Oktyabr ayının 28-də Sabunçu Rayon Ağsaqqallar Şurasının hesabat konfransı keçirilib.
Konfransda Azərbaycan Ağsaqqallar Şurası sədrinin müavini, millət vəkili, professor Eldar İbrahimov, Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev, Azərbaycan Ağsaqqallar Şurasının Aparat rəhbəri Ramin Həsənli, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının I müavini Elşən Həsənli, Şuranın baş məsləhətçi-hüquqşünası Kamal Əliyev, Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Ədalət Teymurov, Sabunçu Rayon Ağsaqqallar Şurasının sədri Vəli Qaraçaylı,  rayon ağsaqqalları və ziyalılar iştirak ediblər.
Konfrans iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər.
Tədbirdə Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin və dünyasını dəyişən ağsaqqalların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev Azərbaycan Ağsaqqallar Şurası sədrinin müavini, millət vəkili, professor Eldar İbrahimovu və konfrans iştirakçılarını salamlayaraq,  müstəqil dövlətimizin inkişafında və möhkəmlənməsində ağsaqqalların əvəzsiz xidmətindən söz açıb. Xalqımızın milli-mənəvi dəyərlərinin formalaşmasında ağsaqqal tövsiyəsinin və məsləhətinin əhəmiyyətini vurğulayaraq mənəvi dünyamızda, milli mentalitetimizdə ağsaqqal, ağbirçək sözünün, xeyir-duasının həmişə ən ali həyat məramı olduğunu bildirib. Sonra natiq şəhər və rayonlarımızın daha da inkişaf etdirilməsinə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasətə, eləcə də abadlıq-quruculuq və yenidənqurma işlərinə ağsaqqalların hər zaman töhfə verəcəklərinə əmin olduğunu diqqətə çatdırıb və konfransın işinə uğurlar arzulayıb.
Sabunçu Rayon Ağsaqqallar Şurasının sədri Vəli Qaraçaylı ötən dövr ərzində görülən işlərlə bağlı hesabat məruzəsi ilə çıxış edib. Bildirib ki, təşkilat üzvləri aktual mövzularda bir sıra yığıncaqlar, görüşlər, tədbirlər keçiriblər, gənclərlə maarifləndirici işlər aparıblar. Natiq, həmçinin, vurğulayıb ki, hesabat dövrü ərzində ağsaqqallar rayonun ictimai-siyasi və mədəni həyatında yaxından iştirak edərək əhali arasında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasətin təbliğ edilməsində, gənc nəslin vətənpərvərlik ruhunda formalaşmasında, həmçinin şəhid ailələri və qazilərlə görüşlərin keçirilməsində, onlara mənəvi dəstəyin göstərilməsində öz səylərini əsirgəməyiblər. Sabunçu Rayon Ağsaqqallar Şurasının sədri Vəli Qaraçaylı çıxışının sonunda əmin edib ki, rayon ağsaqqalları bundan sonra da öz fəaliyyətlərini aktiv şəkildə davam etdirəcəklər.
Konfransda çıxış edən Sabunçu Rayon Ağsaqqallar Şurasının sədr müavini Ağanəcəf Qədirov və başqaları rayon əhalisinin ağsaqqalların sözünə böyük önəm verdiyini vurğulayaraq, onların fəaliyyətini yüksək qiymətləndiriblər. Qeyd ediblər ki, ölkəmizin hər bir bölgəsində aktiv fəaliyyət göstərən ağsaqqallar Sabunçu rayonunda da ictimai-siyasi və mədəni tədbirlərdə yaxından iştirak və çıxışlar edir, öz fəallıqları ilə seçilirlər. Natiqlər hər zaman olduğu kimi gələcəkdə də öz fəaliyyətləri ilə möhtərəm Prezidentimiz, müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin həm xarici, həm də daxili siyasətini qətiyyətlə müdafiə edəcəklərini bildiriblər.
Azərbaycan Ağsaqqallar Şurası sədrinin müavini, millət vəkili, professor Eldar İbrahimov konfransda  çıxış edərək Şuranın sədri, millət vəkili, professor Eldar Quliyevin və İdarə Heyətinin üzvlərinin salamlarını tədbir iştirakçılarına çatdırıb. Rayon ağsaqqalları və ziyalıları ilə görüşməkdən məmnun olduğunu bildirən natiq qeyd edib ki, Sabunçu rayonunun, onun qəsəbə və kəndlərinin əhalisi daim milli-mənəvi dəyərlərimizə, dinimizə bağlılıqları və dövlətimizə sədaqətləri ilə seçiliblər. Ulu Öndər Heydər Əliyevi və onun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevi hər zaman dəstəkləyiblər. Sonra ölkəmizdəki inkişaf prosesindən danışan natiq vurğulayıb ki, Ümummilli Liderimizin arzuladığı  daha qüdrətli Azərbaycanı qurmaq naminə möhtərəm Prezidentimizin həyata keçirdiyi strateji tərəqqi xətti ölkəmizi dünyanın ən dinamik inkişaf edən dövlətlərindən birinə və Cənubi Qafqazın liderinə çevirib. Bu gün xalqımız özünün yeni inkişaf tarixinə qədəm qoyub, dövlətimizin suverenliyi tamdır, ərazilərimiz bütövdür, sərhədlərimiz isə toxunulmazdır. Azərbaycanın dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə müstəqilliyini möhkəmləndirmək və dünyada mövqeyini daha da yüksəltmək istiqamətində ölkəmiz öz gücünü daim artıracaqdır. Öz nitqində Sabunçu Rayon Ağsaqqallar Şurasının fəaliyyətini qənaətbəxş hesab edən Eldar İbrahimov ağsaqqallara daha fəal olmağı tövsiyə edərək, bu gün artmaqda olan boşanma hallarının, narkomaniya və digər zərərli vərdişlərə aludəçiliyin qarşısını almaq üçün gənclərlə maarifləndirmə işlərini artırmağı və cəmiyyətimizdəki digər çatışmazlıqlara qarşı təsirli tədbirlər, görüşlər həyata keçirməyi vacib hesab edib.  Çıxışının sonunda ağsaqqalların əsas missiyasının milli-mənəvi dəyərlərimizin qorunması, yaşadılması və gələcək nəslə ötürürülməsi olduğunu bildirən natiq bu yolda onlara uğurlar arzulayıb.
Sabunçu Rayon Ağsaqqallar Şurasının hesabat konfransı keçirilib
- 28-10-2025
- [18:17]
- []
 
						
					
				
					28				
				
					Okt				
			
						
			 
	 
	 
	 
	 
	 
	












