Sumqayıt Şəhər Ağsaqqallar Şurası Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ilə əlaqədar tərtib olunan iş planına əsasən “Ulu Öndərin arzuları Qarabağda canlanır” mövzusunda tədbir keçirib.
Sumqayıt Şəhər Ağsaqqallar Şurasının inzibati binasında keçirilən tədbirdə Şuranın sədri Təbrik Quliyev və sədr müavinləri, Sumqayıt Şəhər İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdirinin müavini Fərman Kazımov, ağsaqqallar, gənclər və
digər ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Vətənimizin azadlığı uğrunda həlak olan qəhrəman şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad olunub.
Sonra giriş nitqi ilə çıxış edərək yığıncaq iştirakçılarını salamlayan Sumqayıt Şəhər Ağsaqqallar Şurasının sədri Təbrik Quliyev vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı son dərəcə düzgün siyasət nəticəsində bu gün biz xoşbəxt xalq olaraq suveren Azərbaycanda yaşayırıq. Həmçinin əlavə edib ki, xalq sevgisini qazanmaq hər rəhbərə qismət olmur. Təbrik müəllim Ata vəsiyyətini yerinə yetirən müzəffər Ali Baş Komandanımızın başçılığı ilə rəşadətli Ordumuz tərəfindən işğal altındakı torpaqlarımızın düşmən tapdağından tam azad edilməsindən də bəhs edib. Bildirib ki, hal-hazırda həmin torpaqlarda böyük sürətlə yenidənqurma, bərpa-quruculuq işləri gedir. Orada əvvəlkindən də gözəl şəhərlər və kəndlər salınır. Bu görülən işlər Qarabağda Ümummilli Liderimiz Heydər Əliyevin arzularının canlandığını bir daha sübut edir.
Daha sonra çıxış edən Sumqayıt Şəhər Ağsaqqallar Şurasının sədr müavini Əvəz Mahmudov, Sumqayıt Şəhər İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdirinin müavini Fərman Kazımov, Şəhər Ağsaqqallar Şurasının üzvləri Ağalar İdrisoğlu, Arif Qafarov və digər natiqlər də Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə igid Vətən oğullarının qəhrəmanlıqları nəticəsində doğma şəhər və kəndlərimizin işğaldan azad olunmasından, həmin ərazilərdə görülən genişmiqyaslı işlərdən bəhs ediblər. Bütün ölkə vətəndaşları kimi ağsaqqalların da ölkə başçısının ətrafında sıx birləşərək hər zaman onun uğurlu daxili və xarici siyasətini dəstəklədiklərini vurğulayıblr.