Sentyabrın 4-də Sumqayıt Şəhər Ağsaqqallar Şurasının hesabat konfransı keçirilib.
Konfransda Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, millət vəkili, professor Eldar İbrahimov, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Milli Məclisin deputatları Mehriban Vəliyeva, Səbinə Salmanova və Elnarə Akimova, Azərbaycan Ağsaqqallar Şurasının Aparat rəhbəri Ramin Həsənli, Sumqayıt Şəhər Ağsaqqallar Şurasının sədri Təbrik Quliyev, eləcə də şəhər ağsaqqalları, ziyalıları, şəhid valideynləri, qazilər, idarə və təşkilatların nümayəndələri iştirak ediblər.
Konfransda Ümummilli Lider Heydər Əliyevin, torpaqlarımızın işğaldan azad olunması uğrunda canından keçən şəhidlərimizin və ötən dövr ərzində dünyasının dəyişən ağsaqqalların xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Sumqayıt Şəhər Ağsaqqallar Şurasının sədri Təbrik Quliyev tədbir iştirakçılarını salamlayaraq hesabat məruzəsi ilə çıxış edib. Şəhər Ağsaqqallar Şurasının ötən dövr ərzində həyata keçirdiyi tədbirlərdən, qəbul edilən iş planlarından, ağsaqqalların şəhərin ictimai-siyasi və mədəni həyatında oynadığı mühüm roldan danışıb. O bildirib ki, Sumqayıt şəhərində 27 ərazi, 12 idarə və müəssisə üzrə Şəhər Ağsaqqallar Şurasının təşkilatları fəaliyyət göstərir ki, bu qurumlar, xüsusilə, gənclərin maarifləndirilməsinə böyük diqqət ayıraraq mütəmadi şəkildə ümumtəhsil məktəblərində, kollec və peşə liseylərində tədbirlər, görüşlər keçirir, gənc nəslin vətənpərvərlik ruhunda və milli-mənəvi dəyərlərə sadiq yetişməsində, dövlət siyasətinin dəstəklənməsində fəal iştirak edirlər. Şəhər ağsaqqalları şəhid ailələrinin üzvlərinə, qazilərə də hər zaman diqqət və qayğı ilə yanaşır, onlara daim dəstək olmağa çalışırlar. Təbrik Quliyev çıxışının sonunda Sumqayıt Şəhər Ağsaqqallar Şurasının üzvlərinin ölkəmizin inkişafı naminə gələcəkdə də öz bilik və bacarıqlarını əsirgəməyəcəklərini qeyd edib.
Sonra tədbirdə çıxış edən Sumqayıt Şəhər Ağsaqqallar Şurasının sədr müavini Əvəz Mahmudov, Şəhər Veteranlar Təşkilatının sədri Sovet Şükürov və digər natiqlər hesabat dövründə həyata keçirilmiş işlərdən danışaraq qarşıdakı illər üçün prioritet vəzifələr barədə fikirlərini bildiriblər. Ölkəmizdə ağsaqqallıq institutunun cəmiyyət tərəfindən hər zaman yüksək dəyərləndirildiyini qeyd edərək bildiriblər ki, tarixən xalqımızın milli-mənəvi dəyərlərinin qorunmasında, ailə və cəmiyyət institutunun möhkəmləndirilməsində, gənc nəslin tərbiyəsində ağsaqqallarımızın, eləcə də Sumqayıt şəhərinin ağsaqqallarının rolu danılmazdır və bu gün də həmin ənənə uğurla davam etdirilir.
Millət vəkili Mehriban Vəliyeva da konfransda çıxış edərək Sumqayıt Şəhər Ağsaqqallar Şurasının səmərəli fəaliyyətini, xüsusilə gənclərlə aparılan tərbiyəvi işlərin əhəmiyyətini xüsusi olaraq vurğulayıb. Qeyd edib ki, bu gün gənclərin milli-mənəvi dəyərlərə sadiq ruhda formalaşmasında ağsaqqalların dəyərli tövsiyə və nəsihətləri mühüm rol oynayır. Natiq əmin olduğunu bildirib ki, Sumqayıt Şəhər Ağsaqqallar Şurası bundan sonra da gənc nəslin maarifləndirilməsi, ictimai həyatın inkişafına töhfə verilməsi və dövlət siyasətinin dəstəklənməsi istiqamətində öz fəaliyyətini ardıcıl və məqsədyönlü şəkildə davam etdirəcək.
