər və səyyahlar onu Qafqazın Xirosiması adlandırmışlar. Füzuli şəhəri işğaldan azad edildikdən sonra orada hətta bir tikili belə tapılmırdı ki, Azərbaycan bayrağını ora sancsınlar. Xarici mütəxəssislər, beynəlxalq nümayəndələr azad edilmiş ərazilərə səfər zamanı bu vandalizmin şahidi olmuş və dağıntıların miqyasını sənədləşdirə bilmişlər.

44 günlük Vətən müharibəsi ərzində 30 illik işğala son qoyulduqdan sonra bütün bu vəhşiliklərə, dağıntılara baxmayaraq, Azərbaycan sülh müqaviləsi imzalamaq istəyi ilə hərəkət edərək  5 əsas prinsip irəli sürüb və Ermənistan onları qəbul edib.

Ancaq İrəvanın hərbi cinayətləri sülh dövründə də özünü göstərməkdə davam edir. Belə ki, bu günə qədər bizim üçün ən böyük əngəllərdən biri işğalda olan torpaqlarımızın kütləvi minalanmasıdır ki, bu da məcburi köçkünlərin qayıdışını ləngidən ən böyük amillərdən biridir. Onu da qeyd etmək lazımdır ki, ilkin hesablamalara görə işğal dövründə Ermənistan həmin ərazilərdə bir milyondan artıq mina basdırıb. Qonşu düşmənimiz kapitulyasiya aktına qol çəkdikdən sonra  ərazilərin təmizlənməsi zamanı 220-dən çox adam həlak olmuş  və yaralanmışdır.

Bütün bunlara baxmayaraq, azad edilmiş torpaqlarımızda müasir şəhər planlaşdırılması  tətbiq edilir, yaşıl enerji konsepsiyası həyata keçirilir. 30 il ərzində işğaldan əziyyət çəkən doğma torpaqlarına qayıda bilməyən məcburi köçkünlər üçün ilk şərait yaradılmışdır. İlk layihə Zəngilan rayonunun Ağalı kəndində reallaşıb və bu ilin may ayında kəndə ilk sakinlər köçürülüblər. Ağalı kəndi bu gün dünyanın ən müasir kəndlərindən biridir. Cənab Prezidentimiz öz çıxışlarında qeyd edir ki, vandalizmə məruz qalmış və azad olunmuş kənd və qəsəbələrimizin hamısı müasir tipli, gözəl olacaqlar. Təkcə onu demək kifayətdir ki, Füzuli şəhərində 8 ay müddətində Beynəlxalq hava limanı tikilib istifadəyə verilibdir. İşğaldan azad olunan Zəngilan və Laçın rayonlarında isə  hava lımanlarının tikintisi davam edir.  Bəzi rayonların baş planları isə artıq hazırdır.

Şuşa şəhərinin baş planı onun tarixi irsinin qorunması üzərində qurulub. Bölgənin sənaye şəhəri olan, tam dağıdılmış Ağdam isə  sənaye mərkəzinə çevriləcək, on minlərlə sakin üçün yeni şəhər inşa olunacaqdır. Ağdamda artıq ərazisi 200 hektar təşkil edən Ağdam sənaye parkı fəaliyyət göstərir. Zəngilan şəhəri isə öz təbiətinə uyğun olaraq park şəhərinə çevrilməsi planı üzrə inşa edilir.

“Bizim məqsədimiz dayanıqlı inkişaf məqsədlərinə uyğun təhlükəsiz, dözümlü şəhər və kəndlərin inşasıdır. Bütün bunlar Azərbaycanın öz maliyyə resursları hesabına aparılır” – deyərək cənab Prezident öz çıxışında vurğulamışdır.

Ancaq AzərbaycanIN bu işlərdə tək olmadığı da qeyd  olunur. Belə ki, artıq Birləşmiş Millətlər Təşkilatı, Dünya Bankı və Avropa İttifaqı ilə birlikdə işğaldan azad olunan üç rayonumuzda  bərpa və yenidənqurma işləri birgə həyata keçirilir.

Biz əminik ki, yaxın gələcəkdə respublikamızda bütün bərpa işləri qurtararaq, vətənimiz gülüzara çevriləcəkdir.

 

 

Mayıl Əliyev

Nizami Rayon Ağsaqqallar Şurasının sədri   

 

Добавить комментарий

Ваш адрес email не будет опубликован.