Süleymanova Elmira Teymur qızı 17 iyul 1937-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1944-1954-cü illərdə Bakı şəhərindəki 134 saylı orta məktəbi, 1959-cu ildə Azərbaycan Bakı Dövlət Universitetinin kimya fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. Həmin ildən təyinatla Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda işləyir, laborant, kiçik elmi işçi, böyük elmi işçi, laboratoriya müdiri, hazırda baş elmi işçi vəzifəsində çalışır.
AMEA-nın aspiranturasını bitirmiş, 1968-ci ildə kimya elmləri namizədi, 1980-ci ildə kimya elmləri doktoru elmi dərəcəsi, 1970-ci ildə baş elmi işçi, 1988-ci ildə professor elmi rütbələri almışdır.
Yeni kimyəvi maddələrin sintezi, alınma texnologiyası və tətbiqi sahələri üçün təklif etdiyi orijinal üsullar və texnoloji proseslərin işlənməsi və tətbiqi nəticələri 260-dan çox elmi əsərində, 40-dan çox ixtirasında, patentdə, müəlliflik şəhadətnamələrində öz əksini tapmışdır. Neft-kimya və incə üzvi sintez sahəsində 5 elmlər doktoru, 16 elmlər namizədi yetişdirmişdir. Bu sahədə 30-dan artıq beynəlxalq konfransda, o cümlədən müxtəlif ölkələrdə keçirilmiş 7 neft kimyası və 5 aroma-simpoziumlarında (Almaniya) elmi məruzələrlə çıxış etmişdir.
AMEA-nın Kimya elmləri bölməsinin elmi katibi (1967-1971), «Neft kimyası» problemi üzrə Əlaqələndirmə Şurasının sədr müavini (1970-1995), həmin problem üzrə SSRİ Elmlər Akademiyasının Əlaqələndirmə Şurasının üzvü və Ümumittifaq «Neft kimyası» elmi jurnalının redaksiya heyətinin üzvü (1986-1990), «Kimya» problemi üzrə respublika «Bilik» Cəmiyyəti idarə heyətinin sədr müavini və Bakı şəhər bölməsinin sədri (1980-1992), Respublika Ali Attestasiya Komissiyasının kimya üzrə Ekspert Şurasının üzvü (1998-2000) kimi fəaliyyət göstərmişdir.
Elmira Süleymanova Nyu-York Elmlər Akademiyasının (1997), Beynəlxalq Ekoenergetika Akademiyasının (2016), Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının (2019) üzvüdür.
1980-ci ildən Azərbaycanda və beynəlxalq qadın hərəkatının inkişafında mühüm xidmətləri vardır. 1996-cı ildə Tailandın paytaxtı Banqkok şəhərində, Çulalonqkorn Universitetində Qadın liderliyi üzrə hazırlıq keçmişdir. 1990-1994-cü illərdə Ümumrespublika Azərbaycan Qadınlar Cəmiyyəti sədrinin müavini olmuşdur.
1995-ci ildən qurucusu və prezidenti, 2002-ci ildən isə Fəxri prezidenti olduğu qeyri-hökumət təşkilatı – Azərbaycan Qadın və İnkişaf Mərkəzi (AQİM) BMT-nin Qadınların İnkişafı üzrə Tədqiqatlar və Treninqlər İnstitutunda ölkəmizin təmsilçisi, həmçinin BMT-nin İqtisadi və Sosial Şurası ilə Xüsusi məsləhətçi statusu almışdır.
Müəllifi və rəhbəri olduğu bir sıra layihələr – qaçqın və məcburi köçkünlərin problemləri, Azərbaycanın şəhər və kənd rayonlarında yerli əhalinin miqrasiyası, məişət zorakılığı, qaçqın uşaqların reabilitasiyası, reproduktiv sağlamlıq və ailə planlaşdırılması və s. həyata keçirilmişdir. Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsini (AUGSŞ) (2000) və onun nəzdində Liderlik Məktəbini (2001) yaratmış, Qadın, uşaq və gənclərin hüquqlarının müdafiəsi üzrə QHT Alyansının (2000) yaranmasının təşəbüskarı olmuş və rəhbərlik etmişdir.