Azərbaycan Ağsaqqallar Şurası sədrinin müavini, millət vəkili, professor Eldar İbrahimov Şuranın sədri, millət vəkili, professor Eldar Quliyevin səmimi salamlarını tədbir iştirakçılarına çatdırdıqdan sonra milli-mənəvi dəyərlərimizin qorunmasında və təbliğində, gənclərimizin vətənpərvərlik ruhunda tərbiyə edilməsində ağsaqqallarımızın danılmaz əməyindən bəhs edib. Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin ağsaqqallara verdiyi yüksək dəyərdən, onları “milli-mənəvi dəyərlərimizin qızıl fondu” adlandırmasından söz açan natiq dövlət başçısı cənab İlham Əliyevin və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın ağsaqqallarımıza, ziyalılarımıza, həmçinin şəhid ailələrinin üzvlərinə, qazilərə yüksək diqqət və qayğı göstərdiyini vurğulayıb. Möhtərəm Prezidentimiz, müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin başçılığı ilə rəşadətli Ordumuzun azad etdiyi torpaqlarımızda gedən böyük quruculuq işlərindən, məcburi köçkünlərin öz doğma yurdlarına qayıtmasından danışıb. Ölkə başçısının uğurlu daxili və xarici siyasətini, xüsusilə son zamanlarda Vaşinqtona və Çinə olan işgüzar səfərlərini yüksək dəyərləndirib. Eldar İbrahimov, həmçinin, öz çıxışında ağsaqqalların üzərinə düşən mühüm vəzifələrə də toxunaraq gənclərin Vətənə, xalqa, dövlətə sədaqət ruhunda, zərərli təsirlərdən uzaq olan sağlam əsaslar üzərində tərbiyəsi işində ağsaqqallara daim böyük ehtiyacın olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb. Sumqayıt Şəhər Ağsaqqallar Şurasının fəaliyyətini qənaətbəxş qiymətləndirərək öz tövsiyələrini bildirib, cəmiyyətimizin, eləcə də ağsaqqalların qarşısında duran məsələlərdən danışıb. Ailə institutunun zəifləməsi, boşanmaların sayının artması, erkən bağlanan nikahlar və zərərli vərdişlərə aludəliçik barədə narahatlığını ifadə edib. Bu halların qarşısının alınmasında ağsaqqalların maarifləndirici fəaliyyətinin xüsusi rol oynadığını bildirərək, onların bu istiqamətdə həyata keçirilən işlərdə daha fəal iştirak etmələrinin əhəmiyyətini vurğulayıb. Sonda Eldar İbrahimov ağsaqqallara və bütün tədbir iştirakçılarına möhkəm cansağlığı və dəyərli fəaliyyətlərində davamlı uğurlar diləyib.
Konfransda çıxış edən Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasətdən, bütün sahələrdə nəzərəçarpan hərtərəfli inkişafdan bəhs edib. Bu uğurlu siyasətdə, inkişaf prosesində ağsaqqalların yerinə yetirdiyi missiyanın böyük əhəmiyyət daşıdığını vurğulayıb. Eləcə də natiq Sumqayıt şəhərinin ağsaqqallarının ölkəmizin ictimai-siyasi və mədəni həyatında fəal iştirakından, eyni zamanda milli və mənəvi dəyərlərimizin qorunması, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması istiqamətində həyata keçirdikləri mühüm işlərdən söz açıb. Bildirib ki, mütəmadi olaraq ağsaqqallarla görüşlər keçirilir, onların istək və təklifləri dinlənilir. Çıxışının sonunda Zakir Fərəcov Sumqayıt Şəhər Ağsaqqallar Şurasının son illərdəki təşəbbüslərini və ümumilikdə təşkilatın ötən dövr ərzindəki səmərəli fəaliyyətini yüksək qiymətləndirib və bütün ağsaqqallara gələcək işlərində uğurlar arzulayıb.
Sumqayıt Şəhər Ağsaqqallar Şurasının hesabat konfransı keçirilib
- 05-09-2025
- [09:53]
- []
05
Sen









