Xəbərlər

Sabunçu Rayon Ağsaqqallar Şurası “Prezident İlham Əliyevin çoxşaxəli siyasəti” mövzusunda dəyirmi masa keçirib

19 may tarixində Sabunçu Rayon Ağsaqqallar Şurasının təşkilatçılığı ilə YAP-ın rayon təşkilatının inzibati binasında “Prezident İlham Əliyevin çoxşaxəli siyasəti” mövzusunda dəyirmi masa keçirilib.
Tədbirdə Azərbaycan Ağsaqqallar Şurasının Aparat rəhbəri Ramin Həsənli, Sabunçu Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Ədalət Teymurov, Sabunçu Rayon Ağsaqqallar Şurasının sədri Vəli Qaraçaylı, YAP Sabunçu rayon təşkilatının sədr müavini Zülfüqar Cəfərov, Azərbaycan Ağsaqqallar Şurasının mətbuat katibi Rafiq Rzayev, rayon ağsaqqalları, ziyalılar və Qarabağ müharibəsi qaziləri iştirak ediblər.
Əvvəlcə YAP Sabunçu rayon təşkilatının inzibati binasında Ulu Öndər Heydər Əliyevin büstü ziyarət edilib, önünə gül dəstələri qoyulub.
Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra tədbiri giriş sözü ilə açan Sabunçu Rayon Ağsaqqallar Şurasının sədri Vəli Qaraçaylı Ulu Öndərin ictimai-siyasi fəaliyyətindən, vətəndaş müharibəsi, iqtisadi, siyasi böhran astanasında olan ölkəni necə xilas etməsindən söz açıb. Dahi şəxsiyyət Heydər Əliyevin yolunu uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin səmərəli daxili və xarici siyasətindən, çoxşaxəli fəaliyyətindən söz açıb. Bu uğurlu siyasət nəticəsində Azərbaycanda hərtərəfli inkişaf prosesinin davam etdiyini vurğulayıb.
Sabunçu Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Ədalət Teymurov da öz çıxışında dövlət başçısı cənab İlham Əliyevin apardığı çoxşaxəli siyasətdən bəhs edib. Sürətlə inkişaf edən ölkəmizin iqtisadi, siyasi, sosial, maliyyə və digər sahələrdə əldə etdiyi uğurlardan, tərəqqidən geniş danışıb, 44 günlük Vətən müharibəsində ölkə rəhbərinin müzəffər Ali Baş Komandan kimi hərb, siyasi və digər meydanlarda nümayiş etdirdiyi cəsarətli, qətiyyətli mübarizəsindən söz açıb.
Azərbaycan Ağsaqqallar Şurasının Aparat rəhbəri Ramin Həsənli dəyirmi masa iştirakçılarını Şuranın sədri, millət vəkili, professor Eldar Quliyevin adından və öz adından salamlayaraq, tədbirin çox əhəmiyyətli bir mövzuya həsr olunduğunu qeyd edib. O vurğulayıb ki, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin başçılığı ilə ölkəmiz böyük inkişaf yolu keçib və bütün sahələrdə yüksək nailiyyətlər əldə edilib. Ramin müəllim öz çıxışında ölkə başçısı cənab İlham Əliyevin və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın ağsaqqallara göstərdiyi yüksək diqqət və qayğıdan da bəhs edib. Bildirib ki, hazırda Azərbaycan Ağsaqqallar Şurasının üzvləri təşkilatın sədri, millət vəkili, professor Eldar Quliyevin rəhbərliyi altında dövlətimizin və xalqımızın mənafeyi naminə öz xidmətlərini böyük ruh yüksəkliyi ilə davam etdirir və bu yolda öz səylərini əsirgəmirlər.
Tədbirdə çıxış edən YAP Sabunçu rayon təşkilatının sədr müavini Zülfüqar Cəfərov, Azərbaycan Yazıçılar Birliyinin üzvu, tanınmış ədəbi tənqidçi Əsəd Cahangir, Sabunçu rayonu Nardaran qəsəbəsinin ağsaqqalı Hacıağa Nuriyev, Sabunçu rayonu Bakıxanov qəsəbəsinin ağsaqqalı Sabir İsayev, qazilər və digərləri ölkə rəhbəri cənab İlham Əliyevə fəaliyyətində uğurlar diləyərək, hər zaman xalqın Prezidentinin, müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin yanında olduqlarını və onun həm xarici, həm də daxili siyasətini müdafiə etdiklərini bildiriblər.
Tədbirin sonunda dəyirmi masa iştirakçıları Sabunçu Rayon Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü Sabir İsayevi 85 yaşı tamam olması münasibətilə təbrik ediblər. Ramin Həsənli də təşkilatın sədri, millət vəkili, professor Eldar Quliyevin və İdarə Heyətinin üzvləri adından yubilyarı təbrik edərək ona Azərbaycan Ağsaqqallar Şurasının Fəxri fərmanını və hədiyyələr təqdim edib, Allahdan Sabir İsayevə uzun ömür, möhkəm cansağlığı, gənclərə örnək olan fədakar ömür yolunda və gələcək fəaliyyətində uğurlar arzulayıb.
Sabir İsayev onu yubiley münasibətilə təbrik edən bütün tədbir iştirakçılarına öz minnətdarlığını bildirib.
Sonda xatirə şəkli çəkdirilib.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.