Bakı, 26 aprel, AZƏRTAC
Aprelin 26-da Siyəzəndə xüsusi karantin rejimi qaydalarına riayət olunmaqla, Rayon Ağsaqqallar Şurasının hesabat-seçki konfransı keçirilib. Konfransda Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Tahir Süleymanov, rayon icra hakimiyyətinin başçısı Novruz Novruzov, rayon ağsaqqalları və ziyalıları iştirak ediblər.
Ağsaqqallar Şurasından AZƏRTAC-a bildiriblər ki, tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq, xatirəsini ehtiramla yad ediblər.
Konfransda Vətən müharibəsində həlak olmuş şəhidlərin və ötən dövr ərzində dünyasını dəyişmiş ağsaqqalların xatirəsi bir dəqiqəlik sükutla anıldıqdan sonra çıxış edən Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov ağsaqqalların Azərbaycanın ictimai-siyasi və mədəni həyatındakı əhəmiyyətli rolundan bəhs edib. Dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə gedən dinamik inkişaf prosesində ağsaqqalların fəaliyyətini yüksək dəyərləndirib. Qeyd edilib ki, Siyəzəndə də ağsaqqallar rayonun mədəni-ictimai həyatında, xüsusilə gənclərin maarifləndirilməsində yaxından iştirak edirlər.
Konfrans iştirakçılarına Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı, professor Eldar Quliyevin salamlarını çatdıran Şuranın sədr müavini Tahir Süleymanov bildirib ki, ona doğma olan Siyəzəndə ağsaqqallarla görüşdüyü üçün çox şaddır. Qeyd edilib ki, bütün ölkə ağsaqqalları kimi, Siyəzən rayon ağsaqqalları da daim dövlətçiliyimizin möhkəmləndirilməsi, milli-mənəvi dəyərlərimizin qorunması və təbliği, yeniyetmə və gənclərimizin ulu öndər Heydər Əliyev ideyalarına sədaqət və yüksək vətənpərvərlik ruhunda tərbiyə olunması kimi nəcib vəzifəni həyata keçirirlər.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə aparılan möhtəşəm “Dəmir yumruq” əməliyyatından, şanlı Ordumuzun şücaətindən danışan Tahir Süleymanov vurğulayıb ki, xalqımız, həmçinin ağsaqqallarımız 44 günlük Vətən müharibəsi zamanı dövlətimizin başçısının ətrafında birləşərək, böyük Zəfərin qazanılmasında iştirak ediblər və bu birlik, bu həmrəylik hazırda da davam edir. Ağsaqqallar bu gün Prezident İlham Əliyevin ətrafında daha sıx birləşiblər.
Ümummilli lider Heydər Əliyevin ölkəmizdə ağsaqqallara verdiyi yüksək dəyərdən söz açan natiq qeyd edib ki, hazırda Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva da bu nəcib ənənəni davam etdirirlər.
Tahir Süleymanov vurğulayıb ki, hazırda Azərbaycan Ağsaqqallar Şurasında böyük canlanma yaşanır, Şura daha məhsuldar və səmərəli fəaliyyət göstərir, dövlətimizin və cəmiyyətimizin inkişafına layiqli töhfəsini verir.
Sonra tədbirdə təşkilati məsələlər müzakirəyə çıxarılıb. Siyəzən Rayon Ağsaqqallar Şurasının yeni Əsasnaməsi açıq səsvermə yolu ilə qəbul edilib.
Qəzənfər Nəcəfov yenidən Rayon Ağsaqqallar Şurasının sədri seçilib. Konfransda, həmçinin Rayon Ağsaqqallar Şurasının İdarə Heyətinin və Təftiş Komissiyasının yeni tərkibi formalaşdırılıb.