Xəbərlər

Suraxanı Rayon Ağsaqqallar Şurasının hesabat konfransı keçirilib

Sentyabr ayının 3-də Suraxanı Rayon Ağsaqqallar Şurasının hesabat konfransı keçirilib.
Konfransda Azərbaycan Ağsaqqallar Şurası sədrinin müavini, millət vəkili, professor Eldar İbrahimov, Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil  Əliyev, Milli Məclisin deputatları Sevinc Fətəliyeva və Qaya Məmmədov,  Azərbaycan Ağsaqqallar Şurasının Aparat rəhbəri Ramin Həsənli, Suraxanı  Rayon Ağsaqqallar Şurasının sədri Arif Babayev, eləcə də rayonun idarə və təşkilatlarının rəhbərləri,  idarə heyətinin və qəsəbə ağsaqqallar şurasının üzvləri, bələdiyyə sədrləri və digər ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər.
Konfransda Ulu Öndər Heydər Əliyevin, Vətən uğrunda canından keçən  şəhidlərimizin və ötən dövr ərzində dünyasını dəyişən ağsaqqalların xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev giriş nitqi ilə Azərbaycan Ağsaqqallar Şurası sədrinin müavini, millət vəkili, professor Eldar İbrahimovu və digər tədbir iştirakçılarını salamlayaraq, respublikamızda müasir dövlətçilik ənənələrinin milli-mənəvi dəyərlərimizə söykənərək keçdiyi tərəqqi yolundan və bu prosesdə ağsaqqalların mühüm rolundan bəhs edib. Suraxanıda həyata keçirilən işlər barədə, eləcə də sakinlərin rifah halı, şəhid ailələrinə və qazilərə göstərilən yüksək diqqət və qayğıdan ətraflı söz açıb. Adil Əliyev, həmçinin, ağsaqqalların daim rayonun ictimai-siyasi və mədəni həyatında yaxından iştirak etdiklərini bildirərək gələcək fəaliyyətlərində onlara uğurlar arzulayıb.
Sonra Suraxanı Rayon Ağsaqqallar Şurasının sədri Arif Babayevin hesabat dövrü ərzində görülən işlər və qarşıda duran vəzifələr barəsində məruzəsi dinlənilib. Rayon Ağsaqqallar Şurasının üzvlərinin aktiv fəaliyyətindən bəhs edən natiq vurğulayıb ki, ağsaqqallar rayonda keçirilən tədbir və görüşlərdə yaxından iştirak və çıxışlar etmişlər, əsasən, gənclərlə maarifləndirici söhbətlər aparmış, onların dövlətçilik və vətənpərvərlik ruhunda yetişmələri üçün məsləhət və tövsiyələrini vermiş, şəhid ailələrinin üzvlərinə və qazilərə diqqət və qayğı ilə yanaşmış, onlara daim dəstək olmağa çalışmışlar. Hazırda Suraxanı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən “Ahılların təcrübəsi – Gənclərin gələcəyi” adlı layihədə ağsaqqalların aktiv iştirak etdiyini bildirən rayon sədri qeyd edib ki, layihə çərçivəsində nəsillərarası əməkdaşlıq gücləndirilir,  gənc nəslin  sosial, peşəkar və şəxsi inkişafına dəstək olmaq məqsədilə müxtəlif sahələr üzrə böyük təcrübəyə malik ağsaqqallar öz dəyərli təcrübələrini, öyüd və nəsihətlərini gənclərlə bölüşürlər. Arif Babayev çıxışının sonunda Suraxanı Rayon Ağsaqqallar Şurasının üzvlərinin bundan sonra da ağsaqqallıq vəzifələrini uğurla davam etdirəcəklərini vurğulayıb.
Konfransda çıxış edən Rayon Ağsaqqallar Şurasının sədr müavini, Əməkdar artist Ağalar Bayramov, Qaraçuxur qəsəbəsi Ağsaqqallar Şurasının sədri Zeynal Məmmədov və təşkilatın İdarə Heyətinin üzvü, əməkdar pilot Əzimbala Əzimov rayon  ağsaqqallarının həyata keçirdikləri səmərəli işlərdən, onların hərtərəfli fəaliyyətlərindən bəhs ediblər. Rayonun ictimai-siyasi və mədəni həyatında, gənc nəslin sağlam təməllər üzərində formalaşmasında ağsaqqalların hər zaman xüsusi rol oynadıqlarını vurğulayıblar. Həmçinin ölkəmizin hər yerində olduğu kimi, Suraxanı rayonunda da ağsaqqallara ayrılan diqqət və qayğıya görə öz minnətdarlıqlarını ifadə ediblər. Suraxanı Rayon Ağsaqqallar Şurasının hesabatını qənaətbəxş qiymətləndiriblər.
Azərbaycan Ağsaqqallar Şurası sədrinin müavini, millət vəkili, professor Eldar İbrahimov öz çıxışında tədbir iştirakçılarını Şuranın sədri, millət vəkili, professor Eldar Quliyevin və öz adından salamlayıb. Müasir Azərbaycanın qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin ölkəmizin dirçəlişində, ictimai-siyasi və sosial-iqtisadi inkişafında əvəzsiz rolundan geniş söz açıb. Vurğulayıb ki, bugünkü qüdrətli və qalib Azərbaycan Ulu Öndər Heydər Əliyevin adı ilə sıx bağlıdır. Hazırda Ümummilli Liderimizin uğurlu siyasi kursunu qətiyyətlə davam etdirən Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz tarixi Zəfər qazanaraq öz suverenliyini və ərazi bütövlüyünü tam bərpa edib, dinamik inkişaf prosesi keçərək dünyanın  nüfuzlu və güclü dövlətləri sırasına yüksəlib. Eldar İbrahimov, həmçinin, ölkə başçısının Vaşinqitona  tarixi səfərindən və bu uğurlu səfərin böyük əhəmiyyətindən də söz açıb. Eləcə də möhtərəm Prezidentimiz cənab İlham Əliyevin bu il ərzində Çinə ikinci dəfə səfər etməsini yüksək dəyərləndirib, ikitərəfli münasibətlərin yalnız iqtisadi çərçivədə deyil, həm də siyasi, humanitar və mədəni aspektlərdə də gücləndiyini bildirib. Çıxışı zamanı natiq rayon ağsaqqallarının fəaliyyətini qənaətbəxş qiymətləndirərək qeyd edib ki, şəhər və rayonlarımızda, eləcə də Suraxanıda ağsaqqallar hər zaman dövlət başçımızın uğurlu daxili və xarici siyasət kursunu vətəndaşlarımız arasında geniş təbliğ etməli, cəmiyyətimizə, xüsusilə gənc nəslə alkoqolizm, narkomaniya və digər zərərli vərdişlərdən uzaq olan sağlam həyat tərzini aşılamalıdırlar. Ailə dəyərlərinin təbliğ edilməsi, boşanmaların sayının minimuma endirilməsi və erkən nikahların qarşısının alınması üçün də bir çox işlər, eləcə də maarifləndirici söhbətlər, davamlı tədbirlər həyata keçirilməlidir. Sonda Eldar İbrahimov ağsaqqallara möhkəm cansağlığı və gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Konfransda Yeni Suraxanı qəsəbəsi Ağsaqqallar Şurasının sədri Vaqif Alxasov 85 illik yubileyi münasibətilə rayonun ictimai-siyasi həyatında fəal iştirakına görə Fəxri Fərmanla təltif olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.