Eldar Allahyar oğlu Quliyev
- 01-08-2021
- [14:25]
- [oxundu:91]
Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı, Hesablayıcı Komissiyanın sədri, Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı – “Azərittifaq”ın sədri, Azərbaycan Kooperasiya Universitetinin rektoru, iqtisad elmləri doktoru, professor.
Eldar Quliyev 1951-ci il iyul ayının 26-da Bakı şəhərində anadan olmuşdur. 1968-ci ildə Bakı şəhər 187 saylı orta məktəbi bitirmiş, 1969-cu ildə D. Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstituna (hazırda Azərbaycan Dövlət İqtisad Universiteti) daxil olmuşdur. 1973-cü ildə institutu bitirərək iqtisadçı ixtisasına yiyələnmişdir.
Əmək fəaliyyətinə gənc yaşlarından başlayan və elmə böyük həvəsi olan Eldar Quliyev 1973-1974-cü illərdə Elmi-Tədqiqat İnstutunda işləmiş, 1974-1975-ci illərdə həqiqi hərbi xidmətdə olmuşdur. 1975-1987-ci illərdə Respublika Ticarət Nazirliyi sistemində məsul vəzifələrdə çalışmış, 1981-1985-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində aspirant kimi elmi tədqiqat işi ilə məşğul olmuşdur. 1987-1990-cı illərdə Azərbaycan Mərkəzi Kooperativlər İttifaqının idarə rəisi vəzifəsində çalışmışdır. 1990-cı ildə Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı İdarə Heyətinin sədr müavini, 1993-cü ildə İdarə Heyətinin sədri vəzifəsinə seçilərək hal-hazıra kimi ictimai əsaslarla həmin təşkilata rəhbərlik edir. 2011-ci ildən Azərbaycan Kooperasiya Universitetinin rektoru, iqtisad elmləri doktoru, professordur.
Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının, Almaniyanın Hannover şəhərində yerləşən Avropa Təbiət Elmləri Akademiyasının, İtaliya Beynəlxalq İqtisadi və Sosial Elmlər Akademiyasının həqiqi üzvü olan Eldar Quliyev Gürcüstan Respublikasının Suxuşvili Texniki Universitetinin Fəxri doktoru seçilmişdir. Roma şəhərinin “Fəxri alimi”dir. Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyası tərəfindən “Qızıl Ulduz” medalı və “Atatürk” mükafatı, Birləşmiş Millətlər Təşkilatının Təltif Komitəsi tərəfindən “Taclı Xidmət” ordeni və İctimai Mükafatlar Şurasının Beynəlxalq Mükafatlar Komitəsi (UNCOPA) tərəfindən “Avropa Xidmət Ordeni”, Avropa Təbiət Elmləri Akademiyası tərəfindən “Senator Ulduzu” və “Qızıl Qartal” ordenləri ilə təltif olunmuş, Almaniyanın Berlin şəhərində Leybnits adına medalla mükafatlandırmaqla “Avropanın Əməkdar elm xadimi” adına layiq görülmüşdür.
İqtisad elmləri doktoru, professor Eldar Quliyevin Azərbaycan və bir sıra keçmiş sovet dövlətləri ilə yanaşı Türkiyədə, ABŞ-da və Avropa ölkələrində çoxsaylı elmi əsərləri və kitabları nəşr edilmişdir. Onlardan ali məktəblərdə dərs vəsaiti kimi istifadə edilən “Müasir dövrdə xarici-iqtisadi fəaliyyətin dövlət tənzimlənməsinin xüsusiyyətləri”, “Gömrük işinin təşkili”, “Etibarlı ərzaq təminatı sistemi: Kooperasiya və İnteqrasiya problemləri”, “Aqrar iqtisadiyyat” əsərlərini, həmçinin “Qlobal ərzaq təhlükəsizliyi: reallıqlar, çağırışlar və perspektivlər” , “Qida təhlükəsizliyinin gücləndirilməsi problemləri və strateji istiqamətləri”, “Kooperasiya Hərəkatı: Təkamülü, Mövcud durumu və İnkişaf meyilləri” monoqrafiyalarını göstərə bilərik. 