Bu fəaliyyətin nəticəsi kimi, 2000-2002-ci illərdə UNICEF-in nəzdində Şərqi Avropa və MDB ölkələrinin Qeyri-Hökumət Təşkilatları Regional Komitəsində uşaq hüquqları üzrə koordinator kimi fəaliyyət göstərmişdir.
2001-ci ildə Azərbaycanda Ahıllar üçün ilk Resurs Mərkəzi yaratmışdır.
Dünya qadın hərəkatı liderlərindəndir. Amerika Roçester Universiteti tərəfindən Qadın və qızların hüquqlarının müdafiəçisi və onlar üçün örnək olan 100 Qəhrəman qadınından biri kimi şərəfləndirilmişdir (1998).
BMT Baş Assambleyasının İnsan haqları üzrə (Vyana, 1993), Əhali və İnkişaf (Qahirə, 1994 və Haaqa, 1999), Qadın problemləri üzrə (Pekin, 1995, Nyu-York, 2000), Habitat (İstanbul, 1996, Nyu-York, 2001), Sosial İnkişaf (Cenevrə, 2001), Uşaq hüquqları üzrə (Nyu-York, 2002) Xüsusi sessiyalarında və qobal konfranslarında dövlət və ya QHT nümayəndəsi, habelə koordinator kimi məruzələr və çıxışlar etmiş, regional qurumlarda fəaliyyət göstərmişdir.
Ölkə prezidentinin tövsiyəsi ilə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən 2 iyul 2002-ci ildə Azərbaycan Respublikasının İnsan hüquqları üzrə ilk müvəkkili (ombudsman) vəzifəsinə seçilmiş, 5 mart 2010-cu ildə təkrarən bu vəzifəyə yeni müddətə seçilmiş, ölkəmizdə ilk ombusdman təsisatını yaratmış və 17 il ərzində bu vəzifəni icra etmişdir.
Ombudsman kimi Beynəlxalq və Avropa Ombudsmanlar institutlarının, Asiya Ombudsmanlar Assosiasiyasının və İslam Ölkələri Ombudsmanlar Assosiasiyasının, Avropa MPM-lər Şəbəkəsinin, Avropa Milli İnsan Hüquqları Təsisatları Şəbəkəsinin MPM-lər qrupunun, Avropa Uşaq Hüquqları Ombudsmanları Şəbəkəsinin (ENOC) üzvü olmuşdur.
2015 və 2019-cu illərin noyabr ayında Asiya Ombudsmanlar Assosiasiyasının vitse-prezidenti, həmin illərdə İslam Ölkələri Ombudsmanlar Assosiasiyasının idarə heyətinin təkrarən üzvü seçilmişdir.
2 dekabr 2008-ci il tarixində təsdiq edilmiş “İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə” Konvensiyanın Fakültativ Protokolunun icrasının təmin edilməsi ilə bağlı Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 13 yanvar 2009-cu il tarixli Sərəncamı ilə ilk milli preventiv mexanizmin (MPM) funksiyalarını yerinə yetirən təsisatı yaratmış və ölkəmizdə ilk belə mexanizmin rəhbərliyini həyata keçirmişdir.
«Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında» Konstitusiya Qanununu ilə “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin icrasına nəzarətini Müvəkkil vəzifəsində həyata keçirmişdir.
Bakı Dövlət Universitetində Elmira Süleymanovanın təşəbbüsü ilə yaradılmış “İnsan hüquqları və informasiya hüququ üzrə YUNESKO” kafedrasında bakalavr və magistr pilləsində insan hüquqları üzrə yüksək ixtisaslı kadrlar hazırlanır, həmçinin həmmüəllifliyi ilə hazırlanmış “İnsan hüquqları” və “Genderə giriş” fənləri üzrə nəşr olunmuş mühazirələr toplusu əsasında Hüquq fakültəsində dərs vəsaiti kimi istifadə olunur.
Rusiya Federasiyasının Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunda (2008), Rusiya Dövlət Humanitar Universitetində (2010), Ural Dövlət Hüquq Akademiyasında (2007), ABŞ-ın Corctaun Universitetində (2008), Türkiyənin Ondokuz Mayıs Universitetində (2012) və digər elm, təhsil müəssisələrində mühazirələr oxumuşdur.
