Aprel ayının 12-də Suraxanı Rayon Ağsaqqallar Şurasının təşkilatçılığı ilə Qaraçıxır qəsəbəsinin ağsaqqalları və ictimaiyyətin digər nümayəndələri ilə görüş keçirilib. Görüşdə ilk öncə Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirin gündəliyində 3 məsələ yer alıb: 1. Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi. 2. Şəhid ailələri və qazilərlə mütəmadi görüşlərin davam etdirilməsi. 3. Narkomaniya ilə mübarizə.
Birinci məsələ ilə bağlı Suraxanı Rayon Ağsaqqallar Şurasının sədri Arif Babayev çıxış edərək Ulu Öndər Heydər Əliyevin xalq, Vətən, dövlət qarşısındakı xidmətləri barədə ətraflı danışıb, Azərbaycan Respublikasının suveren bir dövlət kimi yaranması və onun qorunub saxlanması, beynəlxalq aləmdə tanınması və xüsusi yerə malik olmasında Ümummilli Liderin danılmaz xidmətləri haqqında geniş məlumat verib. Çıxış edən digər ağsaqqallar da böyük qürur və fəxarət hissi ilə dahi şəxsiyyət haqqında ürək sözlərini bildiriblər.
Sonra şəhid ailələri və qazilərlə mütəmadi görüşlər barədə söhbət açılıb. Qeyd edilib ki, Rayon Ağsaqqallar Şurasının üzvləri qəsəbələr üzrə həm şəhid ailələrinin, həm də qazilərimizin ünvanlarını dəqiq bilməli və mütəmadi olaraq onlarla görüşlər keçirməli, problemləri ilə yaxından maraqlanmalıdırlar. Yarana biləcək problemlər barədə aidiyyatı qurumlara məlumat verməlidirlər.
Görüşdə gündəlikdəki 3-cü məsələ – narkomaniya qarşı mübarizə ilə bağlı da geniş müzakirələr aparılıb. Qeyd edilib ki, narkomaniya gənc nəslin həm fiziki, həm də mənəvi cəhətdən sağlam ruhda inkişafına mane olan bir bəladır. Sağlam gələcək nəslin yetişdirilməsi, müstəqil dövlətimizin savadlı, vətənpərvər gənclərə həvalə və etibar edilməsi yolunda bütün ağsaqqalların fəaliyyəti, onların məsləhət və tövsiyələri böyük əhəmiyyət daşıyır. Hər bir ağsaqqal bunu öz müqqəddəs borcu hesab etməlidir.
Tədbirdə qərara alınmışdır ki, belə görüşlər mütəmadi şəkildə bütün qəsəbələrdə keçirilsin.