Noyabr ayının 8-də Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü, Milli Məclisin keçmiş deputatı, iqtisad elmləri doktoru, professor, Azərbaycan Dövlət İqtisad Universitetinin sabiq rektoru Şəmsəddin Hacıyevin 75 yaşı tamam olur. Bu münasibətlə Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvləri yubilyara təbrik ünvanlayıblar. Təbrikdə deyilir:
Hörmətli Şəmsəddin müəllim!
Sizi – Azərbaycan elminin, təhsilinin, ictimai-siyasi həyatının nüfuzlu nümayəndəsini, ömrünün kamillik zirvəsində olan görkəmli alimi və dəyərli ağsaqqalı 75 illik yubileyiniz münasibətilə səmimi-qəlbdən təbrik edir, Sizə uca Allahdan uzun ömür, möhkəm cansağlığı, yeni-yeni uğurlar, daim yüksək əhval-ruhiyyə və əmin-amanlıq arzulayırıq!
Sizin elmi, pedaqoji və ictimai fəaliyyətiniz Azərbaycan cəmiyyətinin inkişafına, gənc nəslin təlim-tərbiyəsinə və milli iqtisadi təfəkkürün formalaşmasına mühüm töhfələr vermişdir. İqtisadiyyat elmi sahəsində apardığınız çoxillik tədqiqatlar, hazırladığınız dərsliklər, monoqrafiyalar, yetişdirdiyiniz onlarla alim və mütəxəssis ölkəmizdə elmin və təhsilin inkişafında silinməz iz qoymuşdur. Azərbaycan Dövlət İqtisad Universitetinə rəhbərlik etdiyiniz illərdə Sizin başçılığınızla həyata keçirilən islahatlar və yeniliklər ali təhsilin keyfiyyətinin yüksəldilməsinə, universitetin beynəlxalq nüfuzunun artmasına xidmət etmişdir.
Azərbaycan Respublikasının Milli Məclisinin deputatı kimi fəaliyyətiniz dövründə Siz daim dövlət maraqlarının, xalqımızın sosial rifahının, təhsil və elmin inkişafının müdafiəçisi olmusunuz. Hər zaman Ümumilli Lider Heydər Əliyevin və onun layiqli davamçısı, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin uğurlu daxili və xarici siyasətini qətiyyətlə dəstəkləmisiniz. Ölkəmizin ictimai-siyasi həyatında fəal iştirakınıza görə layiq görüldüyünüz “Şöhrət” ordeni isə Sizin xidmətlərinizin yüksək dövlət səviyyəsində dəyərləndirilməsinin bariz nümunəsidir.
Bu gün Siz Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü kimi böyük həyat və idarəçilik təcrübənizi, dərin elmi biliklərinizi və müdrik məsləhətlərinizi xalqımızın, xüsusən də gənc nəslin mənəvi inkişafına yönəldirsiniz. Cəmiyyətimizdə nümunəvi ağsaqqal kimi Sizin sözünüz, mövqeyiniz və həyat yolunuz hər bir gəncimiz üçün örnəkdir.
Hörmətli Şəmsəddin müəllim!
Bu xoş fürsətdən istifadə edərək bir daha Sizi çox əlamətdar bir tarixə – Zəfər Gününə təsadüf edən 75 illik yubileyiniz münasibətilə ürəkdən təbrik edir, Sizə möhkəm cansağlığı, ailə səadəti, yeni yaradıcılıq uğurları və ömür yolunuzun bundan sonrakı illərində də böyük nailiyyətlər diləyirik!
Dərin hörmətlə,
Azərbaycan Ağsaqqallar Şurasının İdarə
Heyətinin üzvləri adından Şuranın sədri,
millət vəkili, professor Eldar QULİYEV