Müvəkkilin təşəbbüsü ilə fəaliyyəti dövründə bir çox xarici ölkələrin Ombudsmanları ilə ikitərəfli əməkdaşlıq haqqında saziş imzalanmış və icrası üzrə müntəzəm iş aparılmışdır.
Elmi fəaliyyəti ilə bağlı 45, ombudsman vəzifəsində və ictimai fəaliyyəti ilə əlaqədar 130-dan çox beynəlxalq konfrans, simpozium və forumda iştirak etmiş, burada müzakirə olunmuş mövzulara uyğun məruzələr və çıxışlar etmişdir.
74 ölkədə – ABŞ, Almaniya, Fransa, Türkiyə, İspaniya, Rusiya Federasiyası, İsveç, İsveçrə, Norveç, Belçika, Çin, Cənubi Afrika Respublikası, Yeni Zelandiya, Nepal, İndoneziya, Lüksemburq, Niderland, Yaponiya, Polşa, Rumıniya və başqa ölkələrdə keçirilmiş mötəbər tədbirlərdə vətənimizi layiqincə təmsil etmişdir.
Ümumilikdə 100-dən çox bəyanat, o cümlədən 20 Yanvar faciəsi, Xocalı soyqırımı, 31 mart 1918-ci il Azərbaycanlıların Soyqırımı, habelə zəbt olunmuş Dağlıq Qarabağda və onun ətraf rayonlarında Ermənistan Silahlı Qüvvələrinin azərbaycanlılara qarşı törətdikləri zorakılıqlarla və digər həqiqətlərlə bağlı bəyanatlar vermiş, onları BMT-nin Baş katibinə, İnsan Hüquqları üzrə Ali Komissarına, Qaçqınlar üzrə Ali Komissarına, Avropa Şurasına, ATƏT-ə, Beynəlxalq və Avropa Ombudsmanlar institutlarına, Asiya Ombudsmanlar Assosiasiyasına, İslam ölkələri Ombudsmanlar Assosiasiyasına və bu qurumlara üzv olan Ombudsmanlara, xarici ölkələrin Azərbaycan Respublikasındakı səfirliklərinə və respublikamızın xaricdəki səfirliklərinə, həmçinin ayrı-ayrı ölkələrdə fəaliyyət göstərən Azərbaycan diasporalarına ünvanlamışdır.
14 may 2011-ci ildən BMT-nin «Əlillərin hüquqları haqqında» Konvensiyasının 33.2-ci maddəsində nəzərdə tutulmuş müstəqil monitorinq mexanizmi funksiyalarını ölkəmizdə Ombudsman olaraq olaraq icra etmişdir.
Ombudsman kimi tövsiyələri nəzərə alınmaqla, ölkə Prezidenti İlham Əliyevin 28 dekabr 2006-cı il tarixli Sərəncamı ilə “İnsan Hüquqlarının Müdafiəsi üzrə Milli Fəaliyyət Planı”, 27 dekabr 2011-ci il tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı” təsdiq edilmişdir və ölkə Prezidentinin Sərəncamı ilə bu sənədlərin həyata keçirilməsi üzrə əlaqələndirici olmuş və İşçi qrupuna rəhbərlik etmişdir.
Təltifləri və fəxri adları:
SSRİ Ali Soveti Rəyasət Heyətinin Fərmanı ilə “Şərəf nişanı” ordeni ilə təltif edilmişdir (1986).
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Şərəf” ordeni ilə təltif edilmişdir (2017).
Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, “Şöhrət” ordeni ilə təltif edilmişdir (2007).
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə İkinci dərəcəli “Vətənə Xidmətə görə” ordeni ilə təltif edilmişdir. (2019)
Polşa Prezidentinin Sərəncamı ilə Polşa Respublikasının Zabit dərəcəli “Böyük Qızıl Xaç Ordeni” ilə təltif edilmişdir (2008).
Amerika Bioqrafik İnstitutunun “Beynəlxalq səfir” ordeni ilə təltif edilmişdir (2011).
Kimya elminin inkişafında, yüksək ixtisaslı kadrların hazırlanmasında nailiyyətlərinə görə SSRİ-nin “Fəxri kimyaçı” adına layiq görülmüşdür (1979).