2017-ci ilin mart ayında Almaniyanın nüfuzlu mətbəələrindən birində çap edilmiş, dünyanın ən qlobal problemlərindən birinə – ərzaq təhlükəsizliyi probleminə həsr olunmuş “Qlobal ərzaq təhlükəsizliyi: reallıqlar, çağırışlar və perspektivlər” adlı kitabı ekspert komitəsi tərəfindən Birləşmiş Millətlər Təşkilatının İsveçrədə yerləşən mərkəzi kitabxanasının fonduna qəbul edilmişdir. Həmçinin 2017-ci ilin noyabr ayında İtaliyanın paytaxtı Romada həmin kitabın geniş təqdimatı keçirilmişdir. Tanınmış elm və təhsil ocaqlarının, akademik dairələrin, Romada yerləşən beynəlxalq təşkilatların, o cümlədən BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) nümayəndələrinin iştirak etdiyi təqdimatda professor Eldar Quliyevin müəllifi olduğu bu kitab dünyəvi əhəmiyyət daşıdığına görə BMT-nin İctimai Mükafatlar üzrə Şurası tərəfindən “İlin kitabı” beynəlxalq mükafatına layiq görülmüşdür. Təqdimatda, eyni zamanda, iqtisadçı alimə Vatikan Bonifasiana Akademiyasının həqiqi üzvü (akademik) diplomu da təqdim edilmişdir. Eldar Quliyev “Qlobal ərzaq təhlükəsizliyi: reallıqlar, çağırışlar və perspektivlər” adlı kitabına və beynəlxalq təşkilatlarda səmərəli fəaliyyətlərinə görə İsveçrənin Cenevrə şəhərində fəaliyyət göstərən BMT-nin İctimai Mükafatlar üzrə Şurasının (UNCOPA) Beynəlxalq Mükafatlar Komitəsinin “Elm və sülhməramlı səfiri” fəxri adına və eyni zamanda, Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyası tərəfindən “Türk Dünyasında İlin Alimi” Beynəlxalq mükafatına layiq görülmüşdür. Hər iki mükafat 1 iyun 2018-ci il tarixində Bakıda keçirilən Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş “Müstəqil Azərbaycan dövlətinin ərzaq təhlükəsizliyinin təmin edilməsi və aqrar sahənin rəqabətqabiliyyətinin yüksəldilməsi problemləri” mövzusunda beynəlxalq elmi-praktiki konfransda təqdim olunmuşdur. Həmçinin Avropa Təbiət Elmləri Akademiyasının Rəyasət Heyəti 2019-cu il 19 fevral tarixli qərarı ilə professor Eldar Quliyevi dünya iqtisadiyyatının ən aktual problemi olan ərzaq təhlükəsizliyinə həsr etdiyi “Qlobal ərzaq təhlükəsizliyi: reallıqlar, çağırışlar və perspektivlər” adlı monoqrafiyasına görə “İlin alimi” adlı beynəlxalq mükafata layiq görmüş və “Eyler” medalı ilə təltif etmişdir. Təqdimetmə mərasimi 4 aprel 2019-cu il tarixdə Almaniyanın paytaxtı Berlin şəhərində keçirilmişdir. 2021-ci ildə UNCOPA təşkilatı professor Eldar Quliyevi bu kitabının daşıdığı mühüm elmi dəyərə görə, həmçinin BMT-nin elm və sülh səfiri kimi 70 illik yubileyi münasibətilə “KORİFEY” ordeninə layiq görmüşdür.
Eldar Quliyev 2000-ci ildən daha bir məsuliyyətli missiyanı öz üzərinə götürmüşdür. İkinci çağırış Azərbaycan Respublikası Milli Məclisinə keçirilən seçkilərdə seçicilərinin böyük etimadını qazanaraq millət vəkili seçilən Eldar Quliyev II, III, IV, V və VI çağırış Milli Məclisin üzvü olmuşdur. Hazırda da Milli Məclisin Hesablayıcı Komissiyasının sədri, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin, həmçinin Azərbaycan-Niderland parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Elm və təhsil komitəsinin və bir sıra işçi qruplarının üzvü kimi millətimizin rifahı naminə taleyüklü qərar və qanunların qəbul olunmasında, xalqımızı narahat edən bir çox problemli məsələlərin həllində, o cümlədən müstəqil Azərbraycanda həyata keçirilən demokratik islahatların qanunvericilik bazasının hazırlanması işində, qanunların təkmilləşdirilməsində öz səylərini əsirgəmir. Daim fəal ictimai mövqe nümayiş etdirən Eldar Quliyev Azərbaycan Respublikası Milli Məclisinin üzvü kimi komissiyaların işində, elm, təhsil, kənd təsərrüfatı, tibb, ekologiya və s. sahələrlə əlaqədar qanun layihələrinin hazırlanmasında iştirak edir, şəhid ailələri və qazilərlə görüşərək onlara maddi və mənəvi dayaq olur. Haqqın, ədalətin yerini tutması üçün zəhmət sərfindən usanmayan, öz prinsiplərindən bir addım da geri çəkilməyən Eldar Quliyev yalnız parlament seçkiləri zamanı ona etimad göstərmiş vətəndaşların deyil, xalqımızın hər bir nümayəndəsinin sosial qayğılarını, onların üzləşdikləri problemləri daim diqqət mərkəzində saxlayır.
