Xəbərlər

Sumqayıt ağsaqqalları şəhər bələdiyyəsi ilə səmərəli əmakdaşlığı davam etdirirlər

Sumqayıt şəhərində ictimai özünüidarəetmənin daha da gücləndirilməsi və bələdiyyə-vətəndaş əlaqələrinin möhkəmləndirilməsi məqsədilə növbəti mühüm addım atılıb. Belə ki, şəhərin müxtəlif ərazilərində fəaliyyət göstərən məhəllə komitələrinə yeni nümayəndələrin seçilməsi nəzərdə tutulub. Bu münasibətlə Sumqayıt Şəhər Ağsaqqallar Şurasının binasında Sumqayıt Bələdiyyəsinin təşəbbüsü ilə xüsusi görüş təşkil olunub.

Sumqayıt Şəhər Ağsaqqallar Şurasının sədri Təbrik Quliyev görüşdə çıxış edərək, ağsaqqallarla şəhər bələdiyyəsi arasındakı səmərəli əmakdaşlıqdan söz açıb, eləcə də məhəllə komitələrinin fəaliyyətində ağsaqqalların tövsiyələrinin nəzərə alınmasının əhəmiyyətini vurğulayıb. O, bu strukturun təkcə idarəetmə baxımından deyil, həm də milli-mənəvi dəyərlərin yaşadılması baxımından böyük əhəmiyyət daşıdığını bildirib.

Tədbirdə iştirak edən Sumqayıt Şəhər Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Sovet Şükürov da bələdiyyənin bu təşəbbüsünü yüksək qiymətləndirib. Bildirib ki, təşkilat olaraq hər zaman Sumqayıt Bələdiyyəsinin fəaliyyətinə dəstək göstərməyə hazırdırlar və bu  təşəbbüslər şəhərin ictimai həyatına müsbət təsir göstərir.

Görüşdə çıxış edən bələdiyyə sədri Adil Xudadatov yeni nümayəndələrin üzərinə düşən vəzifələrin önəmini vurğulayıb. O bildirib ki, hazırda Sumqayıtda 154 məhəllə komitəsi fəaliyyət göstərir və bu komitələrin hər birinə təxminən 10-a yaxın fəal üzv cəlb olunub. Bu strukturun formalaşdırılmasında əsas məqsəd vətəndaşlarla bələdiyyə arasında birbaşa, operativ və şəffaf münasibətlərin qurulmasıdır. “Bu nümayəndələr bizim gözümüz, qulağımız olacaq. Onlar yerlərdə sakinlərin problemlərini, sosial ehtiyaclarını, infrastruktur məsələlərini, eləcə də sosial rifaha dair təkliflərini toplayaraq bələdiyyəyə çatdıracaq. Beləliklə, biz problemləri daha çevik və vaxtında həll edə biləcəyik,” – deyə Adil Xudadatov bildirib.

Çıxış edən Şəhər Ağsaqqallar Şurasının digər üzvləri də bu təşəbbüsü yüksək qiymətləndiriblər. Onlar qeyd ediblər ki, məhəllə komitələrinin gücləndirilməsi şəhərin sosial-iqtisadi həyatına, ictimai nizam-intizamın qorunmasına və vətəndaş cəmiyyətinin inkişafına ciddi töhfə verəcəkdir.

Görüşdə, həmçinin,  şəhər məhəllələrində sosial, iqtisadi və ekoloji vəziyyətlə bağlı müzakirələr aparılıb. Sakinlərin kommunal xidmətlərlə təminatı, abadlıq işləri, məhəllədaxili yolların vəziyyəti, yaşıllaşdırma, ətraf mühitin qorunması və digər vacib məsələlər diqqət mərkəzində olub. Çıxış edənlər öz təkliflərini səsləndiriblər. Onlar bildiriblər ki, məhəllələrdəki bir çox problemlər vaxtında qeydiyyata alınsa da, həll edilməsi ilə bağlı müəyyən gecikmələr yaşanır. Bu baxımdan yeni seçilən nümayəndələr sakinlərlə daha sıx ünsiyyətdə olacaq, operativ geribildirim sistemi yaradacaq və bələdiyyəyə daimi məlumat verəcəklər

Beləliklə, Sumqayıt Bələdiyyəsi qarşıdakı aylarda məhəllə komitələrinin fəaliyyətini koordinasiya etmək, onların təklif və qərarlarını ümumşəhər səviyyəsində dəyərləndirmək üçün yeni formatlar tətbiq etməyi planlaşdırır. Bu çərçivədə komitələrin mütəmadi hesabat verməsi, sakinlərlə müzakirə platformalarının təşkili və rəqəmsal əlaqə vasitələrinin tətbiqi nəzərdə tutulur. Bu təşəbbüs Sumqayıtda yerli özünüidarənin daha da demokratikləşməsi və insanlara yaxınlaşdırılması istiqamətində atılmış mühüm addım kimi qiymətləndirilir. Sumqayıt Bələdiyyəsinin bu kimi müsbət təşəbbüslərini hər zaman dəstəkləyən Şəhər Ağsaqqallar Şurasınının üzvləri əmindirlər ki, bu, cəmiyyətdə sosial həmrəyliyin, ictimai fəallığın və vətəndaş iştirakı ilə idarəetmənin inkişafına mühüm töhfələr verəcəkdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.