Xəbərlər

Saatlı Rayon Ağsaqqallar Şurasının təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində tədbir keçirilib

Saatlı Rayon Ağsaqqallar Şurasının və Yeni Azərbaycan Partiyası (YAP) Saatlı rayon təşkilatının birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində tədbir keçirilib.

Tədbirdə Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan YAP Saatlı rayon təşkilatının sədri Elşən Əzizov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti  cənab İlham Əliyev tərəfindən 2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan edilməsi Azərbaycanın hüquqi dövlət quruculuğu sahəsində və suverenliyin daha da möhkəmləndirilməsi istiqamətində atılacaq addımların davamı kimi mühüm əhəmiyyət daşıyır. Bu il müstəqil Azərbaycan Respublikasının ilk – yeni Konstitusiyasının qəbul edilməsinin 30 ili, Ermənistan ordusu üzərində qazanılan böyük  Zəfərin 5 ili tamam olur. Məhz bu baxımdan “Konstitusiya və Suverenlik İli”nin dövlətçilik tariximizin daha da dərindən öyrənilməsində xüsusi əhəmiyyəti var. Dövlət başçısı tərəfindən imzalanan sərəncam ölkəmizin keçmişi, bu günü və gələcəyi üçün xüsusi məna ifadə edərək, hüquqi dövlətçilik və suverenlik dəyərlərinin yeni qlobal çağırışlar əsasında formalaşdırılması üçün yeni imkanlar yaratmışdır.

Saatlı Rayon Ağsaqqallar Şurasının sədri Sədafər Hüseynov öz çıxışında vurğulayıb ki, 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi birliyimizin və həmrəyliyimizin ifadəsidir. Müasir Azərbaycan dövlətinin Konstitusiyası Ümummilli Lider Heydər Əliyevin şah əsərlərindən biridir. Əlbəttə ki, müstəqillik əldə edəndən sonra Azərbaycan özünün Konstitusiyasını qəbul etməli idi, bu baxımdan Ulu Öndər xalqın təkidi ilə hakimiyyətə gəldikdən və xalqımızın yüksək etimadı ilə Prezident seçildikdən sonra ilk diqqət etdiyi sahələrdən biri yeni Konstitusiyanın hazırlanması və qəbul edilməsi idi. İnanırıq ki, “Konstitusiya və Suverenlik İli” çərçivəsində həyata keçiriləcək tədbirlər cəmiyyətimizdə həmrəylik ovqatını daha da genişləndirəcək, 2025-ci il milli birlik və həmrəylik ilimizə çevriləcəkdir.  Sədafər Hüseynov, həmçinin, qeyd edib ki, Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyevin  rəhbərliyi ilə təşkilatın 2025-ci il üçün hazırlanmış İş Planına ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə əlaqədar bu istiqamətdə görüləcək işlərdə və həyata keçiriləcək tədbirlərdə Şuranın üzvlərinin  yaxından iştirakının təmin olunması ilə bağlı xüsusi bəndlər salınmışdır. Hazırda Azərbaycan Ağsaqqallar Şurasının şəhər və rayon təşkilatları Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış ilk Konstitusiyamızın qəbul edilməsinin 30-cu və Vətən müharibəsində Qələbəmizin 5-ci ildönümü ilə əlamətdar olan 2025-ci ildə – “Konstitusiya və Suverenlik İli”ndə bu mühüm tarixi proseslərin təbliği, təşviqi, xüsusilə gənc nəslə çatdırılması məqsədilə  bir çox tədbirlər, görüşlər və  müxtəlif layihələr həyata keçirirlər.

Tədbirdə Saatlı Rayon İcra Hakimiyyəti başçısı aparatının Hüquq şöbəsinin müdiri Rövşən Muradov, YAP Saatlı rayon təşkilatının sabiq sədri Lütvəli Şıxəliyev və Saatlı Rayon Ziyalılar Cəmiyyətinin sədri Lətif Şimşəkov çıxış edərək bildiriblər ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin  dediyi kimi “Azərbaycanın suverenliyi və ərazi bütövlüyü bizim üçün ən ali dəyərdir. Biz bu prinsipləri hər zaman qoruyacaq və müdafiə edəcəyik”. Bu gün müasir,  müstəqil, qalib Azərbaycanın uğurlarından, regionda və dünyada söz sahibliyindən, sözünün imzası qədər əhəmiyyətli olmasından bəhs edirik. Bu günümüzü müstəqilliyimizin bərpasının ilk illəri ilə müqayisə etdikdə Azərbaycanın uğurlarına görə kimə borclu olduğumuzu daha aydın şəkildə görür, bunu indiki və gələcək nəsillərə çatdırmağı qarşımıza əsas vəzifə kimi qoyuruq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.