Eldar Quliyev 2011-ci ildə Türkdilli dövlətlərin parlamentlərinin “Fəxri millət vəkili” seçilmiş, 2016-cı ildə Azərbaycan Respublikası Milli Məclisin qərarı ilə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri təyin olunmuşdur. O, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının 2019-cu il 20 iyun tarixində Bakıda keçirilən toplantısında bu nüfuzlu beynəlxalq təşkilatın sədr müavini vəzifəsinə seçilmiş, bu qurumda iqtisadi və siyasi sahədə fəallığına görə Assambleyanın “Şöhrət” medalı ilə təltif olunmuşdur. Azərbaycan Respublikası Milli Məclisinin sədri Azərbaycan Parlamentinin 100 illiyi münasibətilə millət vəkili Eldar Quliyevi Azərbaycan Respublikasının “Parlament” medalı ilə təltif etmişdir.
Ölkə ictimaiyyətində qazandığı böyük nüfuz nəticəsində Azərbaycan Ağsaqqallar Şurasının 29 sentyabr 2020-ci ildə keçirilən növbədənkənar VIII Qurultayında yekdilliklə Şuranın sədri vəzifəsinə seçilən Eldar Quliyevin rəhbərliyi altında təşkilat xalqımızın milli mənafeyinə xidmət edən fəaliyyətini daha da intensivləşdirmiş və ictimai-siyasi proseslərdə daha yaxından iştirak edərək öz fəaliyyətini səmərəli şəkildə bir çox istiqamətlərdə inkişaf etdirmişdir. Cəmiyyətin sağlam ruhda inkişafı, gənc nəslin yüksək vətənpərvərlik ruhunda böyüməsi üçün Azərbaycan Ağsaqqallar Şurası öz fəaliyyyətini pandemiya ilə mübarizə və işğalçı Ermənistanla müharibə şəraitinə uyğun qurmağa çalışmışdır. Əhali, xüsusilə də gənclər arasında vətənpərvərlik ruhunun yüksəldilməsi, bütün imkanların ərazi bütövlüyümüzün bərpası üçün səfərbər olunması istiqamətində geniş təbliğat işləri aparılmış, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin uğurlu daxili və xarici siyasəti dəstəklənmişdir. Eldar Quliyevin başçılığı ilə ölkəmizin mədəni-ictimai həyatında mühüm rol oynayan, öz sıralarında respublikamızın müdrik ağsaqqallarını, dəyərli ziyalılarını, ictimai-siyasi xadimlərini birləşdirən Azərbaycan Ağsaqqallar Şurasının yeni Nizamnaməsi, iş planı qəbul edilmiş, yerli qurumların fəaliyyətini müasir tələblər səviyyəsində qurmaq üçün təşkilati işlər həyata keçirilmiş, yerli Şuraların yeni Əsasnamələri qəbul olunmuş, həmçinin əhali arasında tanınmış, hörməti və nüfuzu olan şəxslərdən ibarət idarəetmə və nəzarət orqanları formalaşdırılaraq qısa müddətdə təşkilatın fəaliyyətinin müasir çağırışlara uyğun təşkil olunması təmin edilmişdir.
Çoxşaxəli, səmərəli ictimai-siyasi və elmi fəaliyyəti hər zaman yüksək qiymətləndirilən, bir çox orden və medallarla, Fəxri fərman və adlarla, həmçinin dövlət təltifləri ilə mükafatlandırılan Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı, professor Eldar Quliyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə 2011-ci ildə ali dövlət mükafatlarından olan “Şöhrət” ordeni, 2021-ci ildə isə “Şərəf” ordeni ilə təltif olunmuşdur.