Elmi ixtiralarının istehsalatda tədbiqinə görə “SSRİ ixtiraçısı” Fəxri adı və döş nişanına layiq görülmüşdür (1979).
Azərbaycanda kimya elminin tərəqqisi və dünya səviyyəsində inteqrasiyası sahəsində xidmətlərinə görə akademik Y.H.Məmmədəliyev adına mükafata layiq görülmüş və medalla təltif olunmuşdur (1997).
“SSRİ və Azərbaycan Respublikası Əmək veteranı” medalları ilə təltif edilmişdir (1997).
Füzuli rayonunun “Fəxri sakini” adına layiq görülmüş və diplomla təltif olunmuşdur.
“Vektor” Beynəlxalq Elmi Mərkəz tərəfindən həyata keçirilən “XXI əsr Azərbaycan ziyalıları” layihəsinin qalibi olmuş, təşkilatın nəşr etdiyi eyniadlı ensiklopediyaya adı yazılmışdır.
“Xatun” Fəxri mükafatla təltif edilmişdir (2010).
“Demokratik azərbaycanlılar” İctimai mərkəzi tərəfindən “Qızıl Buta” müstəqil milli mükafatı ilə təltif edilmişdir (2007).
Beynəlxaq bioqrafiya mərkəzinin baş direktoru təyin olunmuş və Fəxri Baş Direktoru seçilmişdir (2016).
Amerika Bioqrafiya İnstitutunun 1999-cu ildə nəşr etdiyi Beynəlxalq “Kim kimdir?” toplusunun 7-ci buraxılışı “Mütəxəssis və biznes qadınları”, 2011-ci ildə 10-cu buraxılışı “Peşəkar və işgüzar qadınlar” kitablarına xidmətlərinə görə adı daxil edilmişdir.
Amerika Roçester Universiteti tərəfindən dünyanın qadınlarına və qızlarına örnək olan “100 qəhrəman qadın”larından biri kimi şərəfləndirilmişdir (1998).
İnsan haqqlarının qorunması və həyata keçirilməsi sahəsində səmərəli fəaliyyətinə, insanlıq harmoniyasının yaradılmasında xidmətlərinə görə ABŞ-ın Mədəni Konvensiya qurumu tərəfindən Beynəlxalq Sülh Mükafatı ilə təltif olunmuşdur (2003).
Dinlərarası və Beynəlxalq Dünya Sülh Federasiyası tərəfindən “Sülh məramlı səfir” fəxri adı verilmişdir (2005).
Nobel Sülh Mükafatları Komitəsinin beynəlxalq koordinatorlar qrupu tərəfindən “1000 qadın – 2005-ci ilin Nobel Sülh mükafatına” adlı layihəsinin nominantları sırasına Azərbaycandan E.Süleymanovanın adı da daxil edilmiş və Komitə tərəfindən qeydə alınmış, “Dünyanın 1000 qadınından biri” kitabına daxil olunub.
YUNESKO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının üzvü (2015-2019).
İLESAM (Türkiye İlim ve Edebiyyat Eseri Sahipleri Meslek Birligi) təşkilatı tərəfindən Türk Dünyası Onur Medalı ilə təltif edilmişdir (2017).
Türkiyə Böyük Millət Məclisinin sədri tərəfindən Azərbaycan Cümhuriyyətinin müstəqilliyinin və Azərbaycan Milli Məclisinin yaranmasının 100 illiyi münasibəti ilə hazırlanmış xatirə pul nişanı təqdim edilmişdir (2019).
Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının dünya elminə və mədəniyyətinə töhfələrinə, insan hüquqlarının müdafiəsində böyük xidmətlərinə görə Akademiyanın Beynəlxalq Qızıl Ulduz medalına layiq görülüb (2019).
“Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)”, “Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarının 100 illiyi” və “Azərbaycan Polisinin 100 illiyi” yubiley medalları ilə təltif edilib.
Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb (2020).
Azərbaycanın ilk ombusdmanı vəzifəsində 17 illik fəaliyyət müddətini yekunlaşdıraraq təqaüdə çıxsa da, Elmira Süleymanova hal-hazırda elmi və Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini (2020) kimi ictimai fəaliyətini davam etdirməkdədir.