Oktyabrın 4-də Xətai Rayon Ağsaqqallar Şurasının hesabat konfransı keçirilib. Konfransda Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, Milli Məclisin deputatı, professor Eldar İbrahimov, Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quliyev, Azərbaycan Ağsaqqallar Şurasının böyük məsləhətçi-hüquqşünası Kamal Əliyev, o cümlədən rayon ağsaqalları, ziyalıları, şəhid valideynləri, YAP-ın və Veteranlar təşkilatının nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin büstü qarşısına gül dəstələri qoyaraq, xatirəsini ehtiramla anıblar.
Konfransda ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olan Vətən oğullarının xatirəsini bir dəqiqəlik sükutla yad edildikdən sonra Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quliyev tədbir iştirkçılarını salamlayaraq Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun 44 günlük Vətən müharibəsində qazandığı möhtəşəm Zəfərdən söz açıb. Diqqətə çatdırıb ki, torpaqlarımızın işğaldan azad edilməsində misilsiz qəhrəmanlıqlar göstərən gənclərimizin yetişməsində ağsaqqallarımızın danılmaz əməyi olubdur. Öz çıxışında Xətai rayonunun ağsaqqallarının fəaliyyətindən bəhs edən natiq narkomaniya və digər mövcud problemlərə də toxunub və bu kimi ağrılı-acılı bəlaların aradan qaldırılmasında ağsaqqal sözünə, ağsaqqal nəsihətinə çox böyük ehtiyacın olduğunu vurğulayıb.
Sonra Xətai Rayon Ağsaqqallar Şurasının sədri İzzət Rüstəmovun hesabat məruzəsi dinlənilib. Məruzəçi rayon ağsaqqallarının respublikamızın əldə etdiyi bütün nailiyyətlərin, o cümlədən möhtəşəm Qələbənin, torpaqlarımızın işğaldan azad olunmasının, aparılan böyük quruculuq işlərinin geniş təbliğ olunmasında yaxından iştirak etdiklərini və gənclərimizin maarifləndirilməsi istiqamətində əllərindən gələni əsirgəmədiklərini tədbir iştirakçılarının nəzərinə çatdırıb. Həmçinin şəhid ailələrinə və qazilərə hər zaman böyük diqqət və qayğı göstərildiyini vurğulayaraq gələcəkdə işlərini daha səmərəli quracaqlarını bildirib.
Daha sonra çıxış edən şəhid valideynləri və ağsaqqallar bildiriblər ki, rayonun mərd övladları öz qəhrəmanlıqları ilə Azərbaycanın Vətən müharibəsindəki Qələbə tarixinə adlarını qızıl hərflərlə yazdırıblar və onlar hər bir vətəndaşımızın qürur, fəxarət mənbəyidirlər. Natiqlər, həmçinin, hesabatı məqbul hesab edərək ölkəmizin hər bir bölgəsində ağsaqqallara göstərilən hörmətə, onlara ayrılan diqqət və qayğıya, o cümlədən belə əhəmiyyətli tədbirlərin keçirilməsinə görə öz minnətdarlıqlarını ifadə ediblər.
Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, Milli Məclisin deputatı, professor Eldar İbrahimov Şuranın sədri, Milli Məclisin deputatı, professor Eldar Quliyevin adından tədbir iştirakçılarını salamlayıb. Öz çıxışında müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi altında şanlı Azərbaycan Ordusunun düşmən üzərində qələbə qazandıqdan sonra işğaldan azad edilən torpaqlarımızda geniş vüsətlə bərpa-quruculuq işləri aparıldığını, həyata keçirilən uğurlu dövlət siyasəti nəticəsində soydaşlarımızın öz dədə-baba yurdlarına gözlənildiyindən daha tez qayıdacaqlarını vurğulayıb. Bu sevincli günləri, bu qüruru bizə yaşadan əziz şəhidlərimizə Allahdan rəhmət, yaralı qazilərimizə şəfa diləyib. Dövlət başçısı cənab İlham Əliyevin sərəncamı ilə 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsini xalqımızın böyük sevincinə səbəb olan bir qərar kimi dəyərləndirən natiq əmin olduğunu bildirib ki, ağsaqqallar tərəfindən Ümummilli Liderin zəngin irsi Heydər Əliyev ili çərçivəsində gənc nəsillərə daha dolğun şəkildə çatdırılacaqdır. Eldar İbrahimov, həmçinin, şəhid ailələrinə, qazilərə, o cümlədən yaşlı nəslin nümayəndələrinə, ağsaqqallara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevaya və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz təşəkkürünü bildirib. Qeyd edib ki, ağsaqqallar da, öz növbəsində, cəmiyyətin düçar olduğu zərərli vərdişlərə, narkomaniyaya, erkən nikahların bağlanmasına, boşanmaların sayının çoxalmasına və digər problemlərə qarşı mübarizədə daha yaxından və aktiv iştirak etməlidirlər.