Azərbaycan Ağsaqqallar Şurasının üzvləri – sədr müavini, professor Elmira Süleymanova, Aparat rəhbəri Ramin Həsənli, böyük məsləhətçi-hüquqşünas Kamal Əliyev, o cümlədən Şuranın məsul şəxsləri Rafiq Rzayev və Elşad Quliyev Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında müalicə alan Vətən müharibəsi qazilərini ziyarət ediblər.
Torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsini dərin ehtiramla andıqdan sonra Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyevin və təşkilatın İdarə Heyətinin üzvlərinin salamlarını qəhrəman qazilərimizə çatdıran Elmira Süleymanova ilk öncə uca Tanrıdan onların tezliklə sağalaraq normal həyata dönmələrini arzulayıb. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən mühəribəsində qazanılmış möhtəşəm Zəfərdən, əsgər və zabitlərimizin döyüşlərdə göstərdikləri böyük fədakarlıqlardan, onların misli görünməmiş şücaətlərindən bəhs edib. Hospitalda müalicə alan qazilərimizin şəxsində bütün igidlərimizə – qısa müddət ərzində Ermənistan ordusunu məğlubiyyətə uğradaraq, torpaqlarımızı düşmən tapdağından azad edən mərd Vətən oğullarına minnətdarlığını bildirib. Şəhid ailələrinə və qazilərə qayğının hər zaman dövlət siyasətinin başlıca istiqamətlərindən biri olduğunu vurğulayıb. Ulu öndər Heydər Əliyevin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iqtisadiyyat, ordu quruculuğu və digər sahələrdəki uğurlarından danışan Elmira xanım ölkəmizin gündən-günə inkişaf etdiyini bildirib.
Səmimi şəraitdə keçən görüşdə Azərbaycan Ağsaqqallar Şurasının Aparat rəhbəri Ramin Həsənli də möhtərəm Prezidentimiz, müzəffər Ali Baş Komandan cənab İlham Əliyev başda olmaqla rəşadətli Ordumuzun əsgər və zabitlərinin həyata keçirdiyi qəhrəmanlıqlardan söhbət açaraq onlara sonsuz minnətdarlığını ifadə edib. Müalicə olunan bütün qazilərimizə Allahdan şəfa diləyib.
Sonda Elmira Süleymanova hospitalda gecə-gündüz qazilərimizin qayğısına qalan, onları müalicə edən tibb işçilərinə və Vətən uğrunda döyüşlərdən qəhrəman kimi ayrılan igid, qorxmaz Azərbaycan oğullarına bir daha öz dərin təşəkkürünü bildirərək onları bir-bir bağrına basıb. Cəsur qazilərimizlə və hospitalın tibbi heyəti ilə xatirə şəkilləri çəkdirib.
Azərbaycan Ağsaqqllar Şurasının rəhbərliyi adından hərbi hospitalda müalicə alan qazilərə ərzaq sovqatları təqdim edilib.